Bakı Avropa Oyunlarına medianın akkreditasiyası başa çatdı
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinə bu yayın ən mötəbər tədbirini işıqlandırmağa maraq göstərən yerli və xarici mediadan müsbət rəylər daxil olub.
Oxu.Az xəbər verir ki, cari ayın əvvəlində akkreditasiya prosesi başa çatdı və 1 300-dən çox mətbuat nümayəndəsi (yayım şirkətləri istisna olmaqla) tədbiri işıqlandırmaq üçün müraciət ediblər.
Bu müraciətlər növbəti həftələrdə nəzərdən keçiriləcək.
Azərbaycanda ilk dəfə olaraq bir tədbir üçün bu qədər çox sayda müraciət daxil olub.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bununla bağlı açıqlamasında bildirib: “Rəylər olduqca sevindiricidir və bu, Birinci Avropa Oyunlarının dünya idmanının son 50 illik tarixinə düşən ən maraqlı və ən vacib tədbirlərdən biri olacağını sübut edir.
“Akreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin yaratdığı qaydalarına əsasən, Olimpiya xartiyasına uyğun olaraq, Avropa Olimpiya Komitəsi tərəfindən idarə olunacaq.
“Eyni zamanda, bütün akreditasiyaların Azərbaycana viza rolunu oynayacağını və açılış mərasimindən 30 gün əvvəldən başlayaraq, bağlanış mərasimindən 60 gün sonraya qədər qüvvədə olacağını təsdiq edirəm. Bu gənc və dinamik ölkəni nümayiş etdirəcək möhtəşəm tədbirə qatılmaq üçün akreditasiyadan keçmiş media üzvləri, Avropa Oyunları ailəsi və Oyunlara gələn hər bir kəs Azərbaycanda ən dəyərli qonaq hesab olunacaqlar.”
Mənbə:> Oxu.Az