Qriqorçuk: "Qarabağ” favoritdi, ancaq..."
“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk Azərbaycanın ən yaxşı baş məşqçisi seçilməsi ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib. APA-nın məlumatına görə, Odessa televiziyalarından birinə qonaq olan mütəxəssis bunu sürpriz olaraq dəyərləndirib.
Qalib olduğunu tədbirdə öyrəndiyini deyən ukraynalı məşqçi bundan məmnun olduğunu, ancaq əsas hədəflərinin şəxsi mükafatlar olmadığını bildirib: “Bu mükafat üçün çox şadam. Ancaq əsas diqqətin buna yönəldilməsi təbii ki, yaxşı olmaz. Mən məmnuniyyətlə istənilən şəxsi mükafatı “Qəbələ” üçün turnir cədvəlində 10 xala dəyişərəm”.
Qriqorçuk çempionatdakı əsas hədəflərindən də bəhs edib: “İndi bizim əsas hədəfimiz “Qarabağ”la birincilik üçün mübarizə aparmaq və ölkə kubokunu qazanmaqdı. Əlbəttə, “Qarabağ” favoritdi, ancaq biz onlarla mübarizə apara biləcək və hər hədəf uğrunda savaşacaq bir komanda yaratmaq üçün çalışırıq”.
Mənbə:> APA