Səlim Müslümovun hesabatı və vədi » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

Səlim Müslümovun hesabatı və vədi

Səlim Müslümovun hesabatı və vədi

“Azərbaycan prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti bir tərəfdən ölkənin zəngin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılmasına və Azərbaycanın gəlirlərinin sürətlə artmasına, digər tərəfdən isə bu gəlirlərin səmərəli idarə edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üzrə ardıcıl islahatların həyata keçirilməsinə, qısa müddətdə ölkə vətəndaşlarının rifah səviyyəsinin əsaslı surətdə yüksəlməsinə gətirib çıxarıb.

Cari ilin ilk 6 ayı ərzində sosial öhdəliklər vaxtında və tam yerinə yetirilib, işsizliyin və yoxsulluğun azaldılması, əlillərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, əhalinin real gəlirlərinin və sosial ödənişlərin artırılması üçün bir sıra tədbirlər həyata keçirilib”.

Bunu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir deyib ki, ötən 6 ay ərzində respublika üzrə orta hesabla 112 min ailənin 490 min üzvünə, yəni, ölkə əhalisinin 5 faizinə ünvanlı dövlət sosial yardımı verilib ki, bu da əvvəlki ilə nisbətən 20 faiz azdır. Hesabat dövründə 414 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 54 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib.

İlin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib.

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması proqramı çərçivəsində iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib, hazırda isə İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası və 52 rayonda 375 fərdi evin inşası, eləcə də 165 mənzilin alınması işləri davam etdirilir. Bakı şəhərində gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir. Əlilliyi olan şəxslərə il ərzində ümumilikdə 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcəkdir.

Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası da cari ilin birinci yarısında diqqət mərkəzində olub. Belə ki, əlilliyi olan şəxslərdən 165 nəfəri Türkiyə Respublikasında bərpa müalicəsinə, 786 nəfəri isə ölkə ərazisindəki istirahət mərkəzlərinə göndərilib. Hazırda ölkəmizin müxtəlif regionlarında 18 qeyri-hökumət təşkilatı tərəfindən 1500 nəfər ehtiyacı olan uşağı əhatə edən 29 sosial xidmət layihəsi icra olunur.

Əlilliyi olan şəxslər üçün cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılmasında idman tədbirlərinin xüsusi rolu vardır.

S.Müslümov qeyd edib ki, ölkəmizdə ən yüksək standartlar səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan birinci Avropa Oyunlarında Azərbaycan yığmasının tarixi nailiyyətləri, xüsusilə paralimpiyaçılarımızın qızıl, gümüş və bürünc medallar qazanmaları paralimpiya hərəkatına və əlilliyi olan şəxslərin sosial müdafiəsinə cənab Prezidentin güclü dəstəyinin sübutudur: “Oyunların açılış mərasimində məşəlin Olimpiya Stadionuna paralimpiyaçı İlham Zəkiyev tərəfindən gətirilməsi, ona qızıl medalı təqdim edərkən Sizin fəxri kürsüyə qalxmanız və eləcə də yarışlar zamanı əlil arabasında olan jurnalistə yaxınlaşıb foto çəkdirməyiniz təkcə Azərbaycana deyil, bütün dünyaya bu insanların eyni ilə bizim birimiz olduğu mesajı idi və biz qürur duyuruq ki, bunu məhz Azərbaycan Prezidenti etdi. Bu mesaj əlillərin cəmiyyətə inteqrasiyası üçün əvəzsiz əhəmiyyət kəsb edir. Eyni zamanda, paralimpiyaçıların çıxışlarını Oyunların proqramına daxil etdiyi üçün birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.

Oyunlar zamanı nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 18 nəfər gənc, həmçinin əlilliyi olan şəxslərin internet televiziyasının kollektivi könüllü kimi iştirak edib, uğurlu fəaliyyətlərinə görə müvafiq sertifikatlar alıblar”.

Nazir bildirib ki, ölkəmizdə sosial xidmət sisteminin mövcud standartlara uyğun yenidən qurulması və bu sahədə ciddi islahatların aparılması vacib məsələlərdən biridir: “Hazırda nazirliyin yerli orqanları tərəfindən əlilliyi olan şəxslərə həm stasionar, həm də səyyar sosial xidmətlər göstərilir. Belə ki, 9 sosial xidmət müəssisəsində ümumilikdə 1182 nəfər tam dövlət təminatında olmaqla stasionar sosial xidmətlə əhatə edilib və son 6 ay ərzində onlardan 32 nəfəri ailələrinə qayıdıb. 12853 nəfərə isə nazirliyin 1277 nəfər sosial işçisi tərəfindən səyyar qaydada, yəni, evlərində sosial-məişət xidməti göstərilib. Fikrimizcə, səyyar sosial xidmət göstərilməsi sosial sifariş kimi özəl sektora verilməli, sosial müdafiə mərkəzləri sifarişçi kimi monitorinq funksiyasını həyata keçirməli, sosial işçi ştatları isə ləğv edilməlidir. Cənab Prezident, razılığınız olacağı təqdirdə, yaxın vaxtlarda bu islahatları özündə əks etdirən hüquqi-normativ aktlara dəyişiklikləri Sizin diqqətinizə təqdim edə bilərik.

Cari ilin birinci yarısında tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması üzrə görülən tədbirlər nəticəsində ilkin əlillik təyin edilmiş şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3 min nəfər azalıb.

Aparılan təhlillər göstərir ki, reabilitasiya səviyyəsinin aşağı olduğu bir şəraitdə əlilliyi olan şəxslərin dəfələrlə - I qrup üzrə 3, II qrup üzrə 11, III qrup üzrə ortalama 30-35 dəfə təkrar əlillik üçün müraciət etmələri həm bu kateqoriyadan olan vətəndaşlarımız arasında narazılıq doğurur, həm də məmur-vətəndaş təmaslarını artırmaqla mənfi halların yaranması riskini yüksəldir. Bunları nəzərə alaraq, cənab Prezident, Sizin təyinat üçün müraciətlərin dövrülük müddətinin artırılması və sayının azaldılması barədə tapşırığınıza uyğun olaraq təkrar müayinələrin I qrup üçün tamamilə ləğv edilməsi, digər qruplar üçün 5 ildə bir dəfə olmaqla II qrup üzrə sayının 3-ə, III qrup üzrə isə 4-ə endirilməsi barədə təkliflər hazırlanaraq diqqətinizə təqdim olunub. Bu institusional islahat tədbiri nəticəsində bir il ərzində müayinədən keçirilənlərin sayı 280 min nəfərdən 35-40 min nəfərə qədər azalacaqdır ki, bu da ilkin təyinat prosesinin avtomatlaşdırılmasına imkan yaradacaqdır.

Cari ilin birinci yarısında 3 min 600 nəfər əlilliyi olan şəxsə 16,4 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, 908 ədəd əlil arabası və 216 ədəd eşitmə aparatı verilib.

Möhtərəm cənab Prezident, son 12 il ərzində Sizin reallaşdırdığınız müasir infrastrukturun qurulması, iqtisadiyyatın şaxələndirilməsi və sürətlə yeni iş yerlərinin açılması siyasəti nəticəsində Azərbaycanda işsizlik səviyyəsi MDB məkanında ən aşağı səviyyəyə - 5 faizə endiyi halda, bir çox Avropa ölkələrində bu göstərici yüksəlməkdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən, 2015-ci ilin may ayında işsizlik səviyyəsi Avropa İttifaqında 9,6 faiz olub. Bununla belə, son 6 ay ərzində ölkəmizdə aktiv məşğulluq tədbirləri davam etdirilib. Bu müddətdə məşğulluq xidməti orqanlarına müraciət edən 27,7 min nəfərdən 13,7 min nəfəri münasib işlə təmin olunub. Eyni zamanda, 2120 nəfərə işsiz statusu verilib, 2320 nəfərə işsizlik müavinəti təyin edilib, 1800 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. “Əmək Birjaları” tərəfindən 1480 nəfər, respublikanın 11 şəhər və rayonunda təşkil olunan əmək yarmarkalarında isə 650 nəfər işlə təmin edilib”.

S.Müslümov qeyd edib ki, bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir: “Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda, Avropa İttifaqında bu, 20,6 faizdir. Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib. Bununla belə, gənclərin məşğulluğunun artırılması üzrə xüsusi layihələrin hazırlanması, eləcə də onlara əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının yaradılması üçün aktiv məşğulluq tədbirlərinin artırılması zəruridir. Bunu nəzərə alaraq, möhtərəm cənab Prezident, ölkəmizdə ayrıca işsizlik sığortası sisteminin qurulmasına olan ehtiyacı diqqətinizə məruzə edir və bu barədə müvafiq tapşırıqlar verməyinizi xahiş edirəm.

MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qurulmuş əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə imkan yaradıb. 2015-ci ilin 1 iyul tarixinə həmin sistemə 55 min işəgötürən tərəfindən 1 milyon 262 min aktiv işçi üzrə 2 milyon 360 min əmək müqaviləsi bildirişi daxil edilib.

Sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və müvafiq təkliflər hazırlamağa imkan verir. Belə ki, iqtisadi fəallığın və investisiya qoyuluşlarının azalması ilə bağlı əksər ölkələrdə baş verən iş yerlərinin böyük həcmli ixtisarı Azərbaycanda müşahidə olunmur və ölkəmizin əmək bazarı xaricilər üçün cəlbedici olaraq qalır. Cari ilin 6 ayı ərzində nazirliyə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidmətindən 9357 müraciət daxil olub ki, bu da ötən ilin ilk 6 ayına nisbətən 11,8 faiz çoxdur. Təəssüf ki, bu müraciətlərin yalnız 7 faizə yaxını yüksək ixtisaslı mütəxəssislərə aid olub. Cənab Prezident, Sizin 2014-cü il 24 dekabr tarixli Fərmanınıza uyğun olaraq yüksək ixtisaslı mütəxəssislərin Azərbaycanın əmək bazarına cəlb edilməsi üçün patentləşdirmə sisteminin formalaşdırılması, ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının isə sərtləşdirilməsi barədə təkliflər hazırlanıb və yaxın vaxtlarda diqqətinizə təqdim olunacaqdır.

Cari ilin 6 ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 1 milyon 93 min dəfə istifadə olunub ki, bu da ölkə üzrə ən yüksək göstəricilərdən biridir.

Möhtərəm cənab Prezident, Sizin nazirliyin fəaliyyətinin bütün istiqamətləri, xüsusilə də ünvanlı sosial yardımların və əlilliyin təyinatında mövcud olan mənfi halların təcili aradan qaldırılması və şəffaflığın təmin olunması barədə tapşırıqlarınızın icrası sürətlə təmin edilir.

Hazırda nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri yekunlaşdırılıb. Bu sistemin tətbiqi ölkə vətəndaşlarına ailə üzvlərindən birinə verilən notarial və vəkalətnamədən başqa hər hansı sənəd toplamadan və yerli orqanlara getmədən istənilən internet bağlantısı olan nöqtədən ünvanlı sosial yardım üçün nazirliyə elektron müraciət etmək və 15 gün ərzində mobil telefonuna göndəriləcək sms vasitəsilə təyinat barədə məlumat almaq imkanı yaradacaqdır. Sistemin qurulmasını Ədliyyə Nazirliyində vəkalətnamələrin avtomatlaşdırılmış qeydiyyatı bazasının mövcudluğu son dərəcə asanlaşdırıb və bu dəstəyə görə Ədliyyə Nazirliyinə, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürümüzü bildirir və ümid edirik ki, digər dövlət orqanları da öz informasiya resurslarını bu məqsədlərdən ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istifadəsi üçün açacaqlar. Çünki vətəndaşların müraciətlərindəki məlumatlar yalnız həmin informasiyalar əsasında dəqiq yoxlanıla bilər. Dünya Bankının mütəxəssislərinin fikrincə, belə bir sistemin qurulması bütün ölkələr üçün örnək ola bilər”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *