Siqaret üstündə qətlə görə 17 il cəza – FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt ş. sakini Məzahir Məmmədovun (1980-ci il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il sentyabrın 19-da 18-ci mikrorayon ərazisində təxminən axşam saat 24 radələrində əvvəllər məhkum olunan Məzahir Məmmədov şəhər sakini Maqsud Həşimova bıçaq xəsarəti yetirib, nəticədə sonuncu intensiv qanitirmədən Mərkəzi şəhər xəstəxanasında vəfat edib.
Həmin gecə şübhəli şəxs Sumqayıt ş. polis idarəsi 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqla müəyyən edilib ki, hadisə baş verən gecə Məzahir Məmmədov tanışı ilə kafedə oturub, yeyib-içib. Oradan çıxandan sonra o, küçə ilə gedərkən qarşıdan gələn naməlum iki nəfərlə rastlaşıb və onlardan siqaret istəyib.
Cavab olaraq onlardan biri siqareti olmadığını deyib, bunu eşidən Məzahir iradla ona “niyə yoxdur?” sualını verib. Həmin şəxs ona “bunun şəxsi işi olduğunu, ona dəxli olmadığını” bildirəndə, sərxoş vəziyyətdə olan Məmmədov onu köynəyinin yaxasından tutub və sifətinə yumruq atıb.
Dava-dalaş zamanı Maqsud Həşimov ona əl və ayaqla zərbələr vurub, yanında olan dostu Həsən İsayev onları ayırmağa çalışıb.
Zərbədən müvazinətini itirib yerə yıxılan Məzahir şalvarının cibində gəzdirdiyi qatlanan bıçağı çıxarıb və Həşimovun döş qəfəsinə zərbə endirib, sonra isə hadisə yerindən qaçmağa başlayıb.
Səhərə yaxın onu polis əməkdaşları saxlayaraq, bölməyə gətiriblər. Dindirilərkən Məmmədov əməliyyatçılara danışıb ki, gecə küçədə naməlum şəxsi bıçaqlayıb, orada ona məlum olub ki, yaraladığı adam xəstəxanada dünyasını dəyişib.
Məhkəmə prosesində Məzahir Məmmədov ittiham üzrə özünü təqsirli hesab edib.
O bildirib ki, cinayəti sərxoş vəziyyətdə törədib və əməlindən səmimi peşmandır.
Zərərçəkmişin hüquqi varisi Sevil Həşimova ifadəsində göstərib ki, Maqsud onun oğlu olub. O, təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə M.Məmmədov cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Mənbə:> Oxu.Az