Rusiya KİV: Azərbaycan Moskva metrosunu “partlatdı” – VİDEO
Azərbaycan Moskva metrosunu “partlatdı” - Rusiya KİV Azərbaycanın bəzi saytlarının Moskva metropolitenində baş verən terror aktı barədə məlumatına məhz bu başlıqla reaksiya verdi.
“Moskvanın “Oktyabrskoe pole” metro stansiyasında terror aktı həyata keçirilib. Partlayış nəticəsində metro stansiya çöküb. Dağıntılar altında çoxlu sayda insan qalıb. Ölənlərin sayı haqqında məlumat yoxdur.
Hadisəyə İŞİD (Rusiyada qadağan edilmiş teror təşkilatı –red.) aidiyyatlı olmasına dair informasiya yayılıb. Bu terror aktının Putinin Suriyadakı siyasətinə qarşı etiraz olduğu deyilir”, - həmin xəbərlərdə yazılmışdı.
Məlumata görə, iki saat ərzində xəbəri 170 min adam izləyib.
Amma, daha sonra məlumat saytlardan silinib. Şahidlərin sözlərinə görə, xəbərə, foto və video əlavə olunmuşdu, kadrlarda qan izləri və metronun uçmuş stansiyası əks olunubmuş.
Öz növbəmizdə qeyd edək ki, bu gün yerli saytların bəzilərində Minsk metropoliteninin “Oktyabrskoe” stansiyasında 2011-ci ildə baş vermiş partlayış zamanı çəkilən fotolar yerləşdirilmişdi.
Əlbəttə, biz başa düşürük, bu gün hər bir sayt üçün reytinq vacibdir, amma yalan və təxribat xarakterli informasiya hesabına yox. Yalnız Azərbaycanda deyil, bütün dünyada insanlar yaşayır, onların da narahat olduqları doğmaları və dostları var.
Ona görə də belə “sensasion” xəbərləri yerləşdirməzdən əvvəl ölçüb-biçməyi, öz peşəkarlığınız ucbatından bütün Azərbaycan KİV-ni gülüş obyektinə çevirməməyi tövsiyə edirik.
Post by aznews.info.
Mənbə:> Oxu.Az