İlham Əliyev fərman verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

İlham Əliyev fərman verdi

İlham Əliyev fərman verdi


Azərbaycan Prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Dövlət başçısı vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıb ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılsın.

VEMTAS-ın fəaliyyətinin təşkil olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə beş ay müddətində vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə elektron formada müraciət etmək imkanını yaratmaq məqsədilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etmək; ünvanlı dövlət sosial yardımın alınması üçün istər kağız üzərindən, istərsə də elektron formada olunan müraciətlərin “bir pəncərə” prinsipi ilə qəbulunun həyata keçirilməsini və həmin müraciətlər üzrə tələb olunan arayış və məlumatların müvafiq dövlət qurumlarından elektron formada nazirlik tərəfindən əldə olunmasını təmin etmək üçün zəruri tədbirlər görmək; ünvanlı dövlət sosial yardımın təyinatı məqsədləri üçün ailələrin maddi-məişət şəraitinin müayinəsinin müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə aparılmasını və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin etmək; ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə xidməti nəqliyyat və ya müvafiq kompensasiya verilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üç ay müddətində ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciətin edilməsi üçün zəruri texniki imkanlara malik infoköşklərin alınmasını, ölkədə fəaliyyət göstərən bütün poçt şöbələrində quraşdırılmasını və “Elektron hökumət” portalına qoşulmasını, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həmin infoköşklərin xüsusi proqramla təchiz olunmasını təmin etməli; ünvanlı dövlət sosial yardımı üçün elektron formada müraciət edən şəxsləri ödənişsiz olaraq yalnız bu elektron xidmət növü üçün istifadə oluna bilən elektron imza ilə təmin etməli; ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı vasitəsilə müvafiq dövlət qurumlarının informasiya resurslarına çıxışını təmin etməlidir.

Nazirlər Kabinetinə üç ay müddətində ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərini və ehtiyatlarını müəyyən edib onları "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına əlavə etmək; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarını beş ay müddətində yenidən hazırlayıb təsdiq etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dövlət orqanları özlərinin “Elektron hökumət” portalına qoşulan informasiya sistemlərində və ehtiyatlarında bu fərmana uyğun ünvanlı dövlət sosial yardımı üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarının yerləşdirilməsini təmin edəcəklər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *