KİV Ankarada özünü partladan terrorçunun adını açıqladı
Türk KİV fevralın 17-də Ankarada 28 adamın ölümü ilə nəticələnən terror aktını törədən terroçunun adını açıqlayıb.
Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, bu, Suriya vətəndaşı, “Demokratik ittifaq” kürd partiyasının üzvü Salih Necərdir, onun hərbi qolu – “Xalq özünümüdafiə bölüyü”dür.
“Gazete Vatan” yazır ki, terror aktının törədildiyi məkana o, avtomobil ilə gəlib və partlayıcı qurğunu işə salıb. Terrorçunun kimliyinin müəyyənləşməsinə tapılan cəsədin qalıqları yardım edib. Terrorçunun barmaq izləri polis bölməsində olan izlər ilə eynidir.
Bununla yanaşı istintaq terrorçunun maşınında onunla bərabər əlbirinin olmasını da istisna etmir. Terrorçunun hərəkət etdiyi “Grand Cherokee” avtomobili daha öncə Türkiyənin İzmir şəhərində oğurlanıb.
Xatırladaq ki, partlayış fevral ayının 17-də yerli vaxtla təxminən 18:30-da (Bakı vaxtı ilə 20.30) baş verib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 28 nəfər ölüb, 61 nəfər isə müxtəlif xəsarətlər alıb.
Mənbə:> Oxu.Az