İşsiz məzunların nəzərinə!
Aprelin 30-da tələbə və məzunlarların əmək bazarına inteqrasiya olunması üçün Azərbaycan Texniki Universitetində aktiv məşğulluq tədbiri keçiriləcək.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Nazirliyin məlumatına görə, tədbir yuxarı kurslarda təhsil alan tələbələr və əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumatların yaradılmasına xidmət edir.
Tədbir zamanı tələbə və məzunlar əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə edəcək və istəklərinə uyğun olaraq onlara həmin vakansiyalar üzrə göndərişlər veriləcək.
Həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanacaqlar. İl ərzində ölkənin digər ali təhsil müəssisələrində də belə tədbirlərin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, ötən il ərzində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki, Abşeron və Lənkəran rayonlarındakı ali təhsil müəssisələrində 10 aktiv məşğulluq tədbiri keçirilib. Həmin tədbirlər nəticəsində 185 nəfər gənc münasib işlə təmin edilib.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli