Azərbaycan demoqrafik təhlükə qarşısında » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Gənclik, Köşə

Azərbaycan demoqrafik təhlükə qarşısında

Azərbaycan demoqrafik təhlükə qarşısında


Ekspertlər hesab edirlər ki, 2 uşaq ata-ananın əvəzçisi sayıldığından, gələcəkdə demoqrafik problemlər ortaya çıxa bilər

Bir neçə gün öncə Bərdənin Cəyirli kəndində yaşayan İsgəndərovlar ailəsinin 13-cü uşağı dünyaya gəlib. Sovet dönəmində ailədə 12-ci və ya 13-cü uşağın dünyaya gəlməsi adi hal sayılsa da, indiki dövrdə bu çox az təsadüf edilən hadisə hesab olunur. Çünki statistik təhlillərə əsasən, son illər Azərbaycan ailələrində nəinki on üçüncü, dördüncü, beşinci uşaqların doğum səviyyəsi də aşağı düşüb. Belə ki, 2013-cü ildə doğulan 173 minə yaxın körpədən yalnız 756-sı ailənin dördüncü, beşinci uşağıdır. 2009-cu il əhalinin siyahıyaalınmasına görə isə Azərbaycanda biruşaqlı ailələrin sayı üçuşaqlı ailələrin sayından çoxdur.
Ölkədə 396 min biruşaqlı ailə var ki, onun 226 mini şəhər, 169 mini kənd yerlərində yaşayan əhalinin payına düşür. Kənd yerlərində üçuşaqlı ailələr üstünlük təşkil edir. Onların sayı kənd yerlərində təxminən 140 min, şəhərlərdə isə 120 mindir. Statistika Azərbaycanda istər kənd, istər şəhər yerlərində ailələrin daha çox iki uşağa üstünlük verdiyini göstərir. Ölkədə 4 və daha çox usağı olan 126 min ailə var. Bunun 70 minə yaxını kəndlərdə yaşayır. Ancaq bir və ikiuşaqlı ailələrin çəkisi 3, 4 və daha çoxuşaqlı ailələrin sayına nisbətən çoxdur. Yəni, təxminən 1 milyon 300 mindən çox ailənin 70 faizi bir və ikiuşaqlı ailələrdir. Qeyd edək ki, demoqrafiyada 2 uşaq ata-ananın əvəzçisi sayılır, 3 və daha artıq uşaq isə əhali artımına hesablanır.
Mövzu ilə bağlı fikirlərini "Həftə içi"nə bölüşən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun əməkdaşı, demoqraf Adilə Gözəlova hesab edir ki, əslində bütün dünyada ailədə 4-cü, 5-ci, 6-cı uşaqların doğulması azalıb. Onun sözlərinə görə, artıq hər kəs ailədə uşağın sayını öz gəlirinə uyğunlaşdırmaq istəyir: "Müşahidələr onu deməyə əsas verir ki, müasir dövrdə insanların dəyər sistemində uşaqlar vacibdir, ancaq birinci yeri tutmurlar. Ata-ana əlində nəyi var uşağına verir. Eyni zamanda, bir çox ailə uşağının təhsil qayğısına qalır, bu isə kifayət qədər pul deməkdir. Yəni, artıq valideynlər ailədə uşağın sayını öz gəlirinə uyğunlaşdırmaq istəyir. Ailələr hesab edirlər ki, savadsız uşaq böyütmək kasıb uşaq böyütmək deməkdir. Mütəxəssislərin fikrincə, kasıbçılığın birinci amili təhsilin olmamasıdır. Demək olar ki, bu tendensiya bütün dünyada müşahidə olunur. Axı, hər ailənin 3 və ya daha artıq uşağa yüksək təhsil verməyə imkanı çatmır".
Ekspertin hesab edir ki, ailələri bir uşaqla kifayətlənmədən çəkindirmək üçün dövlət tədbirlərinə ehtiyac var. Adilə Gözəlovanın fikrincə, əsas problem çoxuşaqlı ailələrin yoxa çıxması yox, bir çox ailənin bir uşaqla kifayətlənməsidir. Bu modelin getdikcə yayılmaması üçün indidən bunun qabağını almaq lazımdır. Stimullaşdırıcı tədbirlərlə, ya imtiyazlarla, ya da hansısa məhdudiyyətlərlə. Məsələn, banklar hansısa kredit növünü biruşaqlı ailələr üçün bağlı saya bilərlər".

Yeni fondun yaradılmasına ehtiyac var

Tanınmış hüquqşünas Günel Səfərova isə mövcud qanunvericilikdə olan bəzi çatışmazlıqların demoqrafik problem kimi ortaya çıxa biləcəyini istisna etmir. O, "Həftə içi"nə açıqlamasında deyib ki, Avropada ödənişli analıq məzuniyyətinin daha çox olması məhz demoqrafik məsələlərlə bağlıdır və ailələrin dünyaya daha çox uşaq gətirməyə meylli olmağa təşviq edir. Onun sözlərinə görə, hazırda Azərbaycanda da ikiuşaqlı ailələr daha çoxdur, bunun da əsas səbəblərindən biri məhz ananın uşağa baxmaq üçün kifayət qədər vaxtının olmamasıdır: "Bundan əlavə, bizdə imtiyazlar yalnız işləyən analar üçün nəzərdə tutulur, işləməyən analar üçün heç bir müavinət və güzəştlər yoxdur. İşləməyən analardan başqa həm də rəsmi olaraq işləməyən analar var. Məsələn dayələr, xadimələr və digər sosial xidmətlər. Qanunvericilikdə nə qədər boşluqlar var ki rəsmi işləməyən anaların ödənişli məzuniyyəti və yaxud ümumiyyətlə analıq məzuniyyətindən istifadə edilməsi heç bir halda təmin edilmir və tənzimlənmir. Avropada işləməyən, evdar xanımlar üçün kifayət qədər sosial paketlər var. Belə qadınlara bəzi ölkələrdə müəyyən müddətə qədər uşaq qidaları pulsuz verilir. Əmək Məcəlləsində sosial müavinətin aşağı tutulması sosial problem kimi qarşımıza çıxır".
Hüquqşünas bildirir ki, hər hansı sosial problemin həlli üçün minimum 30 il lazımdır. Günel Cəfərovanın fikrincə, əgər növbəti 5-10 ildə bu problem həll olunmasa, 30 il sonra həllinə nail olmaq mümkündür. İctimai vəkillikdə ən asan iş qanunvericiliyin dəyişilməsidir: "Azərbaycanda bu tip qanunlar ya hansısa beynəlxalq konvensiya qarşısında öhdəlik götürməklə, ya da problem ortaya çıxandan sonra qəbul edilir. Bu məsələyə təkcə əmək hüquqları çərçivəsində baxmamalıyıq. Qadın hüquqlarının müdafiəsi, gender qanunu, məişət zorakılığı -bunların hamısı bir -biri ilə əlaqəli olan zəncirvarı qanunlar toplusudur. Burada problem təkcə müddətin artırılması deyil, qismən ödənişli məzuniyyətin də məbləğinin artırılmasıdır".
Günel Səfərova problemin həlli istiqamətində addımların atıldığını da bildirib. O, Azərbaycanda gözlənilən demoqrafik təhlükənin qarşısının alınması üçün uşaq fondunun yaradılmasını da təklif edir. Onun sözlərinə görə, bir çox Avropa ölkələrində bu tip təcili fondlar var və adətən xeyriyyəçilər hesabına formalaşır. Bununla yanaşı dövlətin də formalaşdırdığı nümunələr var: "Qanunla 18 yaşına qədər uşaq sayılır, lakin qanunvericilikdə və təcrübədə təhsil alan 6-7, 9-10 yaşlı uşaqlarımızın baxımı ilə bağlı heç bir söz deyilmir. Ona görə də mütləq günboyu qayğı mərkəzləri olmalıdır ki, işləyən analar üçün vəziyyət bir az daha asanlaşsın".
Günel Səfərova həmçinin analıq məzuniyyəti ilə bağlı Əmək Məcəlləsində sual yaradan məqamların çox olduğunu deyib: "Analıq məzuniyyəti sosial məzuniyyət kateqoriyasına daxil olur, bu əmək, təhsil, yaradıcılıq məzuniyyəti deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsinə görə analıq məzuniyyəti 126 gündür. Burda 70 gün doğuma qədər verilən məzuniyyətdir, 56 gün isə doğumdan sonrakı məzuniyyətdir. Amma təcrübədə adətən analar doğuma qədər olan 70 günlük məzuniyyəti ana olduqdan sonraya keçirirlər, qanun buna qarşı heç bir sanksiya tətbiq etmir. Əmək Məcəlləsinin 130-cu maddəsində atalıq məzuniyyəti də nəzərdə tutulur, bu, övlad sahibi olduqdan sonrakı 14 gün ərzində götürülə bilər. Lakin atalıq məzuniyyəti ödənişli yox, ödənişsiz məzuniyyətdir".
Ekspert analıq məzuniyyətinin xarici təcrübədə necə tənzimlənməsindən misallar gətirib: "İngiltərədə analıq məzuniyyəti 52 həftədir. Bu o qədər böyük müddət olmasa da, maraqlı məqam odur ki, 52 həftə ödənişli məzuniyyət olmaqla yanaşı, ana uşağın 3 yaşına qədər hər ay maaşın 60 faizi ödənilməklə məzuniyyət ala bilər. Slovakiyada isə uşağın 6 yaşına qədər maaşın 82 faizi ödənilir. İstənilən halda, bunlar göstərir ki bizim qanunvericiliyimizdən fərqli olaraq, Avropa qanunvericiliyinə görə, analıq məzuniyyəti daha çox sosiallaşıb. Düzdür, Amerikada heç analıq məzuniyyəti də yoxdur, amma orda günboyu qayğı mərkəzləri çoxdur".

Ailələr ehtiyat edirlər

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Ailə Uşaq Mərkəzinin rəhbəri Kəmalə Baxışın sözlərinə görə, müasir dövrün ailələri daha çox övladlarını tam yetişdirə bilməməkdən çəkinirlər: "İndiki ailələrin başçıları 80-ci illərin gəncləridir. Ümumiyyəylə, indiki gənc ailələr övladlarını tam yetişdirə bilməməkdən ehtiyat edirlər. Bəzi çətinliklər var ki, onlara yalnız iki uşaqla cavab vermək mümkündür. Hazırda əksər ailələr nəinki iki, hətta bir uşaqdan belə imtina edirlər. Buna səbəb sosial ehtiyacların artmasıdır. Hökumət gənc ailələrə müəyyən şərait yaratmaq üçün mütləq tədbirlər görməlidir. Düuzdür, biz hazırda bunu ciddi problem kimi görmürük. Amma 20-25 il sonra bu proses genefondumuzun azalmasına səbəb olacaq. Bu baxımdan indidən tədbir görmək lazımdır ki, gələcəkdə həlli qeyri-mümkün olan məsələlərlə rastlaşmayaq".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Mənbə: Hafta.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *