Bəhram Bağırzadə: Allahsız olmuşuq – MÜSAHİBƏ » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Bəhram Bağırzadə: Allahsız olmuşuq – MÜSAHİBƏ – FOTO

Bəhram Bağırzadə: Allahsız olmuşuq – MÜSAHİBƏ


Oxu.Az tanınmış aktyor, rejissor, şoumen, yazıçı, rəssam, “Bakılı oğlanlar” KVN komandasının məşhur üzvü Bəhram Bağırzadə ilə müsahibəni təqdim edir.

- Bəhram müəllim, Siz dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova açıq məktublar ünvanlamısınız. Bu məktublara hər hansı bir reaksiya olubmu?

- Bilirsiz, mən bunu “Merə məktublar” kitabımda da demişəm ki, əgər siz öz şəhərinizi gözəl görmək, bu şəhərin rəvan günlər görməsini istəyirsinizsə, ilk növbədə Bakı şəhərində yaşayan hər bir sakin daxilində öz şəhərinin meri olmalıdır. İnanın mənə ki, mən artıq bəlkə də on ildən çoxdur ki, özümü mer sayıram. Bu o deməkdir, mən heç vaxt özümə icazə verə bilmərək ki, bulvarda oturub tum çırtlayım və ətrafı zibilləyim. Mən heç vaxt təsəvvür edə bilmərəm ki, eyvandan zibil ata bilərəm və ya hər hansı qayda-qanunu poza bilərəm və s. Əgər hər bir Bakı sakini bunu düşünsə, öz şəhərini abadlaşdırmaq istəsə, özünü mer hesab etsə, inanın mənə ki, şəhərimizin heç bir problemi olmaz.

Bəhram Bağırzadə: Allahsız olmuşuq – MÜSAHİBƏ


O ki, qaldı “Merə məktublar” kitabıma, bu kitab yalnız Hacıbala Abutalıbova deyil, ümumiyyətlə bu şəhərin bütün sakinlərinə ünvanlanıb. Bu kitab həmçinin gələcəkdə Abutalıbovdan sonra gələcək merlər üçün də bir mesaj olacaq ki, Bakı şəhərində nələri etmək olar və nələri etmək olmaz. Bu, mənim vətəndaş mövqeyimdir. Mən nə mer olmaq, nə də vəzifə istəyirəm. Sadəcə mən, Allahın bəndəsi Bəhram Bağırzadə öz şəhərimi sevirəm və ona görə belə bir kitab yazdım. Kitabda Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını təklif etmişəm. Bu məni ən çox ağrıdan məsələdir. Onun şəhərin inkişafında əvəzsiz rolu olub, biz isə ona hörmətsizlik edib ona mərkəzdə heykəl qoya bilmirik. Bu bizim gələcək nəslin qabağında ən böyük günahlarımızdan biridir. Kitabda yazıram ki, millətin atası adlandırdığımız Tağıyevə hörmət əlaməti olaraq millət, onu sevənlər, hörmət edənlər, ona dua edənlər ucaltmalıdırlar. İnanın mənə, əgər sabah Hacı Zeynalabdin Tağıyevə Bakıda heykəlin ucaldılması üçün vəsaitin yığılması kampaniyası elan olunsa və bank hesabı açılsa, kasıbdan tutmuş milyonçuya qədər hər kəs bir manatdan tutmuş yüz min manata qədər pul keçirəcək ki, o heykəl ucaldılsın. Əgər o millət, xalq üçün yaşayıbsa, biz də əvəzini qaytarmalıyıq. Mənə elə gəlir ki, Tağıyevin heykəlinin ucaldılması həm savab olar, həm də onun ruhu şad olar.
Bilirsiniz, hər şeyi dövlətin üzərinə atmaq olmaz. Dövlətin şəhərin abadlaşdırılması ilə bağlı bir sıra məqsədləri var. Biz də bu dövlət üçün nəsə etməliyik. Kennedinin sözü ilə desək, “Soruşma ki, ölkən sənin üçün nə edib, soruş ki, sən ölkən üçün nə etmisən”. Tağıyevin Bakıda heykəlinin ucaldılması ilə bağlı kampaniya keçirilsə, mən bank hesabına pul köçürənlər arasında birincilərdən olaram və aktyor, rejissor kimi əldə etdiyim gəlirlərin müəyyən hissəsini bu kampaniyaya xərcləyərəm ki, təki şəhərimizdə Tağıyevin heykəli qoyulsun. Kitabda bunun kimi təkliflər çoxdur.
- Qeyd etdiyiniz kimi, Bakının hər sakini özünü Bakının mənəvi meri hesab etməlidir. Bəs əgər Siz Bakının meri təyin olunsaydınız, bu vəzifədə ilk qərarınız nə olardı?

- Birincisi ondan başlayaq ki, mən heç vaxt mer olmayacam. Bu mümkün deyil, çünki mən özümə hörmət edən insanam. Yəni mer olmaq üçün sən ən azından ali savadlı və təsərrüfatçı olmalısan. Həmin vəzifəyə mərhələ-mərhələ gedib çıxmalısan. Rejissorluq fakultəsini bitirən və yaradıcılıqla məşğul olan insan nə qədər möhkəm olsa, nə qədər şəhərini sevsə də və nə qədər Allahdan qorxan olsa da, o mer ola bilməz. Ona görə ki, o heç vaxt dövlət sistemində çalışmayıb. Əvvəllər sovet vaxtında fəhlə müdir olurdu. Çünki həmin adam fəhləliklə başlayırdı və pillə-pillə vəzifədə qalxırdı. Yəni bu adam problemi artıq içəridən bilirdi və müdir də olanda o, fəhlənin də psixologiyasını, hansı problemlərin hansı məqamda həll olunmasını da yaxşı bilirdi.
Şəhərin meri olmaq üçün sən ən azı “jek” işçisindən başlamalısan, pillə-pillə gəlib mer vəzifəsini tutmalısan. Mümkün deyil ki, şəhərdə anadan olmayan, şəhər mühitində yaşamayan, tramvay, trolleybus, metro bilməyən bir insanı gətirib mer qosunlar. Bu, hazırda üzləşdiyimiz fəsadlara, böyük faciələrə gətirib çıxarıb.
Çox vaxt belə bir fikir səslənir ki, Bakının qədrini bakılı bilər, amma mən bu fikirlə qətiyyən razı deyiləm. Bunu demək ən azı savadsızlıqdır. Mən o qədər bakılı tanıyıram ki, heç öz məhəlləsini normal saxlaya bilmir.
Mənim hörmət etdiyim Bakının 21-ci meri Əliş Ləmbəranski qarabağlı idi, amma Bakını dəli kimi sevirdi. Bir tərəfdən baxanda mən də şəhərimi dəli kimi sevirəm, amma lap dərinə getsək, mən də bakılı deyiləm. Mən Bakıda anadan olmuşam, özümü bakılı sayıram. Mən Bakının meri həm də ona görə ola bilmərəm ki, mən o işi bacarmaram və bacarmadığım işə mən heç vaxt getmərəm. Bu, ən böyük günahlardan biridir.
Bakı merinin seçki yolu ilə seçilməsinin tərəfdarıyam. Amma bu vəzifəyə layiqli insanların namizədliyi irəli sürülməlidir. Mer doğrudan da şəhəri içindən bilən olmalıdır. Zənnimcə, mer şəhərsalma memarı olmalıdır. Ən azından o memardırsa, deməli o savadlı insandır, zəngin dünyagörüşü var, dünyagörüşü zəngindirsə, deməli xarici ölkələrdə çox olub və ən azından da xaricdən yeni nəfəs və texnologiyalar gətirəcək və ən azı da ətrafına ağıllı və savadlı insanlardan ibarət komanda yığacaq. Əfssuslar olsun ki, Bakını o günə qoyublar ki, gələcək mer üçün şəhəri düzəltmək çox çətin olacaq.
Bilirsiz, Bakı indi nəyə oxşayır? Elə bil ki, bir insan ömründə heç nə görməyib və əlinə böyük pul düşüb. Həmin adam həmişə böyük arzu ilə yaşayıb ki, qəşəng geyinsin. Amma necə geyinməyi bilmədiyinə görə, evdə bişməyib, qonşudan gəlməyib deyə gedib özünə ən bahalı kostyum alıb – qolları uzun, bir ölçü böyük pencək və iki ölçü böyük şalvar, amma bahalı. Qalstuk və köynək geyinib, amma rəngləri tutuşdura bilməyib. Özü də ağ corab, idman ayaqqabısı geyinib. Başında da beyzbolka. Altdan da ağ mayka geyinib, mayka köynəyin altından görsənir. Əlində də bahalı siqaretdi, onun da kötüyünü yerə atıb. Əynindəki hər şey baha olsa da, amma bilməyib, görməyib deyə yaxşı tutuşdura bilməyib. Bax, Bakı da belədi. Baxırsan, ayrı-ayrı yerlərdə yaraşıqlı binalar tikilib, amma kompleks şəklində onu otuzdura bilməyiblər.

- Siz Avropa Oyunlarının ulduz elçisisiniz. Fikrinizcə, bu oyunlar ölkəmizə nə verəcək?

- İlk Avropa Oyunlarının Bakıda keçiriləcəyinə çox sevinirəm. Birincisi ona görə ki, bu oyunların xeyrini görəcəyik. Mən də görməsəm, inanın mənə mənim övladlarım görəcək. Ən azından Bakıda möhtəşəm stadionlar tikilib. Bu göstəricidir. Artıq biz rahatıq ki, ölkəmizdə bu cür idman tikililəri var. Bu oyunlar televiziya vasitəsilə yayımlanacaq və minlərlə uşaqlarımız o yarışlara baxacaq. Yarışlara baxandan sonra uşaqlar valideynlərindən xahiş edəcəklər ki, onları idman dərnəklərinə yazdırsınlar.

İndi uşaqlığım yadıma düşür. 1986-cı ildə Moskvada “Xoşməramlı oyunlar” keçirilirdi. Mən televizorda həmin yarışlara böyük həzzlə baxırdım. Su oyunlarını xüsusi maraqla izləyirdim. İlk sualtı çəkilişlər göstərilirdi. Yarışlara baxa-baxa batterflyay, sərbəst stil sözlərini ilk dəfə orada eşitdim. Yarışlara baxandan sonra anamın yanına qaçıb dedim ki, ki, məni də üzgüçülüyə yazdırsın. İndiyə qədər yadımdadır, anam mənim əlimdən tutub “Burevestnik”ə apardı. Təəssüf ki, indi bu basseyn yoxdur. Və mən suya hoppanan kimi üzməyə başladım. O qədər yarışları izləmişdim ki, artıq üzməyi baxa-baxa öyrənmişdim və inanırdım ki, suya girən kimi üzəcəm. Bir neçə il məşq edəndən sonra mən artıq Bakı birinciliyində üzgüçülük üzrə üçüncü yeri tutdum. Diplomum da var. Bu günə kimi mən üzürəm, baxmayaraq ki, vaxt çatmır, amma səhərlər saat 8-dən 9-a kimi üzürəm. Üzməsəm, özümü narahat hiss edirəm.
Bunları ona görə deyirəm ki, mənə inanasınız ki, Avropa Oyunlarını izləyəcək uşaqlarımızın idmana həvəsi artacaq, onlar idmanla məşğul olacaq və gələcəkdə gəlirimiz o olacaq ki, biz sağlam millət olacağıq. Millət sağlam olandan sonra bir sıra sahələr qabağa gedəcək. Bu oyunların bizə lazım olmadığını demək düzgün deyil. İnanın mənə ki, lazımdır. Bəli çətindir, problemlər var. Onlar da həllini tapacaq. İnşallah bu oyunlar ən yüksək səviyyədə keçiriləcək.

- Siz Avropa Oyunları zamanı Bakının xarici turistlərə layiqli görünməsi üçün bir sıra təkliflər vermisiniz. Necə hesab edirsiniz, şəhərin qeyd etdiyiniz çatışmazlıqları aradan qaldırılacaqmı? Bakıda bu çatışmazlıqlar birdəfəlik həllini tapa biləcək?

- Turistlər o problemlərlə 100% üzləşəcək. İctimai ayaqyolları tikilmədi, şəhərdə demək olar ki, yoxdur. Düzdür, idman komplekslərində bununla bağlı problem olmayacaq, amma şəhərdə bu cür yerlər yoxdur. Olsa da, kafe və restoranlarda var, orada da növbələr olacaq. Bundan başqa, söz verilmişdi ki, bulvarda Wi-Fi zonalar olacaq, o da hələ yoxdu.
Gələcəkdə Wi-Fi zonalarının istifadə mexanizmini fikirləşmək lazımdır ki, ödənişli olsun. Mən ümumiyyətlə ödənişsiz olmasına razı deyiləm. Ödənişsiz olanda insan o əşyanın, xidmətin qədrini bilmir və israfçılığa səbəb olur və ifadəmə görə dönə-dönə üzr istəyirəm insan qoyuna çevrilir. Bir çoxları deyir ki, bir sıra dövlətlərdə kommunal xidmətlər havayıdır. Fikrimcə, bu düzgün deyil, insan işığın, suyun, qazın qədrini bilməlidir. Sadəcə olaraq əmək haqları yüksək olmalıdır ki, insanlar çatdıra bilsin. Lakin qənaət olmalıdır. Hər şey yaxşı olanda insan rahatlanır və heç nə etmək istəmir. Ancaq fikirləşir ki, mənim milyonlarım var, gedim quş vurum, ova, at yarışlarına gedim.
Mənə elə gəlir ki, Azərbaycan millətinə bu yaraşmaz. Biz gərək passionar millət olaq, qarşımıza ən yüksək məqsədlər qoyaq. Necə ki, vaxtilə Üzeyir Hacıbəyov Şərqdə ilk operanı yazmağı qarşısına məqsəd qoymuşdu. Şərqdə bir sıra ilklər bizdə olub. Gələcək illərdə də nə yeni texnologiyalar olacaqsa, biz bir millət kimi gərək qarşımıza belə bir məqsəd qoyaq ki, bunu ilk olaraq biz etməliyik. Həmin ilklərlə bağlı qarşımıza ali məqsədlər qoysaq, inanın, biz həmişə çevik millət olacağıq. Bu günləri əgər bizə desələr ki, kommunal xidmətlər havayı olacaq, biz porsuq kimi oturacayıq. Millət kimi məhv olub gedəcəyik. Bizim qarşımızda həmişə problem olmalıdır, amma sağlam problem.

- Azərbaycanlılara avropalı olmağa nə mane olur?

- Mən sizə açığı deyim ki, mən avropalı olmaq istəməzdim. Mən şərqliyəm və Şərqdə olan mədəniyyəti təmsil etmək istəyirəm. Avropadakı mövcud qayda-qanunların hamısı Quranda var. Avropalılar özləri o qayda-qanunları Şərqdən götürüb özləri üçün adaptasiya ediblər. Bəyəm Quranda yazılıb ki, sən rüşvət götürməlisən? Bu, ən böyük günahlardan biridir. Quranda qayda-qanunların hamısı var, sadəcə biz onlara riayət etmirik və bəşəriyyətin bütün problemlərinin əsas səbəbi Allahsızlıqdır.
Biz Allahsız olmuşuq. Allahı yaddan çıxaran insan qayda-qanunlara riayət etmir, gözləri bağlı olur. Dostoyevskinin sözü ilə desək, əgər Allah yoxdursa, hər şeyə icazə var. Əgər insanın daxilində Allah sevgisi, qorxusu yoxdursa və Allahı tanımırsa, bu insan nə istəsən edə bilər – qadını tutub zorlaya da bilər, oğul atasının başını da kəsə bilər, təyyarəni dağa çırpıb 150 nəfərin həyatına son da qoya bilər. Bunların hamısı Allahsızlıqdan irəli gəlir. Əgər o insanlar – terrorçudan tutmuş cahilə kimi Allahı tanısaydı, Allahın qanunları ilə yaşasaydı, mən dindar nəzərdə tutmuram, o zaman problemlər olmazdı. Belə bir söz var: Bir müsəlman deyir: Gəldim Qərbə İslam gördüm, müsəlman görmədim. Gəldim Şərqə müsəlman gördüm, amma İslam görmədim.
Tum çırtlayıb ətrafı zibbilləmək kimi sadə bir misal çəkim. Tum çırtlayanlar ətraf mühiti zibilləyir, mədəniyyətsizlik edir, milləti biabır edir. Sual verirəm o tum çırtlayan insana: “Sən Allahdan qorxmursan?”. O cavab verəcək: “Nə olub ki?” Deyirəm ki, axı bu yeri sənə Allah yaradıb. Sən Allahın yaratdığı yerə niyə tüfürürsən? Sən bilirsən ki, axirət günündə sual-cavab olanda hətta yer belə danışmağa başlayacaq?

- Cəmiyyətimizdə mənəviyyatla bağlı vəziyyəti necə qiymətləndirərdiniz?

- Bütün mənəviyyatsızlıqlar Allahsızlıqdan irəli gəlir. Bir də mən kütləvi informasiya vasitələrini günahlandırıram. Təəssüf ki, kütləvi informasiya vasitələri kriminal xəbərləri düzgün işıqlandırmır. Fikrimcə, kriminal xəbərlər efirə verilməməlidir. Mən niyə görə hərdən sovet ittifaqını xoşlayıram? O vaxtlar kriminal var idi, amma sovet xalqı onu bilmirdi və beyni rahat idi. Hüquq-mühafizə orqanları kriminal hadisə baş verəndə onu dərhal yerindəcə aradan qaldırırdı, əsəblərimiz də sakit olurdu. Mən bir aydır ki, televizora baxmıram. Nə qədər başkəsmə, zorlama, partlayış olar? Niyə onları işıqlandırıb mənim əsəblərimi korlayırsız?.
Bu yaxınlarda Tovuzda dörd oğlanın bir qızı zorlaması haqqında məlumatlar yayıldı. Bu informasiya nəyə lazımdır? Yaxşı olardı ki, xəbər verərdilər ki, məsələn, Tovuzda bir yaxşı riyaziyyat müəllimi var, 4 nəfəri hazırlayıb və onlar 700 balla universitetə daxil olublar. Bu yaxşı informasiyanı ver, mən də sevinim ki, rayonda nə yaxşı müəllimimiz var. Əgər doğrudan da 4 oğlan qızı zorlayıbsa, gəlin onların çox-çox üzr istəyirəm, o işi gördükləri alətlərini kəsək və asaq onları. Mən bunun tərəfdarıyam. Rayon mərkəzində onları assınlar və xalqın arasında olan başdan xarablara dərs olsun. ....Məktəblərdə mənəviyyatdan dərslər keçirilməlidir. Ailədə də uşaqlara düzgün tərbiyə vermək lazımdır. Bir çox ailələrdə uşaqlara böyüklər olan yerdə danışmağı qadağan edirlər. Qoy danışsınlar. Mən ailəmdə hər hansı bir məsələni qoyanda oğlum və qızımın da fikirlərini öyrənirəm.

- Biz niyə kitab oxumuruq?

- Həyat rəngarəng olub və əyləncələr çoxalıb. 50 il bundan qabaq əyləncə çox deyildi. İnsanlar evə gəlib şam işığında mütaliə edirdi. Kitab oxumaq ən əsas əyləncə idi. Oxuyan onsuz da oxuyur. Bakıda kitab dükanları varsa, deməli kitaba tələbat var, insanlar kitab oxuyur. Düzdür, sovet vaxtındakı kimi kitab oxumaq kütləvi deyil.

- Niyə bizim insanların əksəriyyəti qara geyinir?

- Kasıbçılıqdan. Daxili kasıbçılıqdan. Mən dəfələrlə qeyd etmişəm ki, məktəblərdə rəssamlıq tədris olunmalıdır. Uşaqlar şəkil çəkməyi öyrənməlidir. Şəkil çəkə bilən insan heç vaxt qara ya boz geyinməyəcək, çünki o, rəngləri bilir. Mən hərdən sual verirəm ki, məgər Allah-Təala azərbaycanlılar üçün yalnız qara rəng fikirləşib? Milyon rəng var. Məktəblərdə uşaqlar ən azı həftədə 2 dəfə şəkil çəksələr, onlar gələcəkdə rəngarəng geyinəcək, zövqlü olacaqlar. Mən Tbilisiyə gedəndə ürəyim açılır. Son vaxtlar onlar kasıblaşıblar, amma onların geyimlərinə baxanda elə bil Avropanın mərkəzinə düşmüşəm. Keçmiş sovet ittifaqında gürcülər kimi düzgün geyinən ikinci millət tanımıram. Ucuz geyinsələr də, düzgün geyinirlər. Halbuki gürcülərlə bizim rəssamları müqayisə edəndə bizim rəssamlar onlardan daha yüksək səviyyədədirlər. Onların nə Tahir Salahovu, nə Sakit Məmmədovu, nə də Mikayıl Abdullayevi var. Onların rəssamlarını bizim rəssamlar ciblərində gəzdirər.
Amma bizdə məmurlara baxsan, əyinlərində 15 min manatlıq kostyum, 500 manatlıq qalstuk, 3 min manatlıq ayaqqabıdır. Amma corabından artıq bilirsən ki, ya da pencəyininin qolunun uzun olmasından başa düşürsən ki, düzgün geyinə bilmir. Televiziya aparıcıları da düzgün geyinmirlər. Ona görə ki, stilistləri yoxdur və onlar da məktəbdə rəssamlıq keçməyiblər.

- Sovet Bakısı və müstəqil Azərbaycanın paytaxtı Bakı - əsas fərq nədir?

- Təmizlik və paklıq. Söhbət təkcə şəhərdən getmir. İnsanların təmizliyi və paklığı. Biz onu qoruya bilmədik. Şəhər ikinci növbədə memarlığı ilə gözəldir, amma birinci növbədə isə bu şəhərdə yaşayan insanlarla. Şəhəri şəhər edən insanlardır, memarlıq deyil. Biz olimpya stadionları, möhtəşəm Alov qüllələri tikə bilərik. İnsanların mədəniyyəti yoxdursa, bunların hamısı itib batır, heç kəsə lazım olmur.
Bakı qabaq möhtəşəm olmasa da, insanların paklığı, təmizliyi, şərəfi, qeyrəti vardı. Qabaq Bakıda qadağan olunmuş hərəkətlər vardı. Əvvəllər Bakıda atmaq söhbəti yox idi. Kiminsə kimisə atması mümkün deyildi. Bu, Bakıya sonradan gəldi. Sovetin vaxtında 5-10 manat borc götürəndə bilirdin ki, ya ayın 5 ya da 20-də - avans və maaş günü qaytarılacaq. Sovet Bakısında fahişəlik yox idi. Olsa da tək-tük hallarda eşidirdik ki, haradasa fahişə var. O fahişənin nə valideynlərinə, nə də qardaşlarına əl uzadıb salamlaşardılar.
Əfssuslar olsun ki, şəhər mühitinə uyğunlaşa bilməyənlər var. Onları da başa salan olmayıb. Hamısı təhsilə, maarifləndirməyə bağlanır. Elə müəllimlərimiz də yoxdur. Bəlkə də var. Əgər Mikayıl Cabbarov o müəllimləri tapa bilsəydi, müəllimlərin maaşlarını 200 manatdan 2 min manata qaldıra bilsəydi, problemlərimiz olmazdı. Mühitdən də çox şey asılıdır. Məktəbdə mən ən zəif oxuyan uşaq idim. Amma sinfimizdə hamı yaxşı oxuyan savadlı uşaqlar idi. Mən onlarla oxuya-oxuya onlardan nəsə götürürdüm. Basketbol oynayanda bir balaca xaltura etmək istəyəndə, ətrafımda güclü idmançılar var idi deyə mühit məni fomalaşdırdı. Sonra KVN-ə də gələndə ən zəif, ən kiçiyi mən idim. 18 yaşım var idi, o birilərin isə 25-26 yaşları var idi. Mənə elə gəlirdi ki, onlar daha böyükdürlər. Onlardan nəsə öyrənirdim. Onların bildiklərini mən də öyrənirdim.
Sonda dua etmək istəyirəm ki, Allah bizim milləti qorusun, saxlasın. Allah cahillərimizə hidayət versin və kim işsizdir onlara iş nəsib etsin, kişilərimiz işləsin və evə çörək aparsınlar. Kimin evində xəstə varsa, Allah şəfayət versin. Əsgərlik çəkənlər sağ-salamat evlərinə qayıtsınlar. Gələcəkdə millətimiz rəvan, xoşbəxt günlər görsün, yalnız sevsinlər, sevilsinlər. Müdrik bir millət olaq. Biz azıq - 9 milyonuq. Biz istəsək, problemlərimizi maksimum 3-4 ilə həll edə bilərik. Sadəcə problem ondadır ki, biz bunu istəmirik. Allah amanında!.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *