“Tanrı insanları yaratdı və onlara sevməyi öyrətdi .“ – FOTO
Daimi yazarlarımızdan olan Nərmin Şamilbəyli bu dəfə AzNews.info oxucularına Litvada Milad və evlilik adətləri haqqında yazıb:
Müntəzəm olaraq səfər etdiyim ölkələrdən biri də Litva Respublikasıdır. Müxtəlif bayramlar ərəfəsində və fəsillərdə bu ölkəni ziyarət edib, fərqli mədəniyyətlər, təamlar, təbiəti və adətləriylə tanış olmuşdum. Bu dəfə isə Milad bayramında tipik litvali ailəsinin qonağı oldum. Tipik deyəndə mən, həmin xalqın keçmişdən bu günə kimi qismən də olsa qoruyub saxlaya bildiyi ən-ənələriylə yaşayan və özündə həmçinin müasir komponentləri də əks etdirən bir kəsivə ya anlamı nəzərdə tuturam.
Bildiyim qədər dünyanın əksər ölkələrində Milad bayramı keçirilsə də, Litva da daxil olmaqla məhz 4 ölkədə bu günlər xüsusi və fərqli keçirilir. O üzdən də fürsətdən istifadə edib həm ilk dəfə , həm də özəl olaraq bu bayramı məhz Litvada keçirtdim və prosesdə bilavasitə iştirak etdim. Qismən mənə Novruz bayramını xatırlatdı. Necə ki, bizdə bölgələrdə bu tip bayramlar daha özəl və maraqlı keçirilir, eynilə də burada. Onu da qeyd edim ki, qonaq olduğumuz bölgə Litvanın Radvilişkas rayonu, bayramı birgə keçirtdiyimiz ailə isə əsl katolik ailəsi idi.
Ailə başçısı Kazimiras Augulis Radvilişkas rayonunun vitse meri, ixtisasca isə pedaqoq, yəni keçmiş coğrafiya müəllimidir. Amma danışmağı xanımlar daha yaxşı bacardığı üçün və litvalıların adətlərinə çox yaxından bələd olan evin xanımı Teresa Augulina ilə həmsöhbət olduq. Qeyd edim ki, Teresa da ixtisasca pedaqoq, ibtidai sinif müəlliməsidir. Boş vaxtlarında müxtəlif toxuma və əl işləriylə də məşğul olur. Ailənin kollektiv şəkildə üstünlük verdiyi və mənim də xoşlanaraq diqqətimi çəkən məqamlardan biritəsərrüfat işlərinə aludə olmalarıdır. Göbələk yığımı ən sevimli məşğuliyyətlərdən biridir və bu sahədə bölgə üzrə 1-cilərdən biri də sayılırlar.
Milad bayramı ərəfəsində isə canlı olaraq bayram süfrəsində bir çox şeyi müşahidə etdik, öyrəndik,ətraflı isə yenə də Teresa Augulinadan soruşduq:
Litva ailəsi digər Avropa ailələrindən hansı özəlliyi ilə fərqlənir və ya seçilir?
- Bir halda ki, Milad bayramına yığışmışıq, gəlin elə burdan da başlayaq. Qeyd edə bilərəm ki, Milad litvalıların adəti bayramlarından biridir. Bu ərəfədə övladlar valideynlərə qonaq gedir, nənə-babalar, yaxınlar, qohum və doğmalar toplaşır, Milad xristianlığın mənəvi bayramı hesab olunur. Çünki əksər adətlər məhz bu gündə yerinə yetirilir.
Yeni il və Milad bayramı. Litva ailəsində hansı özəlliyi və ənənələri ilə seçilir?
- Əsas hazırlıqlardan biri təmizlik işləri, Şam ağacının bəzədilməsi, müxtəlif təamların hazırlanmasıdır. 24 dekabr günü isə stolda artıq adətə uyğun olaraq 12 cür təam düzülür. Bu onunla bağlıdır ki, İsa Məsihin 12 şagirdi olub. Yeməklərin sayı 12-dən çox ola bilər, az olmamalıdır. Süfrə arxasında əyləşən hər bir kəs azacıq da olsa mütləq bu təamlardan dadmalıdır. Süfrədə “Kaledayce” adlanan un məmulatı var. Bu yalnız katolik kilsəsində satılır. Simvolik olaraq İsa Məsihin cismi hesab olunur. Yeməyə başlayan zaman ailənin böyüyü və ya ağsaqqal-ağbirçəyindən başlayaraq hər bir kəs bir ədəd “İsa Məsihin Cismi”ndən götürüb yeni ildə özünə və yaxınlarına nə arzu etdiyini söyləyir və müxtəlif parçalara bölərək digərlərinə də paylayır. Onu da qeyd edim ki, ilk Milad axşamı musiqisiz, sakitlikdə keçirilir, daha çox dualar, alqışlarla yadda qalır. Nahardan sonra isə ailə və yaşlılar katolik kilsəsinə gedir və yaxınları, xəstələr, kimsəsizlər üçün dua edirlər.
Yəni bu gün arzu və dualar günü, bir sözlə müqəddəs gündür?
- Bu günlərdə hamı birgə “Banya”ya ( hamam-sauna ) gedir, bu o deməkdir ki, köhnə və mənfi enerjilərdən təmizlənib yeni həyata təmiz halda qədəm qoyursan və pak bir halda süfrə arxasına əyləşirsən. Çünki İsa Məsih doğularkən də bir çox yeniliklər başlamışdır. Süfrədə mütləq rəmzi olaraq içində saman olan zənbil olmalıdır. Çünki deyilənlərə görə İsa Məsih bu samanlıqda dünyaya gəlmişdir. Bayramın digər bir günü ev sahibi bu otları ev heyvanlarına ya yem şəklində, ya da ki, yuvalarına səpələyir ki, onlar da rahat və xoşbəxt olsunlar, bir sözlə hər bir kəs bu bayramdan razı qalsın və məsud olsun.
( Qeyd etməliyəm ki, süfrə arxasında əyləşdiyimiz zaman daha maraqlı bir adəti icra etdik: Ailə başçısı Kazimiras Augulis süfrənin altında da samanlıqlar olduğunu dedi. Xahiş etdi ki, baxmadan elimizi süfrənin altına salaq və öz samanımızı çıxardaq. Kiminki daha uzun olarsa,bu o deməkdir ki, təzə ili daha sağlam və bərəkət içində yaşayacaq. Mən də əlimi uzadıb ən qısa samanı üzə çıxartdım. Xeyirlisi Allahdan! )
Sadaladıqlarımız və müşahidə etdiyimiz adətlər hər bir litva ailəsində icra olunur, ya?
- Deyə bilmərəm...Mənim ailəm və qohumlarım, yaxınlarımın hamısı bu qaydalara riayət edirik. Sadəcə nəzərə alaq ki, Litva özü 4 böyük regiondan, hissədən ibarətdir. Hər birinin seçilən,özünəməxsus olan adətləri də var.
Biz daha çox 24 dekabr Miladın ilk günündən bəhs etdik. Bəs 25 dekabr, yəni bayramın 2-ci günü hansı özəlliyi ilə yadda qalır?
- Bu gün artıq şənlik, əyləncə günüdür. 25 dekabrda İsa Məsih artıq doğulmuşdur və onun yanına 3 kral müxtəlif hədiyyələrlə gəlmişdir. O səbəbdən də bu bayramda hər kəs bir-birlərinə müxtəlif hədiyyələr verir, əylənirlər. Çox sevilən və yadda qalan bir bayramdır. Hamını sevindirir.
Bir az da tipik litva ailəsindən bəhs edək: toy, tanışlıq, evlilik adətləri. Təbii ki, müasir gənclər bir çox qaydalara bu gün riayət etmirlər. Bəs bir zamanlar litva ailələri necə qurulurdu, tanışlıq necə baş tuturdu və hansı adətlər mövcuddu?
- Necə illər öncə bu beləydi: Əgər gənc oğlan hər hansı bir qızla ailə qurmaq istəyirdisə, ilk olaraq onun valideynlərinin yanına gəlir, tanış olur və qızlarını istəməliydi. Valideynlər razılıq verdikləri halda toya hazırlıqlar başlayırdı. Gənc qız bacısı və ya anası ilə birgə öz gəlinliyini hazırlayır, oğlan isə bu haqdə hələ nə bilmir, nə də ki, görmürdü. O da öz növbəsində nişan üzüyü almalı və qıza hədiyyə etməliydi. Amma toy hər zaman qız evində keçirilirdi və qız evi tərəfindən hazırlıqlar görülürdü. Oğlan tərəfi isə hazırlaşır və toya gəlir, beləliklə də toy baş tuturdu. Qeyd edim ki, gəlinin başında mütləq ağ nəsə olmalıdır. Bu fata da ola bilər, şlyapa da, şərf də, zövqə uyğun olaraq. Amma əsas bir element, litvanın milli çiçəyi sayılan “Rüta”-dan hazırlanmış tac-çələng mütləq olmalıydı. Bu o deməkdir ki, gəlin bakirədir, təmizdir və saflıq rəmzi olan gülü “ Rüta”nı başında gəzdirə bilər. Yox, əgər 2-ci və ya 3-cü dəfələrdə ailə quran bir xanımdırsa, artıq gəlin nə ağ libasda olur, nə də ki başında bu çiçək olur.
Burada belə bir sual yaranır: deməli litva ailəsində də ilk dəfə ailə quran xanım bakirə olmalıdır?
- Bəli, amma buna illər öncə riayət olunurdu. Lakin Qaraçılara məxsus bir çox prosedurlar, məsələn, bakirəliyi sübut etdiren elementlər, mərasimlər bizdə olmayib. ( Söhbətin bu yerində həmkarıma etiraf etməyə çəkindim ki, bu qayda və mərasimlər yalnız qaraçılara məxsus deyil, bizdə də var ) İndisə gənclər seçib sevir, gorüşür, birgə yaşayırlar... Sonra ailə qururlar.
Həmsöhbətimiz Teresa xanımın başı qonaqlara və bayrama qarışdığı üçün onu çox yormadıq, müsahibəsi və bayram süfrəsi üçün ona, qonaqpərvərliyi üçün isə ailəsinə minnətdarlığımızı bildirdik.
Adət və mədəniyyətlər fəqli olsa da, hamımızı birləşdirən cəhət təkdir: “ Tanrı insanları yaratdı və onlara sevməyi öyrətdi .“
Mənbə:> AzNews.info