“Boeing-737”lər təhlükəlidir
Beynəlxalq Aviasiya Komitəsi (BAK) Kazanda baş verən təyyarə qəzasından sonra Rusiya aviasiyasına məxsus “Boeing-737” təyyarələrinin istismarı üçün sertifikatını geri çəkməklə bağlı verdiyi qərara aydınlıq gətirib.
BAK qeyd edib ki, 2013-cü ildə "Boeing” qəzaya uğrayandan sonra onlar Rusiya aviasiyası qarşısında bu tipli təyyarələrin yenidən qurulmasının vacibliyi barədə dəfələrlə məsələ qaldırıblar, ancaq “Boeing-737” istifadəsinin məhdudlaşdırılması ilə bağlı hər hansı nəticənin şahidi olmayıblar.
"Buna görə 20 milyon sərnişin əhəmiyyətli risk altında qalır" - deyə Beynəlxalq Aviasiya Komitəsinin saytında bildirilir.
BAK bu tip təyyarələrin istismarına sertifikat vermədiyi halda Rusiya aviaşirkətləri “Boeing-737”-də uçuşlara davam edirlər.
Hazırda Rusiya aviaşirkətləri “Boeing-737”-nin müxtəlif modifikasiyalı 135 təyyarəsindən istifadə edir. Bu laynerlər o cümlədən “Aeroflot”, "YUTair” və "S7" aviakompaniyalarında geniş yayılıb.
“Boeing-737”-ni istismar edən iri şirkətlərdən biri də bir həftə öncə uçuşlarına verilən sertifikatın geri alındığı “Transaero”dur. Bu qərar “Transaero”nu müflis edib, onun sərnişinlərini “Aeroflot” daşımağa başlayıb.
Beynəlxalq Aviasiya Komitəsinin rəhbəri Tatyana Anodina “Transaero”nun şəriki Aleksandr Pleşakovun anasıdır.
Mənbə:> Virtualaz.org