Nazirlik: 9 aya 87 min yeni iş yeri açılıb
Son 12 ildə Azərbaycanda 1,4 milyonadək, cari ilin 9 ayında 87 min iş yeri açılıb, əmək bazarında sabitliyə və işsizlik səviyyəsinin 4,9%-ə enməsinə nail olunub.
Oxu.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, bu barədə nazir müavini Mətin Kərimli cari ilin 9 ayı ərzində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclasında çıxışı zamanı bildirib.
Bundan başqa, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov bildirib ki, cari ilin 9 ayı ərzində Xidmət tərəfindən ümumilikdə 22 470 nəfər işaxtaran və işsiz vətəndaş münasib işlərlə təmin olunub.
“Bu ilin ötən dövründə Xidmət tərəfindən bölgələrdə keçirilən 54 Əmək yarmarkasında 4119 nəfər işsiz və işaxtaran vətəndaşa boş (vakant) iş yerlərinə göndərişlər verilib ki, onlardan 3641 nəfəri (88,4%) göndərişlər üzrə münasib iş yerləri ilə təmin olunublar. Bununla yanaşı, qeyd olunan dövrdə 2878 nəfərə işsiz statusu verilib, 3142 nəfərə isə işsizlik müavinəti təyin edilib” - deyə, İ.Həsənov çıxışı zamanı qeyd edib.
Mənbə:> Oxu.Az