Bakıda keçiriləcək “Formula-1” yarışının akkreditasiya qaydaları açıqlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Avto, Media

Bakıda keçiriləcək “Formula-1” yarışının akkreditasiya qaydaları açıqlanıb

Bakıda keçiriləcək “Formula-1” yarışının akkreditasiya qaydaları açıqlanıb


Bakı Şəhər Halqası (BŞH) yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün Formula-1 Avropa “Grand Prix”-inin akkreditasiya qaydalarına həsr olunmuş seminar keçirib.

AzNews.info-nun verdiyi xəbərə görə, tədbirdə “Formula-1”-in akkreditasiya prosesi haqda ətraflı məlumat verilib. Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 1-31 mart tarixləri arasında onlayn qaydada, BŞH-in rəsmi internet saytında - bakucitycircuit.com vasitəsilə həyata keçiriləcək.

Seminarda iştirakçılara akkreditasiya qaydaları izah edilib. Bildirilib ki, müraciət edən KİV çap mətbuatdırsa, ictimai satışda olmalıdır:

“Eyni zamanda, müraciət edən gündəlik və həftəlik KİV-lərin tirajına baxılacaq. Qapalı dövriyyədə olan əlavə mətbuat orqanlarına bir qayda olaraq akkreditasiya verilmir. Lakin tiraj və oxunma reytinqi yüksək olan qəzet və jurnallar istisna təşkil edir. Hər hansı reklam agentliyi, sponsor, ictimai xadim, kommersiya nümayəndəsi heç bir halda media olaraq akkreditasiyadan keçə bilməz. Daimi akkreditasiya yalnız Formula-1 mövsümünün bütün yarışlarını, yarış hesabatı da daxil olmaqla mütəmadi işıqlandıran jurnalistlər üçün nəzərdə tutulub. Hər hansı bir mətbuat orqanı üçün bir qayda olaraq 1 nəfər jurnalist və 1 nəfər fotoqraf akkreditasiya oluna bilər”.

Seminarda internet saytlar üçün də akkreditasiya tələbləri açıqlanıb: “Müraciət edən KİV peşəkar səviyyəli vebsayt olmalıdır. Müraciət edən şəxs saytın idman jurnalisti olmalıdır. KİV idman və ya F1 dünya çempionatına aid xüsusi bölməsi olan ümumi xəbər saytı olmalıdır. Eyni zamanda, saytın gündəlik ziyarətçi sayı göstərilməlidir. Akkreditasiya üçün müraciət edən jurnalistlər, vebsaytlar əsasən, həmin yarışla bağlı silsilə məqalələr və həftədə 5 dəfə olaraq yazılar çap etməlidir”.

Qeyd olunub ki, televiziya, radio və kommersiya tipli foto agentliklərin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən verilən ənənəvi media akkreditasiya növü hesab olunmur: “Televiziya, radio və kommersiya məqsədli fotoqraflar F1-in kommersiya hüquqlarına nəzarət edən qurum kimi Formula One Management şirkətinə (FOM) birbaşa müraciət etməlidir”.

Seminarda o da bildirilib ki, onlayn müraciət forması ilə yanaşı, tələb olunan 4 sənəd skan olunaraq elektron şəkildə təqdim edilməlidir: “Bunlar rəsmi blank kağızında tərtib olunmuş və yalnız baş redaktor tərəfindən imzalanmış müraciət məktubudur ki, bu məktubda qurumun baş redaktoru jurnalistin hər hansı formada FİA akkreditasiyasına müraciət etməyəcəyinə və yarışla bağlı məqalələrin dərcinə dair öhdəlik götürür.

Bundan başqa, jurnalist-fotoqraf vəsiqəsi, ağ fonda pasport ölçülü (3x4) peşəkar fotoşəkil və akkreditasiya müraciət gününədək nəşr olunmuş və ya onlayn məqalənin scan və ya screenshot forması təqdim edilməlidir. Jurnalistin akkreditasiya müraciətinə müsbət cavab verildiyi halda onun e-mail ünvanına təsdiq cavabı ilə yanaşı müqavilə forması göndəriləcək. Bu müqavilə forması çap olunub imzalanaraq, akkreditasiya kartını təhvil alarkən akkreditasiya mərkəzinə təqdim edilməlidir. Çap olunmuş təsdiq e-mail və imzalanmış müqavilə təqdim olunmadığı halda akkreditasiya təqdim olunmayacaq”.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *