Fikrət Qoca: “Bizi layiqli təmsil edəcək şəxslərə səs verin!”
Xalq şairi, əməkdar incəsənət xadimi Fikrət Qoca:
“Azərbaycanın ictimai-siyasi həyatı üçün ən önəmli hadisələrdən biri olan parlament seçkilərinə az vaxt qalıb. Artıq təbliğat-təşviqat kampaniyasının son həftəsini yaşayırıq.
Seçki hər bir ölkə üçün əhəmiyyətli hadisədir və məni də çox maraqlandırır. Desəm ki, mən şairəm, bunun mənə dəxli yoxdur - boş sözdür. Axı mən millətin adından danışan adamı seçirəm. Ona görə tək mən yox, hər birimiz seçki ilə yaxından maraqlanmalıyıq, bilməliyik ki, kimə səs verək.
Mənə doğma olan Ağdaşdan millət vəkilliyinə bir neçə namizəd var. Ancaq onlar arasında yaxşı tanıdığım, bələd olduğum bir şəxsiyyət - Çingiz Əsədullayevdir. Hələ o, ilk dəfə seçkilərə qatılanda, onun kampaniyasına qatılıb təbliğatında iştirak etmişəm. Düzdür, o vaxtlar onu yaxşı tanımadığım üçün bir qədər tərəddüd edirdim. Amma sonrakı illərdə xalq qarşısındakı xidmətlərini gördüm və bildim ki, yanılmamışam.
Çünki Çingiz Əsədullayev rayon üçün çox iş görüb. Xüsusilə də gələcəyimiz üçün önəm daşıyan təhsil sahəsi həmişə nəzərindədir. Gənclərin diqqətini elmə yönəltmək, onları oxumağa həvəsləndirmək üçün onun bir çox təşəbbüsləri olub. Məsələn, rayon məktəblərində kompüter dərsləri üçün nəzərdə tutulmuş otaqların lazımı avadanlıqla təchiz olunmasını öz öhdəsinə götürdü. Bu çox aktual, zamanında düşünülmüş bir addım idi.
Digər məsələni deyim. Bizim Rəsul Rza Fondumuz var, burada əsasən gənclərin kitablarını çap edirik, ildə bir dəfə mükafatlar təqdim edirik, beynəlxalq dərəcəli mükafatlarımız da var. Bütün bunlar isə xərc tələb edir. O vaxt Çingiz Əsədullayevlə tanış olanda gileyləndim ki, fondlara dəstək verən yoxdur. Bu sözdən sonra Çingiz müəllim fonda kömək etməyə başladı. Artıq bu yardım daimi xarakter alıb.
Ola bilər ki, başqa belə adamlar da var. Amma mən Çingiz Əsədullayevi ona görə vurğulayıram ki, o məhz bizim rayonla və fondumuzla bağlı işlər görüb, özüm bunun şahidi olmuşam. Axı dəstəyin və köməyin də hansı sahəyə göstətilməsi əhəmiyyətli məsələdir. Çingiz Əsədullayev məhz kitab çapına, təhsilə, elmə kömək edir. Bu da cəmiyyətimizin gələcəyi, gənclərimizin inkişafı üçün çox önəmlidir. Mən belə adamların seçilməsində məmnuniyyətlə iştirak edərəm, onları hər zaman müdafiə də edərəm. Çünki gördüyümə inanıram.
Bu şəxs barəsində bir faktı da qeyd edim: o, Rəsul Rza Fondunun hesabına çap olunan kitablarda heç vaxt adının qeyd olunmasına icazə verməyib. Əslində, Rəsul Rza Fonduna ondan savayı heç kim kömək etməyib. Ona görə də əgər deputat tərəfindən kömək olmasaydı, özümün prezident təqaüdümdən kəsib gənclərin kitabının çapına dəstək olacaqdım. Çünki bu təqaüdü ümummilli lider Heydər Əliyev mənə ədəbiyyata görə verib. Amma Çingiz Əsədullayev mənim öz çörəyimdən kəsməyə razı olmadı.
Onu da demək lazımdır ki, bir millət vəkili kimi hər kəsə qarşı belə diqqətli davranır. Rayonda da hər kəsin çağırışına gedib, yayınmayıb . Mən bu illərdə dəfələrlə bunun şahidi olmuşam. Həmişə bacardığı qədər insanlara kömək edib. Əlbəttə problemlərin həlli dedikdə mən yalnız maddi dəstəyi nəzərdə tutmuram. Çingiz müəllim öz seçicilərinə mənəvi dəstəyi də verir. O, özünü Ağdaş sakini kimi aparır. Rayonun ictimai, sosial tədbirlərində daim iştirak edir. Tədbirlərimizə, mərasimlərimizə gəlir, elimizin içinə qatılır. Ziyalı olmaq başqa şeydir, insanda vicdan, əxlaq çox önəmlidir.
Maddi rifah ola da bilər, olmaya da bilər. Di gəl ki, mənəviyyat olmasa bu əsl faciədir. Ötən il 80 illiyim idi. Əsərlərimi çap etmək ürəyimdən keçirdi amma üstünü vurmurdum. Axı 80 yaş az deyil, insan bundan sonra plan qurmur, bilirsən ki, ömrün axırıdır. Bu məqam Çingizin də diqqətindən qaçmadı. Özü soruşdu ki, nə edək sənin üçün? Dedim, istəyirəm arxivimi səliqəyə salım, cildlərimi buraxım. Sağ olsun, indi 8-ci cild bitib, 9-10-11-cildər çıxır. Bunların hamısını gələcək nəsillər üçün qoymalıyıq. Təməlini isə o qoydu. Bu adamda mən kitaba, elmə, mədəniyyətə qarşı “yox” sözü eşitməmişəm.
Qüsursuz insan yoxdur. Hamının səhvi olur. Amma bu gün yazılanların əksəriyyəti qərəzlidir, yalandır. Başa düşürük, seçki kampaniyası gedir. Amma mübarizə ədalətli olmalıdır, seçki ərəfəsində qara yaxma heç yaxşı hal deyil. Seçki ərəfəsində rəqib namizədlər PR-dan çox, qara PR-a üstünlük verirlər.Belə bir məsəl var, deyirlər ki, “sən palçığı at kiminsə üstünə, heç kim də olmasa, ən azından özü təmizləməli olacaq”.
Bəzən də çirki atandan da çox, ləkəni görənlər sevinir. Adam gərək əvvəl özünə baxsın, sonra başqasına. Axı gözəl insan axmaq iş görəndə niyə kədərlənmirsən? Ya da, çalış vaxtında kömək edəsən. İnsanlar gözəldir, sadəcə hamının redaktəyə ehtiyacı var. Hamımız dünyaya təmiz, saf gəlirik. Bizi zaman dəyişir. Əvvəl ayağını bataqlığa qoyanda bilinmir, sonradan o səni sorur.
Bəzi insanlar var ki, kiməsə qara yaxmaq, şərləmək onların xislətindən irəli gəlir. Onlar sadəcə belə yaşamağa öyrəşiblər. Ömür boyu başqalarından kiməsə xəbər ötürməyə alışıblar. İndi də bu ənənəni davam etdirirlər. Məhz bu cür adamlar qara yaxma kampaniyasını təşkil edirlər. Deyən lazımdır ki, axı bu adam da sənin qonşundur, qohumundur, öz xalqının övladıdır, niyə onu pisləyirsən? Axı bunlar tarixdə qalır, xaricdə də oxuyurlar. Belə işlərə yol vermək olmaz. Elə tarix yazılmalıdır ki, gələcəkdə onun heç bir daşını yerindən oynada bilməsinlər.
Bütün bunlara baxmayaraq, seçkidən yaxşı nəticələr gözləyirəm. Arzu edirəm ki, parlamentə ziyalı, ağıllı deputatlar seçilsin. Alver üçün mandat almaq istəməyən millət vəkillərinin olmasını diləyirəm. Çünki onların hər biri bir dairənin, bir bölgənin simasıdır. Onlar özlərinin geyimi, danışığı, hərəkəti, ziyalılığı və ağlı ilə xalqı təmsil edəcək.
Ona görə də vətəndaşlarımıza deyərdim ki, əzizlərim, seçəndə elə adam seçin ki, sizi, evinizi, ailənizi, uşağınızı təmsil etsin. Səs verəndə fikirləşin, seçin, namizədlərin ancaq və ancaq azərbaycanlılığını nəzərə alın. Namizədləriniz Azərbaycan torpağının qədrini bilən, qeyrətini çəkən adam olsun.
Mənbə:> Modern.az