Bruneydə Milad bayramını qeyd edənləri həbsə atacaqlar
Bruneydə katolik Milad bayramını qeyd etmək böyük məbləğdə cərimə və hətta həbs ilə nəticələnə bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Asiyanın cənubi-şərqində yerləşən müsəlman sultanlığının hakimiyyəti “Milad problemi” ilə ilk dəfə bir il bundan öncə qarşılaşıb.
O zaman dini işlər üzrə nazirlik yerli tacirlərə mağaza vitrinlərindən xristian bayramını xatırladan bütün dekorasiyaların yığışdırılmasına dair müraciət etmişdi.
Artıq Milad bayramından sonra dekabrın 27-də nazirlik faktiki olaraq Bruney-Darussalam dövləti ərazisində bayramın qeyd edilməsini qadağan edən rəsmi bəyanatla çıxış edib.
“Müsəlmanlar ehtiyatlı olmalıdırlar. İslam ilə əlaqəsi olmayan bayramları qeyd etmək olmaz, belə ki, bu, müsəlman etiqadına xələl gətirə bilər”, - dini işlər üzrə nazirliyin bəyanatında deyilir.
Nazirlikdə həmçinin, tövsiyələrə riayət etməyənləri nəyin gözlədiyi də izah edilir.
“Məsələn, əgər müsəlman uşaqları, yeniyetmələri və ya böyüklər başlarına Santa Klaus papağı qoyurlarsa bu, Şəriət Cinayət məcəlləsinin 207(1) bəndinin pozulması deməkdir”, - hakimiyyət xəbərdarlıq edir.
Bu qəbildən olan qanun pozuntuları Bruneydə 20 min dollar cərimə və ya beş ilə qədər həbs cəzası ilə cəzalandırılır.
Dini işlər üzrə nazirlikdə qeyd edilib ki, Bruneydə yaşayan xristianlar Milad bayramını yalnız öz icmaları daxilində qeyd edə bilərlər.
Bayramın istənilən halda xarici təzahürü “müsəlmanlar arasında dini təbliğat” kimi qiymətləndiriləcək, bu isə sultanlıq ərazisində cinayət hesab edilir.
Mənbə:> Oxu.Az