Qanında QİÇS aşkarlanan 2 nəfər evlənməkdən imtina etdi
2015-ci ilin 1 iyun tarixindən bu günə kimi nikaha daxil olmaq istəyən şəxslərdə aparılan tibbi müayinələr nəticəsində 2 nəfərdə QİÇS aşkarlandığı üçün onlar evlənməkdən imtina ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Afət Nəzərli deyib.
O qeyd edib ki, bu zaman çərçivəsində nikaha daxil olmaq istəyən 54 nəfərdə QİÇS aşkarlanıb.
“Onlardan 2 nəfəri həbsxanada olduqları zaman ailə qurublar. Onların qanında virus çıxdığı üçün qeydiyyata götürülüblər. 54 nəfərdən cəmi 9 nəfəri QİÇS-lə Mübarizə Mərkəzinə gəlməyib.
54 nəfərdən 12-si qadındır ki, bunlardan da 5 nəfəri Rusiya vətəndaşıdır. Eyni zamanda qeydiyyata götürülənlərdən 1 nəfər kişi də Rusiya vətəndaşıdır ki, burada ailə qurmağa gəlib”.
A.Nəzərlinin sözlərinə görə, nikaha daxil olmaq istəyərkən QİÇS aşkarlanan cütlüklərinin əksəriyyəti əvvəllər qeyri-rəsmi yaşayanlardır.
“Eyni zamanda onlardan 7 nəfəri müxtəlif illərdə bizim mərkəzdə qeydiyyatda olublar. Həmin cütlüklər ya uşağın məktəbə getməsi, ya hansısa sənədə görə nikaha daxil olmaq məcburiyyətində qalıblar”.
İİV aşkarlandığı üçün nikaha daxil olmaq istəyənlər qadınlar olub.
“Oğlanda İİV aşkarlandığı üçün xanım imtina edib. Digərində isə xanımda xəstəlik aşkarlandığı üçün özü ailə qurmaqdan imtina edib. Nikaha daxil olan cütlüklərdən biri hazırda hamilədir. O, qadın məsləhətxanasında qeydiyyatda durub, eyni zamanda Mərkəzdə də analiz verib. Hal-hazırda mənfi nəticədir, yoluxma olmayıb. Çünki nikaha daxil olan zaman onların nəticələri müsbət olduqda həmin şəxslərə "antiretrovirus - ARV” vurulur, müalicəyə cəlb olunurlar. Həmin şəxslər CD4 hüceyrələri və virus yükü təyin olunandan sonra terapiya nəticəsində viruas yükünün aşağı salınması qeyd olunur”.
Şöbə müdiri bildirib ki, əgər tərəflərdən birində QİÇS aşkarlanıbsa, bunun digərinə keçmə mütləqiyyəti yoxdur.
“Bizdə çoxdan qeydiyyatda olan xanımlar var ki, onlar qorunmadan da yoluxmurlar. Biz cütlüklərə başa salırıq. Yaxşı haldır ki, cütlüklərin hər ikisi və ya valideynləri ilə birlikdə Mərkəzə gəlirlər.
Əgər hamilə xanım yoluxubsa, birinci gündən bizim Mərkəzdə qeydiyyatda olursa, o da müalicəyə cəlb olunur və doğuş mütləq qeysəriyyə əməliyyatı ilə aparılır və doğuş zamanı xanıma və uşağa profilaktika məqsədilə "antiretrovirus - ARV” dərmanları verilir”.
Mənbə:> Oxu.Az