Azərbaycan qadınlarının İKT Klubu – FEMMES DIGITALES» 2016-cı ildə ilk iclasını keçirib
«Azərbaycan qadınlarının İKT Klubu – FEMMES DIGITALES» fevralın 12-də cari il üçün ilk iclasını keçirib. Ənənəyə əsasən, klubun hər iclası təşkilatın bir üzvü tərəfindən təşkil edilir.
AzNews.info xəbər verir ki, klubun bu dəfəki iclasını 2016-cı ildə Bakıda keçiriləcək “Formula-1” yarışmasının təşkilatçısı “Baku Grand Prix” şirkətinin mətbuat katibi və marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai “Baku Grand Prix” şirkətinin ofisində qəbul edib.
Yığıncaqda klubun təsisçisi, «B.EST Solutions» şirkətinin rəhbəri Yana Krimpe klubun üzvləri ilə cari ilin birinci yarımilliyi üzrə nəzərdə tutulmuş planlarla bölüşüb.
«Klub Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ümumtəhsil məktəblərində 9-11-ci siniflərdə təhsil alan qızlarla görüşlərin keçirilməsi və onların İKT peşələri üzrə təhsillərini davam etdirməsi, bu sahədə karyera qurmağa cəlb edilməsi ilə bağlı danışıqlar aparır. Ilkin mərhələdə görüşlərin Bakıda keçirilməsi planlaşdırılsa da, yaxın gələcəkdə bu cür görüşləri reqionlarda, ucqar kəndlərdə keçirmək və bu görüşlərə ali təhsil ocaqlarının tələbələrini də cəlb etmək istərdik. Eyni zamanda, biz həmçinin İKT sahəsində işləyən və təhsil alan xanımlar haqda məlumat toplamaq məqsədi ilə araşdırma aparmaq niyyətindəyik ki, bu da bizə İKT sahəsində qadınların iştirakı üzrə dəqiq statistika aparmağa, qızlar arasında bu sahənin peşələri ilə bağlı mövcud olan stereotipləri və qorxuları aradan qaldırmağa imkan verəcək. Bizim məqsədimiz, Azərbaycanın İKT sektorunda uğurlu fəaliyyət göstərən xanımları və qızları örnək göstərərək bu sahənin nə dərəcədə maraqlı, əhatəli və tələbatlı bir fəaliyyət istiqaməti olduğunu nümayiş etməkdir”, - deyə Y.Krimpe bildirib.
Daha sonra klubun həmtəsisçisi və «Microsoft» şirkətinin Azərbaycanda, Gürcüstanda və Belarusda marketinq meneceri Səbinə Pərvizi iclas iştirakçılarına qızlar üçün proqram əlavələrinin yazılması üzrə treninqərin keçirilməsini nəzərdə tutan «Texnovation» layihəsi haqda məlumat verdi. Klubun üzvləri Azərbaycanın bu layihədə gələn ildən iştirak etməsi haqda qərar qəbul etdilər və bu istiqamətdə bu ildən etibarən hazırlıq işlərinə başlamaq niyyətində olduqlarını bildirdilər.
İclasda, eyni zamanda, cari ilin aprel ayında ADA Universitetində keçiriləcək «İKT-də Qızlar Günü» və «İKT Həftəsi» tədbirlərinin təşkilatı məsələləri, həmçinin aidiyyatı dövlət qurumlarının bu sahədə əməkdaşlığa cəlb edilməsi üzrə planlar müzakirə edildi.
Yığıncaqda 2016-cı il üzrə nəzərdə tutulmuş bir sıra tədbirlər müzakirə edildi və klubun 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş növbəti görüşünün tarixi müəyyən edildi. Qərara alındı ki, növbəti yığıncaq martın 11-də klubun üzvü, “Cybernet” şirkətinin rəhbərinin məsləhətçisi Şəhla Məmmədovanın təşkilatçılığı ilə baş tutacaq. Həmçinin, 8 Mart münasibətilə martın 12-də təntənəli tədbirin və Azərbaycanda ilk dəfə olaraq İKT sahəsində fəaliyyət göstərən qadınlar və qızlar arasında boulinq üzrə yarışmanın təşkil edilməsinə dair razılıq əldə edildi.
Daha sonra, ənənəvi olaraq, klubun üzvlərini qonaq qəbul edən “Baku Grand Prix” şirkətinn təqdimatı keçirildi. Şirkətin nümayəndəsi Nigar Arpadarai klubun üzvərinə Bakıda keçiriləcək “Formula-1” yarışlarına hazırlıq işləri və yarışma zamanı istifadə ediləcək innovativ texnologiyalar barədə məlumat verdi.
Sonda “FEMMES DIGITALES” klubunun üzvərinin Bakıda keçiriləcək “Formula-1” yarışlarının təşkilatçısı “Baku Grand Prix” şirkətinin bolidi ilə fotosessiyası keçirildi.
Mənbə:> AzNews.info