Nikah yaşına çatmayan qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlanıb
Azərbaycanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 15,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda 15-17 yaşlı analar tərəfindən 2 855, 2014-cü ildə isə 3296 uşaq dünyaya gəlib.
Əvvəlki illərdə olduğu kimi ötən il də bu yaşda dünyaya gələn uşaqların çoxu kənd yerlərinin payına düşüb. 2014-cü ildə 1054 uşaq şəhər, 2242 uşaq isə kənd yerlərində doğulub.
Qeyd edək ki, Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.
Mənbə:> Oxu.Az