Seymur Baycanın "Tikdirənlər və sökdürənlər"i plagiat çıxdı
Seymur Baycanın bu günlərdə yazdığı və sosial mediada geniş "əks-səda doğurmuş" “Tikdirənlər və sökdürənlər” adlı 18+ yazdığı hekayəsini oxudum. Hekayənin "Daldan olaq", "yox qabaqdan olaq", "Tikdirərsən", "yox oğlanlar bicləşib anlayırlar" kimi yerlərini qoyaq bir tərəfə. Ölkə.Az xəbər verir ki, hekayənin ən maraqlı yeri əvvəli, yəni tanışlıq səhnəsidir.
...Qızlar voleybol oynayır, top şahmat taxtasının üstünə düşür, beləcə tanışlıq yaranır.
Bunu yazmaqda məqsədim nədir?
Demək, Seymur Baycanın “Tikdirənlər və sökdürənlər” adlı "18+"luq yazdığı hekayəni oxuyanda bir anlıq elə bildim ki, Salam Qədirzadənin "Kəndimizdə bir gözəl var" adlı povestini oxuyuram. Bir anlıq xatirimdə canlanan səhnə mənə bu təsvirin başqa bir yerdə, həm də eyni ilə olduğunu dedi sanki... Bu o demək deyil ki, Seymur Baycan Salam Qədirzadə kimi yazır, yox sadəcə hekayənin girişi, tanışlıq səhnəsi eynən Salam Qədirzadənin "Kəndimizdə bir gözəl var" adlı povestində olduğu kimidir.
Dəyişən bir şey var, yalnız adlar və təsvir üslubu, hətta yazının elə yerləri var ki, tam olaraq eynidir. Mən demirəm yazı plagiatdır, yox, oxuyun özünüz qərar verin.
Bu Seymur Baycanın “Tikdirənlər və sökdürənlər”inin girişi:
Dəhşət isti avqust günlərindən biri idi. İsti adamı minirdi. Paloçka bir dəstə qızla çimərliyə getmişdi. Əlbəttə ki, çimərlikdə adam əlindən tərpənmək olmurdu. Qızlar çimib, sərinlədikdən sonra sahildə çığır-bağırla voleybol oynayırdılar. Onlara yaxın yerdə şahmat taxtası arxasında üz-üzə iki oğlan oturmuşdu. Qızların səs-küyünü sanki heç eşitmirdilər. Hərə özlüyündə dərin fikrə dalmışdı. Bu vaxt Paloçkanın vurduğu top gəlib zərblə şahmat taxtasının düz ortasına dəydi. Adam istəsə heç belə dəqiq zərbə vura bilməz. Fiqurlar, vəzirlər, şahlar, atlar, toplar, fillər piyadalar qumun üstünə səpələndi. Oğlanlar başlarını qaldırıb qəzəbli təəccüblə yan-yörəyə baxdılar. Əgər bu zərbəni oğlan vurmuş olsaydı yəqin ki, dava düşəcəkdi. Paloçka qorxaq addımlarla yavaş-yavaş oğlanlara yaxınlaşaraq günahkarcasına üzr istədi:
- Bağışlayın... bilmədim.
- Əgər zərbəni vuran doğurdan da sizsinizsə eybi yoxdur, - oğlanlardan sağlam görünəni ayağa qalxaraq qərəzsiz, şən səslə cavab verdi. Elə şən səslə cavab verdi ki, qızın vurduğu topun şahmat taxtasının düz ortasına dəyməsindən sevinməyi açıq-aşkar hiss olundu. Təcrübəli Paloçka özü də oğlanın sevinməyini hiss etdi.
Oğlan “Siz mənim dostumu biabırçılıqdan qurtardınız, yoxsa mat olacaqdı” - dedi və suya diyirlənən topu götürüb ehtiramla Paloçkaya uzatdı.
- Buyurun.
- Təşəkkür edirəm.
-İndi ki, siz bizim oyunumuzu pozdunuz, onda icazə verin biz də sizinlə voleybol oynayaq.
- İcazə veririk. Məmnuniyyətlə.
- Gedək Nicat! Voleybol da şahmat deyil ki, oynamağı bacarmayasan.
Oğlan bayaqdan ağzını ayırıb bu dialoqa heyrətlə qulaq asan yoldaşının nazik boynundan yapışıb (keçmişdə belə nazik boyunları armud saplağına bənzədirdilər), onu asanlıqla yuxarı qaldırdı. Nicatın boynu bərk şaqqıldadı. Belə nazik boyunu bərk dartmaq çox təhlükəli idi. Boyun bədəndən qopa bilərdi. Nicatın boynunun şaqqıltısını Paloçka da eşitdi. Qız özünü nə qədər boğmağa çalışsa da, gülüşünü saxlaya bilmədi. Pıqqıldadı. Üstəlik bir könüldən min könülə oğlana vuruldu. Paloçka eyni zamanda həm mədəni, həm də kobud olmağı bacaran oğlan axtarırdı. Nəhayət ki, belə bir oğlana rast gəlmişdi. Deməli, qismətində varmış.
Həmin gün Paloçka qara eynək taxmışdı. Gün yandırmasın deyə üzünə krem yaxmışdı. Uzun saçlarını çalma kimi başına dolayıb, düyünləmişdi. İlk dəfə rast gəldiyi bu oğlanın qəzəblənmək əvəzinə belə alicənablıq göstərməsi, sonra dostunun nazik boynundan yapışıb kobudluqla yuxarıya dartması Paloçkanın çox xoşuna gəlmişdi. Başqası olsaydı, möhkəm hirslənərdi, topu götürüb təpiklə qırağa vurardı, hələ üstəlik bir-iki söyüş də söyərdi. Bəlkə də bıçaq çıxarıb topu bıçaqlayardı.
Qızların dəstəsinə çatıncaya qədər Paloçka danışmadı. Ancaq bir neçə dəfə çevrilib mənalı baxışlarını oğlanın üzündə, bədənində gəzdirdi. Oğlanın sifətindəki sivilizasiya əlamətləri, bədənindəki əzələlər, mədəniliklə kobudluğun sintezi qızın qəlbini təlatümə gətirdi. Paloçka düşündü: - Deməli, ilk baxışdan məhəbbət söhbəti yalan deyilmiş. Paloçka ilk baxışdan məhəbbət söhbətinə heç vaxt inanmırdı. Bu söhbətləri nağıl hesab edirdi. Onun düşüncəsinə görə bir insanın başqa bir insana ilk baxışdan vurulması mümkün deyildi. Bir insanın başqa insana vurulması üçün onların xeyli söhbət etməsi bir-birlərini tanımaları lazım idi. Həyatın nə qəribə işləri varmış. İndi Paloçka ilk baxışdan vurulmuşdu. Heç vaxt inanmadığı, nağıl hesab etdiyi ilk baxışdan vurulma söhbətinə inanmağa məcbur olmuşdu.
Oğlanlar qızlara qarışaraq voleybol oynamağa başladılar. Oğlan tez-tez zərbələr endirir, arabir dostuna müraciətlə “Nicat, qoyma” qışqıraraq oyunu qızışdırırdı. Hamıdan zəif Paloçka oynayırdı. Çünki onun fikri dağınıq idi. Nəzərlərini adını təzəliklə öyrəndiyi oğlandan yayındıra bilmirdi. Top yadından çıxırdı. Yeri gəlmişkən, oğlanın adı Kərəm idi. Paloçkanın uzun saçları açılıb dağılmışdı. Neçə dəfə yerə yıxıldığından tərli bədəni quma batmışdı. Uzun və dağınıq saçlar, quma batmış tərli bədən ona çox yaraşırdı. O, həyatında heç vaxt belə seksual görünməmişdi. Paloçka yamanca susamışdı. Dili-dodağı qurumuşdu. Lakin o, susamağının hayında deyildi. Kərəmlə voleybol oynamağı ürəyinin yanğısını söndürəcək sərin sudan daha çox istəyirdi. Kərəm ona göndərilən topu vurmadı. Topu tutub Paloçkaya yaxınlaşdı".
Bu isə Salam Qədirzadənin "Kəndimizdə bir gözəl var" povestinin girişi:
Fəridin yaxşı yadındadır; Onda hələ nişanlanmamiışdı. İsti avqust günləri idi. Bir dəstə qızla Pirşağı çimərliyi getmişdi. Plyajda adam əlindən tərpənmək olmurdu.
Rəfiqələr çimib, sərinləndikdən sonra sahildə çıgır-bağırla voleybol oynayırdılar. Onlara yaxın yerdə şahmat taxtası arxasında üz-üzə iki oğlan oturmuşdu. Ətrafın səs-küyünü sanki, heç eşitmirdilər. Hərə özlüyündə dərin fikrə dalmışdı.
Bu vaxt Fəridənin vurduğu top gəlib zərblə şahmat taxtasına dəydi və fiqurları qumun üstünə səpələdi. Oğlanlar, yəqin ki, ciddi vəziyyət almış oyunlarını pozana acıqlanmaq məqsədi ilə cəld geri qanrılıb təəccüblə yan-yörəyə baxdılar. Fəridə qorxaq addımlarla yavaş-yavaş onlara yaxınlaşaraq günahkarcasına üzr istədi:
- Bağışlayin.. Məndən oldu.. Bilmədim..
- Əgər sizsinizsə, eybi yoxdur. - Oğlanlardan nisbətən cüssəli görünən ayağa qalxaraq qərəzsiz, şən səslə cavab verdi.- Siz mənim dostumu əziyyətdən qurtardınız. Yoxsa, mütləq "mat" qalacaqdı, - dedi və suya diyirlənən topu götürüb ehtiyatla Fəridəyə uzatdı. - Buyurun.
- Təşəkkür edirəm...
- İndi ki belə oldu, onda bizi də özünüzlə oyuna buraxın.
Fəridə qısıldı:
- Məmnuniyyətlə.
- Gedək, Sərdar! - deyə oğlan yoldaşının boynundan yapışıb, onu özünə sari çəkərək dikəltdi. - Voleybol da şahmat deyil ki, bacarmayasan.
Fəridə qara eynəkdə idi. Gün yandırmamaq ücün burnunun üstünə kağız parçası yapışdırçışdı. Uzun hörüklərini çalma kimi başına dolayıb düyünləmişdi. İlk dəfə rastlaşdığı bu oglanın qeyzlənmək əvəzinə belə alicənablıq göstərməsi Fəridənin xoşuna gəldi. Cox güman, başqası olsaydı, möhkəm hirslənərdi, topu götürüb təpiklə qırağa vurardı: hələ üstəlik bir-iki söz də deyərdi.
Qızların dəstəsinə çatıncaya qədər Fəridə danışmadı. Ancaq bircə yol çevrilib həsrət dolu baxışlarını yanındakı cüssəli gəncin üzündə gəzdirdi..."
Salam Qədirzadədən fərqli olaraq Seymurun Paloçkası və Kərəmi otelə yollanır, "daldan", "qabaqdan" olmağı müzakirə etməyə... İndi bilmədik Seymur Baycan bu hekayəni yazmaqla Salam Qədirzadəyə "daldan" zərbə endirmək istəyirdi, ya "qabaqdan"...
Mənbə:> Olke.az - Səxavət Məmməd