Nazir oğlanların say artımından narahatdır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, bu gün nazir Səlim Müslümovun iştirakı ilə ölkədə həyat səviyyəsinin təhlili və aktual hesablamalar, habelə Türkiyənin sədrlik etdiyi G20 iştirakçı-ölkələrinin məşğulluq üzrə İşçi Qrupu çərçivəsində keçirilən toplantılarda iştirakın təmin olunması sahəsində görülən işlərin hesabatı dinlənilib.
Səlim Müslümov bildirib ki, 2010-cü ildə Azərbaycanda məşğulluq səviyyəsi 61,2 faiz olmaqla Rusiyadakı 57,9 faiz, Türkiyədəki 43 faiz, Avropa Birliyinin üzvü olan Bolqarıstandakı 59,7 faiz, Latviyadakı 59,3 faiz və s. ölkələrdəki müvafiq göstəriciləri üstələyib. Hazırda işsizlik səviyyəsi 4,9 faiz olmaqla Avropa məkanındakı 11,5, Avropa Birliyindəki 10 faizlik göstəricidən aşağıdır.
Demoqrafik göstəricilər əsasında aparılan təhlillər isə göstərir ki, əhalinin sayının 2005-2015-ci ilə olan dövrdə 1 milyon 145 min 600 nəfər artdığını göstərir. Verilmiş statistik məlumatlar əsasında aparılmış proqnoza əsasən 2025-ci ildə doğulanların sayının 205300 nəfərə (təbii artım 1,34 faiz sabit qalmaqla) çatacağı, əhalinin sayının 10 milyon 970 min 300 nəfər təşkil edəcəyi gözlənilir.
Nazir S.Müslümov bununla belə doğulan uşaqların sayında gender disbalansının mövcud olduğunu, 2014-cü ildə ölkəmizdə doğulanların 53,6 faizini oğlanların, 46,4 faizini qız uşaqları təşkil etdiyini, bu disbalansın da orta perspektivdə əmək bazarına və sosial sferaya təsirinin araşdırılaraq qiymətləndirildiyini və müvafiq təkliflər hazırlandığını diqqətə çatdırıb.
Mənbə:> Virtualaz.org