Niderland TŞ: Boeing təyyarəsini “Buk” vurub
Niderlandın Təhlükəsizlik Şurasının (OVV) Ukraynada Boeing-in qəzasına dair araşdırma komissiyasının sədri Tyib Yostra Malayziya təyyarəsinin “Buk” zenit-raket kompleksi tərəfindən vurulduğunu bəyan edib.
Oxu.Az bu barədə gazeta.ru-ya istinadən xəbər verir.
İstintaq təyyarənin daxilində partlayış, atışma və laynerə “hava-hava” raketinin dəyməsi səbəbindən yaranan qəza ssenarilərini istisna edib.
Bildirilir ki, zərbə təyyarənin ön sol hissəsinə dəyib.
“Almaz-Antey” konserninin baş direktoru Yan Novikov öz növbəsində bəyan edib ki, Malayziya Boeing-ini yalnız köhnə modifikasiyalı raket ilə vura bilərdilər.
Eksperiment nəticəsində Malayziya Boeing-inin “Buk-M1” kompleksli raket ilə vurulduğu, raketin 9M38 markalı olduğu aydınlaşdırılıb.
Xatırladaq ki, Amsterdamdan Kuara Lumpura uçan Malaysia Airlines aviaşirkətinə məxsus Boeing 777 təyyarəsi 2014-cü ilin iyul ayının 17-də Donetsk vilayətinin şərq hissəsində qəzaya uğrayıb. Təyyarədə 283 sərnişin və 15 nəfər heyət üzvü olub, təyyarədə olanların hamısı həlak olub.
Mənbə:> Oxu.Az