Prezident təqaüdü alan əlillərin sayı açıqlandı
Azərbaycanda əlillik təyinatlarına ciddi nəzarətin həyata keçirilməsinin müsbət nəticələri kimi, respublikada ilkin əlilliyin dinamikası azalmaqla, əlilliyi olan şəxslər arasında reabilitasiya səviyyəsi artmağa başlayıb.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
Nazir qeyd edib ki, 2014-cü ildə ilkin və təkrar əlillik təyin olunanların sayı 2013-cü ilə nisbətən 11,6 min nəfərdən çox, cari ilin 10 ayında isə ötən ilin müvafiq dövrünə nisbətən 6372 nəfər azalıb:
“İlkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayında da azalma özünü göstərir və bu azalma cari ilin 9 ayında 35% təşkil edib.
Biz əlilliyi olan şəxslərin dəfələrlə əlillik müayinələrinə cəlb olunmaları ilə bağlı onlarda yaranan narazılıqları aradan qaldırmaqla bərabər, ən başlıcası, təkrar əlillik müayinələri zamanı əyintilərə şərait yaradan məmur-vətəndaş təmaslarının sayını dəfələrlə azaltmış oluruq. Əgər il ərzində təkrar əlillik müayinələrindən 275-280 min nəfər keçirdisə, bu rəqəm artıq 35-40 min nəfərə qədər azalacaq”.
S.Müslümov bildirib ki, hazırda nazirlik tərəfindən aylıq sosial müavinət, əmək pensiyası və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların 35%-dən çoxu məhz əlilliyi olan şəxslərdir:
“Bununla yanaşı, nazirliyin tabeliyindəki bərpa-müalicə müəssisələrində hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilir. Həmin insanların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri yüksələn xətlə davam etdirilir.
Cari ildə ötən illə müqayisədə 65%-ə yaxın çox, yəni 265 nəfər bu təbəqələrdən olan şəxs xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Bu təbəqədən olan şəxslərin protez-ortopedik xidmətlə təminatında mühüm işlər aparılır və təkcə bu ilin 11 ayında Nazirlik tərəfindən onlara ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,1% çox, yəni 31 923 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib”.
S.Müslümov onu da bildirib ki, indiyədək ölkəmizdə dövlət tərəfindən 5750 nəfər yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə avtomobil verilib ki, onların 33,6%, yəni 1933 nəfəri keçən il və cari ilin ötən dövründə “Naz-LİFAN” markalı avtomobillə təmin olunublar.
Mənbə:> Oxu.Az