"2016-cı il Azərbaycan üçün həssas bir ildir" » AzNews.info -Xəbər portalı

"2016-cı il Azərbaycan üçün həssas bir ildir" – MÜSAHİBƏ+FOTO

"2016-cı il Azərbaycan üçün həssas bir ildir"


AzNews.info “125-lər” Siyasi Klubunun sədr müavini, 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın Lent.az-a müsahibəsini olduğu kimi təqdim edir:


- Günel xanım, artıq parlament seçkilərinə 10 gün qalıb. Ölkədə seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?

- Mən parlament seçkilərində “125-lər” siyasi klubunu təmsil edirəm. Klubda sədr müavini və idarə heyətinin üzvüyəm. Biz seçkiqabağı hazırlıq prosesinə iki ildir başlamışdıq. Bura həm seçki mühitini qiymətləndirmək daxil idi, eyni zamanda hər kəs öz dairəsinin qiymətləndirməsini aparırdı. Ona görə də biz seçki mühitinin necə olacağını aylar öncədən təxmin edirdik. Fikrimcə, seçkiqabağı təbliğat-təşviqat kampaniyası çox sönük keçirilir. Seçki əhval-ruhiyyəsi hiss olunmur. Seçki əhval-ruhiyyəsi daha çox sosial şəbəkələrdə hiss olunur. Sanki sosial şəbəkələr üzərində və yaxud “online” millət vəkili seçirik. Düzdür, bu sahədə mənim də komandam ən aktivlərdən biridir. Amma ümumilikdə bunun da səbəbləri var. Təbliğat-təşviqat üçün ayrılmış vasitələri çox daraltdılar. Məsələn, pulsuz efir vaxtı olmadı. Çünki heç bir partiyanın 61-dən çox namizədi qeydə alınmadı. Yalnız YAP namizədləri oldu, onlar da imtina etdilər. Bu, 2010-cu ildə də olmuşdu. Amma yenə də pulsuz efir vaxtı verilmişdi. Həmçinin, təbliğat üçün yerlər məhdudlaşdırıldı. Məsələn, əhali ilə görüşə bilmək üçün konkret yerlər müəyyənləşib. Buna görə də biz strategiyamızı “qapı-qapı” proqramı əsasında qurduq.

- Seçkilərə ilk dəfə qatılsanız da, yəqin ki, ictimai-siyasi prosesləri hər zaman müşahidə etmisiniz. Bundan əvvəlki seçkilərlə hazırkı seçkiləri müqayisə edəndə seçki mühiti, əhali və namizədlər arasında seçki ab-havasında fərq varmı?

- Mən bir çox qeyri-hökumət və gənclər təşkilatlarının qurucularındanam. Siyasi mühiti hər zaman qiymətləndirmişəm. Çünki ictimai-siyasi sahədə olub siyasətdən uzaq olmaq mümkün deyil. 2013-cü ildən qərar vermişəm ki, aktiv siyasətlə məşğul olacam. Ümumiyyətlə, 1998-ci ildə prezident seçkilərində müşahidəçiliyimi, 2005-ci ili çıxmaq şərti ilə bütün mərhələlərdə davam etdirmişəm. Ya beynəlxalq müşahidəçi, ya vəkil, ya da yerli müşahidəçi olmuşam. Bir sözlə, seçkiləri izləmişəm. Hər il seçkilərə daha az insan gəlir. Məsələn, mənim dairəmin seçki iştirakçı faizi 22,1-dir. Görün, seçki iştirakçılığı nə dərəcədə aşağıdı?! Ötən parlament seçkilərində namizəd olan dostlarım var, onlar seçki prosesinin 2010-cu ildə daha qaynar olduğunu deyir. Seçki mühiti getdikcə zəifləyir. Şəhərə çıxanda seçki ab-havası ən azından plakatlardan, şəkillərdən, hansısa bir təbliğat materiallarından hiss olunmur.

- Namizəd olmaq üçün 21 saylı Nəsimi seçki dairəsini seçmisiniz. Sizi o dairəyə çəkən nə idi? Oradakı hazırkı deputatın fəaliyyətsizliyimi, seçilmə şansının sizin fikrinizcə az olmasımı, yoxsa sizi hansısa başqa faktlar oraya yönəltdi?

- Mən istədim, enerjimi tam verə biləcəyim yer olsun, hər gün insanlarla ünsiyyətdə olum. Buna görə də daha çox Bakı rayonlarının birindən namzidəliyimi verməyi düşündüm. Araşdırma apardım, nəticədə sosial layihələrə ən çox ehtiyacı olan yer kimi 21-ci dairəni seçdim. Bu dairənin yerləşdiyi ərazi sosial problemlərin daha çox olduğu yerdir. Orada iş görməyə daha çox ehtiyac var. Həm də mən hər zaman fikirləşirdim ki, öz layihələrimi o yerlərə salım. Burada demək olar ki, universitet yoxdur, təkcə Azərbaycan Universitetidir, o da həmin əraziyə düşmür, gəncləri çox da aktiv deyil. Düzdür, çətin dairədir. Amma orada araşdırma aparıb gəlmişəm. Ancaq düşünmədim, 21-ci dairədə millət vəkilliyinə namizəd zəifdir, gedim oradan namizədliyimi verim ki, şansım olsun. Çünki dairənin hazırkı deputatı oradan namizəd olmur. Aytən Mustafayeva indi Yasamaldan namizəd olub. Mənim dairəmdə 5 namizəd var, yəni 4 rəqibim var. Əsasən ikisini tanıyıram – YAP-ın namizədi Məlahət İbrahimqızı və Tural Abbaslını.

- Yəqin ki, Məlahət xanımın son illərdəki fəaliyyətini izləmisiniz. Onun parlamentdəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Mən onun haqqında neqativ heç nə söyləmək istəmirəm. Amma pozitiv nümunələrim də yoxdur. İki il bundan əvvəl öz dairəmizdə 600 nəfər sakinlə araşdırma apardıq, sosial sorğu keçirdik. O sorğu nəticəsində gördük ki, təxmini 11 nəfər öz millət vəkilini tanıyır, deyirdi, bir xanımdır. Adını xatırlayanlar da olmuşdu. Qalanları isə ümumiyyətlə millət vəkillərinin kim olduğunu bilmirdi.

- Sosial şəbəkələrin seçki kampaniyasındakı təsiri nə qədər effektlidir? Ümumiyyətlə, 21 saylı Nəsimi dairəsində yaşayan seçicilərin sosial şəbəkə istifadəçiləri olma faizi yüksəkdirmi? Bu barədə sosial sorğu aparmısınızmı?

- Bu gün sosial şəbəkə yeganə vasitədir ki, biz özümüzü orada heç bir məhdudiyyət olmadan, rahat, maneəsiz təbliğ edirik. Biz harada göstərməliyik özümüzü? Şəklimizi səhər asırıq məktəbdə ayrılmış xüsusi yerlərə, axşam cırılır. Həmin o şəkli səhər bir də asırıq. Şəklimizi mağazalara asırıq, gəlib həmin mağaza sahiblərinə təzyiqlər edilir ki, çıxardılsın. İmza kampaniyasında qapı-qapı getməkdən başqa, mənim qərargahıma gəlib imza verən çox sayda insan var idi. Çünki mən kampaniyaya öncədən başlamışdım. Qrupum, komandam, gənclərdən ibarət böyük bir işçi heyətim var idi. Bu insanlar öz işlərini görürdülər. Sadəcə, bu gün sosial şəbəkədə bunun göstərilməsi odur ki, alternativ variantlar uyğun deyil. Məsələn, efir vaxtının saniyəsinin 20-50 manat olması mənim düşüncəmə ziddir. Mən o məbləğə kifayət qədər sosial layihələr icra edərdim. Bir çox insanların həyatını xilas etmək olardı. Səhiyyə problemi olan insanlar var ki, cüzi məbləğlə həyatda qala bilərlər. Təhsil problemi, qidalanmaq problemi olan insanlar var. Bizim ailələrə dəstək layihəsi onu icra edərdi. QHT-lərlə mən onu işləyərdim. Niyə mən o qədər pulu özümün piarına verim? Mən onsuz da insanlarla birə-bir işləyərək özümü piar edirəm. Bu baxımdan sosial şəbəkələrə alternativ yoxdur. Alternativimiz olsa, orda da fəal olarıq.

- Seçki kampaniyası başlamazdan əvvəl “125-lər” siyasi klubu iddialı bəyanatlar səsləndirirdi. Klubun seçkidə iştirak səviyyəsi o iddialarla uyğun gəlirmi?

- Biz 70-dən çox namizəd irəli sürmüşdük. Lakin cəmi 17 namizədimiz qeydə alınıb. Namizədliyi qeydə alınmayan insanların içində əhali ilə işləyən, populyar, ictimai-siyasi fərqlənən insanlarımız var. Müxtəlif səbəblərdən qeydiyyata alınmadılar. İmza vərəqlərində problemləri çıxdı və s. Açıq deyim ki, mən birə-bir bu hadisələrin iştirakçısı olmadığıma görə bunun düz, ya səhv olduğunu demirəm. Amma mən bilirəm ki, qərəzli münasibət olan bəzi hallar var idi. Çünki elə insan var ki, həmin o ərazidən, o yerdəndir, yəni onun 450 nəfəri yoxdurmu ki, gəlsin imza versin? Biz bunu sənədlərlə araşdıracağıq. İndi vaxtımız olmadığına görə baxmamışıq. Biz bu prosesə əvvəlcədən hazırlaşdığımıza görə hamımızın bir dəstək bazamız var. O dəstək bazası işləyir və dediyimiz sadəcə piar, reklam, səs küy deyil. Bu, özünü yəqin ki, əməldə də göstərir. Öz adımdan danışıram, mən “125-lər” siyasi klubunun üzvü olaraq real iş görürəm, real görüşlər keçirirəm. Yəni bu, yalnız piara, səsə-küyə əsaslanan bir şey deyil. Mən piar üzərində çox işləməmişəm. Zamanında daha çox insana yatırım etmişəm, bütün kapitalım insanlara olub. Kapital deyərkən, pul yatırmaqdan söhbət getmir. Onun təhsilinə, təşkilatlanmasına, cəmiyyətə töhfə verməsi üçün hansı işləri görə bilməsindən gedir. Mənim bu gün uğurlu nümunələrim var, 20 yaşlarında mənə yaxınlaşıb nə edə biləcəklərini soruşurlar. “125-lər”də də adını sadaladığım insanların hər birinin özünün çox güclü dəstək bazası var. Məsələn, İlhamiyyə xanım efirdən çox tanınmış insandır. Ona çox hörmət edirlər, sevirlər. Mənimsə iki işim var, həm özümü tanıtmalıyam, həm də təbliğatımı aparmalıyam. Amma bu insanlar artıq tanınır. Sadəcə burada hansı platformadan söhbət gedir, onu müzakirə etmək olar. Düzdür, seçicilərim, QHT sektoru, “Facebook” istifadəçiləri, yəni bəlli bir sahə tanıyır. Amma bu gün Günel Səfərova desəniz, orta statistik azərbaycanlı az tanıyır. Bunu da mən millət vəkillərinin çoxundan daha çox və əməlimə görə tanınıram. Hansısa televiziyaya çıxıb dediyim fikrə görə yox.

- Seçki kampaniyanızda iştirak edən gəncləri ətrafınıza necə cəlb etmisiniz?

- Mən gənclər sektorundan gəlirəm, gənclər təşkilatları yaratmışam, gənclərlə işləmişəm, xeyli yetirmələrim var. Sonra beynəlxalq təşkilatlarda işləyərkən bir çox qeyri-hökumət təşkilatlarında ekspert qismində təlimlərə dəvət ediblər və mənim qarşıma bu layihələr böyük auditoriyalar verib. Orada tutaq ki, 180 iştirakçı var idisə, mən 150 gənci qazanırdım. Kimisi kitab çap etmək, kimisi bizneslə məşğul olmaq, kimisi icitimai sahədə fəal olmaq, kimisi özünü hansısa sahədə tapmaq istəyirdi. Mən bunların hər birinə uyğun müəyyən təkliflər, tövsiyələr verirdim, yönləndirirdim. 5 il uşaq evlərindən çıxan gənclərin şəbəkəsini idarə etmişəm - SOS Uşaq Kəndləri. Bu sahə Azərbaycanda işlənməmiş sahə idi. Biz başlayanda bu sahədə heç bir layihə yox idi. 18 yaşına çatan gənclər uşaq evi ilə sağollaşırdı. Mənim şəbəkəmin uşaqları var idi, biz onlara gənclərin güvən şəbəkəsi deyirdik, həmin şəbəkənin uşaqlarını parklardan, yarımtikili binalardan toplamışıq. Onların hazırda 30-dan çoxu mənim komandamdadır. Mən onlara böyük bir bacı kimiyəm, yol göstərənəm. Bizim mənəvi bağımız var. 1997-ci ildə mənim ilk layihəm internat evləri ilə olub. O vaxt oynatdığım balaca uşaqlar indi böyüyüblər, gənc kimi qarşıma çıxıblar və mən yenə də onlardan qopmayaraq, onlarla müxtəlif sosial layihələr edirəm. Gənclər mənə çox inanırlar, əgər bunu Günel deyirsə o bunu edəcək, bizim həyatımızın daha da yaxşılaşması üçün çalışacaq. Çünki onlar o əziyyəti görüblər. Onlar görüblər ki, mən gecə-gündüz yatmamışam, bir sənəd hazırlamışam, bir problemləri çıxanda gecə zəng edəcəkləri nömrə mənim nömrəm olub. Onlar görüb ki, mən heç vaxt özümə görə xahiş etmədiyim insanlardan onlar üçün xahiş etmişəm. Azərbaycan vətəndaşı olması mənə kifayət edib ki, o gənclərə bacardığım köməyi edim.

- Parlamentə seçiləcəyiniz təqdirdə indi orada olmayan nəyi qatacağınızı düşünürsünüz?

- İndi olmayan fəallığı. İndi Milli Məclisdə fəallıq yoxdur. Mən millət vəkillərinin əksəriyyətini şəxsən tanıyıram. Millət vəkillərinin səlahiyyətləri var: qanun yaratmaq və əhalinin qarşılaşdığı problemləri aidiyyatı qurumlara çatdırmaq. Biz əhalinin hər problemində yanında olmalıyıq. Demək olmaz ki, sənin suyun gəlmir, bu mənim problemim deyil, mən gedirəm qanun yazam. Xeyr. Sən bunu aidiyyatı quruma çatdırmalısan və bunu həll etməlisən. Çünki sən o millətin səsi ilə seçilmisən. Qanunların müzakirəsində mənim həm hüquqşünas olmağım, həm də əhali ilə real işləməyim kömək olacaq ki, biz daha real, praktikada işləyən qanunlar yazaq. Yoxsa qanun yazıb atmayaq, deyək ki, bunun qaydalarını müəyyən etmək mümkün deyil, praktikada işləmir. Bu gün Azərbaycanda bu sahədə irəliləyişlər var. Demək olmaz ki, hər şey pisdir, bərbaddır. Sadəcə hələ də bizim hüquq sistemimiz postsovet hüquq sisteminə istinad edir. Buna görə də yeni innovativ qanunlar gətirmək lazımdır. Qanunlar nə vaxt yaranır? Münasibətlər meydana çıxanda. Yeni münasibətlər meydana çıxır, bunu tənzimləyən yeni qanunlar olmalıdır. Mən platforma yazmayan yeganə namizədəm. Çünki mənim platformamı seçici yazacaq. Mən bunu təbliğ edirəm. Yoxsa standart “təhsildə bunu edəcəm”, “səhiyyədə bunu edəcəm”, onu edəcəm demirəm. Dairəmdə hansı problemlər varsa, o məsələyə uyğun parlamentdə məsələ qaldıracam, bununla bağlı qanunda olan boşluqların aradan qaldırılmasına çalışacam, yeni münasibətlər varsa, onu tənzimləyən qanunun yaradılmasına çalışacam. Mən Avropa və Amerika institutları ilə işləmişəm. Xaricdə təmsilçilik də bu baxımdan mənə asan olacaq. Çünki xarici təmsilçiliyi tanıyıram, tanımaqdan başqa bilirəm, necə müraciət etmək lazımdır, hansı məsələni necə qaldırmaq lazımdır. Azərbaycanı təmsil edəndə bizim harada boşluqlarımız var onu görmüşəm. Çünki bir çox tədbirlərdə iştirak etmişəm. Dil biliklərim çox yaxşıdır. Təhsilim və s. bunun hamısı ona icazə verir ki, mən həm də Azərbaycanı xaricdə çox yaxşı təmsil edim. Mənim əsas silahlarım bu hissədə sosial layihələri gözəl bilməyim, xaricdə təmsilçiliyim və beynəlxalq əlaqələrimdir. Bir də şəbəkəm. Günel Səfərova gedib hər hansı problemi tək həll etməyəcək. Bunun üçün mənim komandam, qrupum var ki, ərazimdə işləsin və seçicilər məmnun qalsın. Azərbaycanda onsuz da sosial problemlər nəticəsində aqressiv bir cəmiyyət formalaşır. Mənim vəzifəm cəmiyyətə pozitiv mesajlar verməkdir ki, biz bütün problemləri birgə həll edə bilərik. İnsanlar sosial problemlər içərisində boğulurlar. Mən başa düşürəm, hamının krediti var, manat və dolların bir- birinə yaxşı olmayan münasibətindən hamımız ziyan çəkmişik. Amma bunu da həll edəcək yollar lazımdır. Buradan əslində seçicilərimə çağırış etmək istəyirəm: seçimlərində ehtiyatlı davransınlar və mütləq səsverməyə getsinlər, öz namizədlərinə səs versinlər. Çünki 2016-cı il Azərbaycan üçün həssas bir ildir. 2016-cı ildə millət vəkilləri içərisində mən yaxşı hüquqşünaslar, iqtisadçılar görmək istəyirəm ki, bu iqtisadi problemlərdən bizi çıxara bilsinlər. Yaxşı hüquqşünaslar olsun ki, qanunları yaxşı formalaşdırsınlar, əhali ilə işləməyi bacaran insanlar olsun.

- Orta statistik seçicinin gözündə formalaşan bir deputat imici var: deputat yol çəkər, park düzəldər, yas yeri tikdirər və s. Sizin dairədə bu imic necədir? Bu imici dağıtmaq üçün namizəd olduğunuz dairədə və yaxud ictimai-siyasi fəaliyyətinizdə nələr etmisiniz, nələr edirsiniz?

- İctimai-siyasi fəaliyyətim zamanı mən əvvəldən millət vəkilinin səlahiyyətləri haqqında təlimlər keçirdim. Amma hazırda rastlaşdığım və yəqin ki, bütün namizədlərin rastlaşdığı bir sual var: “Sən bizə yol çəkəcəksən, su çəkəcəksən, suyum, qazım gəlmir?!” Yəni bunlar çox haqlı səbəblərdir. Əhalimizin suyu da gəlməlidir, qazı da. 2015-ci ildə bunun müzakirə olunması bir az da utancvericidir. Mən seçicilərimə dediyim sözü deyirəm: su probleminiz varsa, yanınızdayam, mən su çəkən deyiləm, mən heç onun mexanizmini, su necə çəkilir, su hardan gəlir, bilmirəm. Amma sizin yanınızdayam. Hansı aidiyyatı strukturlar varsa, mübarizə aparıb bu problemi həll edəcəyik. Bugünədək millət vəkili olmadan çox saylı problemlər həll etmişik. Yol probleminiz varsa, bunu birgə həll edəcəyik. Bu fikrin yaranmasına səbəb də elə millət vəkilləridir. Əhalinin səsini alsın deyə yol çəkiblər, müəyyən ərzaq yardımları ediblər. Bəli, mən yenə deyirəm: sosial problemlər əhəmiyyətli problemlərdir və mənim təcrübəm elə bu sahədən gəlir. Onsuz da mənim fəaliyyətim o imici dağıdacaq. Mənim kimi düşünən namizədlərin parlamentdə təmsil olunması o imici dağıdacaq.

- Azərbaycanda qadınların ictimai-siyasi aktivliyini necə qiymətləndirirsiniz? Parlamentə seçiləcəyiniz təqdirdə həmcinlərinizlə bağlı planlaşdırdığınız qanun layihəsi və s. varmı?

- Azərbaycanda məişət zorakılığı haqqında qanununun qəbulunun lobbiçiliyini aparan insanlardan biriyəm. Bu sahədə çoxlu təlimlər keçmişik. Həm BMT xətti ilə, həm də müxtəlif layihələr. Sonunda məişət zorakılığı haqqında qanunun qəbul olundu. Düzdür, onun işləmə mexanizmində bu və ya digər obyektiv və subyektiv problemlər var. Çünki sığınacaq mərkəzləri yoxdur və s. Bu, həm bir az büdcəyə bağlıdır, həm də QHT-lərin fəaliyyəti bir az məhdudlaşdırıldı. Bizdə qanunda heç yerdə problem yoxdur. Əslində pozitiv ayrı-seçkilik qadınlardadır. Məsələn, analıq məzuniyyəti verilir, atalıq yox. Belə misallar çoxdur. Amma reallıqda isə məsələ tamamilə başqa cürdür. Mən həm Günel Səfərova olaraq, həm də qadın olaraq özünütəsdiq mübarizəsi aparıram. Seçkilərə qatılmaq qərarına gələndə də müzakirə etdiyim tərəflərdən bir də ailəm olub. Çünki mənim iki övladım var, işimin həcmi böyüyüb. Onlar ictimai-siyasi bir ananın uşaqlarıdır. Həyat yoldaşım da bu sahədə çox böyük dəstəkçimdir.
Azərbaycan qadını hərtərəfli varlıqdır. Çünki Azərbaycan qadını anadır, həyat yoldaşıdır, çalışan bir insandır. Həm də öz varlığını sübut etmək istəyən mübariz bir varlıqdır. Azərbaycan qadını çox böyük işlər görüb. Ola bilər ki, pafoslu səslənsin. Düşünürəm ki, bu gün Azərbaycan qadınının çox yaxşı nümunələri var. Məncə, hakimiyyət də bunun fərqindədir. Hakimiyyət də bunu istəyir ki, Azərbaycanda müsbət qadın nümunələri önə çıxsın. Mənim anam evdar qadın olub, heç vaxt işləməyib, amma 4 nəfər çox faydalı vətəndaş yetişdirib. Azərbaycan qadınının yükü bir az çoxdur. Həmişə mənim təlimlərimin iştirakçıları deyir ki, siz pozitiv ayrı-seçkilik edirsiniz, qızları çox istəyirsiniz. Mənim qrupumda kifayət qədər oğlan var. Lakin aktiv xanımlar daha çoxdur. Yetişdirməm, uğuruna çox sevindiyim xanımlar da, oğlanlar da çoxdur. Elə uğurlu hekayəti olan gənc qızlar var ki, onlar kənd şəraitindən çıxıblar, mübarizə aparıblar, təhsil alıblar, sonra xaricə gedib təhsil alıblar, çox yaxşı strukturlarda təmsil olunurlar. Baxın, Azərbaycan qadını nə qədər mübarizə aparmalıdır?! Mən parlamentdə seçiləcəyim təqdirdə, düşünürəm ki, bu sahədə xeyli iş görəcəm. Xüsusilə qızların təhsil səviyyəsinin artırılması ilə bağlı müxtəlif layihələr həyata keçirmək istəyirəm. Çünki regionlara gedəndə qızların təhsildən uzaqlaşdırılması halları olduğunu görürəm. Xüsusilə qadınların iqtisadi asılılığının aradan qaldırılması üçün müxtəlif layihələr etmək lazımdır. Məişət zorakılığı baş alıb gedir. Qadın cinayətləri, qadına qarşı zorakılıq və s.

- Bayaq dediniz ki, namizəd olduğunuz dairədə əhalinin seçkidə iştirak göstəricisi 22 faizdir. Bu payı artırmaq üçün seçicilərə hansı mesajı vermək istəyirsiniz?

- Seçicilərimin çoxu deyirdi ki, seçilən seçilib mən niyə əziyyət çəkib seçkiyə gedirəm. Belə bir düşüncə var. Mən seçiciləri həm inandırmalıyam ki, bu belə deyil, həm də inandırmalıyam ki, gəlib mənə səs versinlər. Burada da bir neçə işi bir yerdə aparmaq məcburiyyətindəyəm. Əhalinin seçkiyə inamı qırılıb. Əhali seçkiyə gəlmək istəmir. Mən onlara ayrıca həm emosional danışığımla, həm hüquqşünaslığıma əsaslanaraq komandamla birgə inandırırıq ki, siz gəlin, bülletenlərinizi istifadə edin, öz hüququnuzdan istifadə edin. Qalan məsələ nə sizin ixtiyarınızdadır, nə də bizim. Çünki saxtakarlığı edən tərəf mən deyiləm, seçici deyil. Saxtakarlığı edən tərəf bunun məsuliyyətini daşısın. Sizin hüququnuz səs verməkdir. Əvvəl-axır bu cəmiyyətdə seçki mədəniyyəti yaranmalıdır, seçim mədəniyyəti olmalıdır. Bizim seçimimizdə mədəni baxımdan problem var. Hər şeyi ata-ana seçir. Bizim yerimizə həyat yoldaşı seçirlər. Yəni seçimimizi etməyə çətinlik çəkirik. Seçməməyi sanki uşaqlıqdan öyrənirik. Sanki bizdən sonra gələn nəsil daha seçici, daha aydındır. Onların seçimi var. Çünki biz də tərbiyəni o cür veririk ki, sizin seçiminiz olsun. Seçici 21-ci dairəyə gəlib, Günel Səfərovaya səs versə və Günel Səfərova millət vəkili olsa həm dövlətə, həm hakimiyyətə, həm də seçkinin nəticələrinə seçicinin inamı qayıdacaq. Çünki bunu bu gün mənim seçicim deyir. Bu, inamı qaytarmaq üçün bu bir şansdır.

"2016-cı il Azərbaycan üçün həssas bir ildir"
"2016-cı il Azərbaycan üçün həssas bir ildir"
"2016-cı il Azərbaycan üçün həssas bir ildir"
"2016-cı il Azərbaycan üçün həssas bir ildir"
"2016-cı il Azərbaycan üçün həssas bir ildir"
"2016-cı il Azərbaycan üçün həssas bir ildir"
"2016-cı il Azərbaycan üçün həssas bir ildir"

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *