Seymur Baycanın tükənməsi – FOTO
Zaur Qurbanlı Seymur Baycanın “Adsız itin qayıdışı” hekayələr kitabı haqqında fikirlərini bölüşüb. AzNews.info müəllifin fikirlərini olduğu kimi təqdim edir:
Seymur Baycanın “Adsız itin qayıdışı” hekayələr kitabını oxudum. Baxmayaraq ki, üstünə “-12” yazılmışdı. Oxuduqca gördüm ki, kitab heç də uşaqlar üçün deyil. Sadəcə müəllif zəifliyinə bəhanə qazandırmaq üçünmü, ya nə isə başqa bir şey üçünmü kitabın üstünə “-12” yazıb. Bu başqa şeyin nə olmasını isə kitabda bir hekayədə gördüyümü sanıram.
Orda Seymur Baycan oxucularına “mənim balaca oxucularım” deyə müraciət edir. Müəllifi tanıyanlar, oxuyanlar bilirlər ki, Seymurun ən çox xoşladığı əsərlərdən biri də “Qulliverin səyahəti”dir. Orda insanların fiziki ölçülərinin əslində şəxsiyyətlərinin ölçüsü olması, bəzən isə bununla ziddiyyətə girməsi səhnələrini Seymur, xüsusən, həvəslə, sevə-sevə danışır. Mən “Adsız itin qayıdışı”nda “mənim balaca oxucularım” xitabını görən kimi, yadıma kitabın üz qabığındakı “-12” qeydi düşdü. Təəssüfləndim. Müəllif sırf oxucularına “mənim balaca oxucularım” demək üçün bu yola əl atmışdı. Mən belə qənaətə gəldim və kitabı oxuduqca bu qənaət məndə möhkəmləndi.
Kitabdakı hekayələr bir neçəsi istisna olmaqla, vahid mətndir. Onları hekayə adlandırmaq da olmur. Adam sadəcə başına gələnləri yazıb. Və bunlardan özü hansısa mənaları çıxarıb. Lakin bu, o demək deyil ki, hər kəs o hadisələrdən məna çıxaracaq. Məsələn, mən bəzən ya mövzuya “fransız qaldım”, ya da mövzu elə-belə yazılmışdı (bunu 12 yaşdan kiçik adamın başa düşəcəyi isə absurddur. Həm də buna görə hədəf kütlənin uşaqlar olmaması anlaşılır).
Ümumiyyətlə, bu kitabda Seymurun ədəbi cəhətdən tükəndiyi aşkar görünür. Sevinərəm ki, bu zənnimdə yanılım. Amma kitabda Seymur ədəbi hesab oluna biləcək hər şeyini yazıb kimi görünür. Xatirələri, uşaqlığı, gəncliyi, ailəsi haqda sadəcə informativ təsvir... Hadisələr süjetə oturmur çox vaxt. Sadəcə köşə yazısı kimi ard-arda təsvir, tənqid gedir. Hərdən bir yerdə mətn kəsilir ki, növbəti hissəyə başqa ad qoyulsun. Adları götürüb mətnləri asanlıqla birləşdirmək olar. Bəzən bədiiləşdirməyə, ədəbi üsula cəhd isə uğursuz alınıb. Şəkildə görə bilərsiniz, ard-arda “elə bil” sözünü işlədib bənzətmə yaratmaq cəhdi həvəskar bloqçu təsiri yaradır.
Hətta bir yerdə hadisələrin nəinki süjetini müəyyən edə bilmir, heç adını da qoya bilmir. Yazır ki, “müxtəlif vaxtlarda mənə təsir edən hadisələr”. Və bu qismdə məqsədsiz olaraq, başına gələn, bəzən əhəmiyyətsiz hadisələri sıralayır. Hətta bu hissədə tükənmə elə səviyyəyə çatır ki, xoşuna gələn cümlələri ayrı-ayrı, rabitəsiz şəkildə yazır. Təxminən nəsihətlər kimi. Cümlələrin təxminən 10%-də nə isə ibrətamiz bir şey tuta bildim, qalanları oxunulan kimi dərhal yaddan çıxan facebook statuslarıdır.
Hekayələrdən fiksiya (uydurma) olan bir-ikisi uğurlu alınıb məncə. Məsələn, şifahi danışıqlarda çeynənilmiş mövzu olan mentalitet robotu mövzusunu hekayəyə çevirməsi, şahın təlxəkləri barədə hekayə uğurludur (və ya uğurlu ola bilər). Amma sırf səmimi olsun deyə, öz həyatının maraqlı və maraqsız hissələrini informativ olaraq, ard-arda calaması ilə yazdığı uzun, yorucu mətn heç cür uğur mesajı vermir.
Seymur ən çox sevdiyi yazıçılardan biri Serqey Dovlatov kimi yazmaq istəyir. Amma Dovlatov adi həyat hadisələrini elə nəql edir ki, hekayə, roman alınır, fiksiya effekti verir. O, bunu bacarır. Seymur onu təqlid edir, amma çox uğursuz. Seymurun həyatı elə keçib ki, bu material Dovlatovun əlində olsa idi, ondan şedevrlər yaradardı. Seymur isə sadəcə “Xəbərlər” proqramının stenoqramı kimi kitab yaza bildi bundan.
Seymur güclü publisistdir. Azərbaycanın publisistik nəsrində gəlmiş-keçmiş ən güclü qələmlərdəndir bəlkə də. Amma bədii sahədə yazıçı olaraq, nəinki zəifdir, məncə sadəcə həvəskardır.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir...
Mənbə:> AzNews.info