Putin Qarabağda əmr verə bilməz » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Şahmat

Putin Qarabağda əmr verə bilməz

Putin Qarabağda əmr verə bilməz


Dünyaca məşhur şahmatçı, ictimai xadim, BMT-nin sülhməramlı səfiri hazırda Dövlət Dumasının İqtisadi Siyasət, İnnovativ İnkişaf və Sahibkarlıq Komitəsi sədrinin birinci müavini Anatoli Karpov virtualaz.org saytına müsahibə verib.

ANS PRESS həmin müsahibəni sizə təqdim edir.

-Söhbətimizə təbii ki, sanksiyalardan və Rusiya ilə Qərb arasındakı yeni qarşıdurmadan başlayaq. Rusiya hara gedir? Belə fikirlər var ki, Rusiya SSRİ-ni diriltməyə hazırlaşır. O da deyilir ki, Moskva rusların imperiya instinktlərini oyatmağa çalışır. Siz necə hesab edirsiniz?

-Bəlkə sualı belə qoyaq: ölkə yox, dünya hara gedir? Dünya bu il BMT-nin yaranmasının 70 illiyini qeyd edir, beynəlxalq hüquq sistemi isə bizim gözümüz önündəcə dağılır. Beynəlxalq sazişlər praktiki olaraq həyata keçirilmir. NATO Şərqə doğru irəliləyir. Dünya iqtisadi böhranı problemi də çox ciddi məsələ kimi qalmaqdadır. Avropa ölkələrində işsizliyin səviyyəsi artır. Bu göstərici artıq 28 faiz və daha yüksəkdir. İstehsalın mərkəzinin Cənub-Şərqi Asiyaya keçməsi ilə bağlı problemlər yaranır...

Dünyanı bürüyən daha çox problemləri sadalamaq olar. Gərginliyin mənbəyi də elə bu qeyri-sabit vəziyyət və böyük iqtisadi fəlakətlərdir. Qarşıdurmalar və münaqişəli vəziyyətlər buradan doğur. Mən belə düşünmürəm ki, bütün bunların baiskarı məhz Rusiyadır. Mən həmişə belə hesab etmişəm ki, iqtisadi əlaqələr pozulmamalıdır.

Azərbaycana baxsaq, sizin ölkəniz neft-qaz amili hesabına daha əlverişli vəziyyətdədir. Sizin ölkəyə tələbat və ehtiyac var. Digər ölkələrə baxanda Azərbaycan köhnə iqtisadi əlaqələr sisteminə o qədər də sıx bağlı deyil. İndi artıq məlum olur ki, iqtisadi münasibətləri qaydaya və sahmana salmaq və Avropa bazarlarına çıxmaq yeni dövlətlərdən ötrü çox çətindir. Məsələn, keçmiş sovet ölkələri böyük məmnuniyyətlə satış bazarlarına çıxardılar. Lakin qapılarını onların üzünə açmağa və iqtisadi əməkdaşlıq təklif etməyə hazırlaşanlar o qədər də çox deyil. Bu, əvvəldən də bəlli idi. Çünki iqtisadiyyatı yenidən qurmaq və sənayeni yeni relslərin üzərinə çıxarmaq çox çətin məsələdir. Biz öz məkanımızda sanki bir-birimizə əks yolla gedirik. Avropalılar birləşəndə biz ayrıldıq. Onlar ayrılmağa başlayanda isə biz birləşirik. Bu, bizim ən böyük problemimizdir.

Ukraynaya baxaq. Orada baş verənlər böyük fəlakətdir, bədbəxtlikdir. Bu, humanitar fəlakətdir. Çünki orada günahsız, dinc insanlar ölür. Onların niyə həlak olduğunu heç kim bilmir. Bu, dəlilikdir, ağlını itirməkdir. Bu vəziyyətin yaranmasına nə səbəb oldu, bu prosesləri qızışdırdı? Dil haqqında qanunun qəbulu.

Lakin sizə deyim ki, belə şeylər təkcə bizim məkanda baş vermir. 1979-cu ildə Monreal şəhərində beynəlxalq turnirdə iştirak edərkən Kanadada belə hadisənin şahidi olmuşam. Onda Kanadanın gələcəyinə dair referendumu böyük təəccüb hissi ilə qarşılamışdım. Ölkənin fransızdilli hissəsi - Kvebek və Monreal ayrılmağa çalışırdı. Mən insanların ingilis dilindəki cədvəlləri necə cırdığını görürdüm. Və bütün bunlar beynəlmiləl şəhər olan Monrealda baş verirdi. Bu şəhərdə ən müxtəlif millətlərdən olan insanlar - fransızdillilər, ingilisdillilər, hətta rusdillilər yaşayırdı. Orada sovet yəhudilərinin böyük koloniyası var. Əgər parçalanmanın əleyhinə səs vermiş SSRİ-dən və digər Şərqi Avropa ölkələrindən olan yüz minlərlə yəhudi mühacir olmasaydı, Kanada hələ 1979-cu ildə dağılacaqdı.

Əslində belə problemlər olmamalıdır. Axı biz orta əsrlər dövründə yox, sivil dünyada yaşayırıq. Buna baxmayaraq belə problemlər hər yerdə yaranır. Əlbəttə, mən ona tərəfdaram ki, başqa ölkələrdə yaşayan insanlar həmin ölkənin dilində danışsınlar. Amma bunu başa düşmürəm: insanların rus dilində təhsil almaq hüququnu onların əlindən almaq nəyə lazımdır?

-Bakı isə istisnadır. Bizdə elə deyil. Bizim paytaxtı əvvəlki kimi rusdilli şəhər saymaq olar. Rus dili yüz minlərlə insan üçün doğma dildir...

-Bu, çox gözəldir. Bu, kimə mane olur? Əksinə, rus dili problemləri aradan qaldırmaq və münasibətlər yaratmaq üçün bir vasitədir.

-AnataliKarpov sovet intellektual elitasının ən parlaq nümayəndələrindən biridir. Siz təkcə Monrealdakı hadisələrin yox, həm də SSRİ ilə Qərbin qlobal qarşıdurmasının şahidisiniz. SSRİ-nin süqutu və dağılması gözlərimiz önündə baş verdi. SSRİ Qərblə geosiyasi və sivil qarşıdurmaya dözüb duruş gətirə bilmədi. Necə düşünürsünüz, indiki Rusiya yeni “soyuq müharibə”yə dözə, ayaq üstə qala biləcəkmi?

-Əgər ölkə daxildən güclüdürsə, onu yıxmaq mümkün deyil. Özü də bu halda təkcə Rusiyanı yox, heç balaca ölkələri də yıxmaq mümkün deyil. Mən hələ iqtisadiyyat fakültəsinin tələbəsi olanda müəllimlərə belə xoşagəlməz sual verirdim: biz niyə hamıya kömək edirik, öz əhalimizin vəziyyətini yaxşılaşdırmaq daha yaxşı olmazdımı? Lakin o zaman ideya var idi - öz ideologiyanı dünyanın ən müxtəlif guşələrinə çatdırmaq, onu yaymaq. Lakin sonradan məlum oldu ki, biz öz ideologiyamızı heç kimə çatdıra bilmədik. Sadəcə olaraq iqtisadi şərtlər dəyişdi və onlar da siyasətə diktə etməyə başladı.

Bugünkü Rusiyada heç vaxt rast gəlinməyən bir həmrəyliyi, birliyi müşahidə etmək mümkündür. Bütün ictimai-siyasi təşkilatlar ölkənin xarici siyasət kursunun ətrafında birləşib. Ən azı SSRİ-nin dağılmağa başladığı vaxtdan bəri belə şey görməmişəm.

Sanksiyalara gəlincə isə insanlar onlardan əlbəttə ki, əziyyət çəkir. Lakin gəlin başqa bir sualı da verək: sanksiyalardan kim daha çox əziyyət çəkir və kim daha dözümlüdür? Avropa buna dözə biləcəkmi? Axı sanksiyalardan hamı, o cümlədən ABŞ özü də əziyyət çəkir. Adi nümunə deyim. Vaşinqton “Sberbank”ı sanksiyalar siyahısına saldı. Bəli, “Sberbank”ın qiymətli kağızları dərhal 30 faiz ucuzlaşdı. Amma “Sberbank” sanksiyaya məruz qalana qədər ən etibarlı maliyyə təsisatı idi. ABŞ-ın Pensiya Fondu bu bankın qiymətli kağızlarını 10 milyard dollara almışdı. Həmin Pensiya Fondu bu “qara siyahı”dakıbircə sətirə görə bir saat, bəlkə də bir dəqiqə ərzində 3 milyard dollara yaxın pul itirdi.

Bilirsinizmi, mən Avropada daha çox nəyə təəccüblənirəm?!Senzuraya. Orada adamların ağzını yumurlar. Amerika haqda isə heç danışmağa da dəyməz. Yüksək səviyyəli qərarların qəbulu zamanı orada həmişə senzura olub. ABŞ KİV-ləri dövlət maraqları baxımından vacib sayılan qərarların əleyhinə çıxış edə bilmir. Lakin məni son illər Avropa daha çox heyrətləndirir. Avropa ölkələrində tez-tez oluram. Orada senzuranın güclənməsi məni heyrətə salır. Orada KİV-lər haradansa yuxarıdan gələn göstərişlə işləməyə başlayıblar. Təkrar edirəm, bu, məni - təxminən 50 ildir Avropaya gedib-gələn bir adamı mat qoyur. Avropaya ilk səfərim 1966-cı ildə olub. Onda İsveçə getmişdim. Bu 50 ildə belə şey görməmişdim.

-Bu, Avropanın qürubudur. Avropa dəyərlərinin ucuzlaşması, mənəvi dəyərlərin süqutudur...

-Tamamilə doğrudur. Mənə elə gəlir ki, onlar nəsə düz yolla getmirlər.

-Buna baxmayaraq HarriKasparov köçüb Qərbə getdi. İndi yazır ki, Rusiyada yaşamaq təhlükəlidir...

-İndi harada yaşamaq təhlükəli deyil ki?! (gülür)

-Beynəlxalq hüquq sisteminin iflasa uğradığını çox düzgün qeyd etdiniz. Buna ən parlaq nümunə Qarabağ münaqişəsi ətrafındakı vəziyyətdir. BMT Təhlükəsizlik Şurası Qarabağa dair 4 qətnamə qəbul edib, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb olunur, amma mexanizm yoxdur, işləmir. Azərbaycanın 7 rayonu hələ də işğal altındadır. Nə etmək lazımdır?

-Bildiyiniz kimi, mən Beynəlxalq Sülh Fondları Assosiasiyasının prezidentiyəm. Bir zamanlar - Qarabağ müharibəsinin ən qızğın vaxtlarında biz atəşkəsə nail olunmasında fəal iştirak etmişik. Moskvada konfrans keçirib atəşkəsə çağırdıq. Ondan sonra barışıqla nəticələnən danışıqlar başladı. Heç olmasa hərbi əməliyyatları dayandırmağa nail olduq.

-Amma hərbi əməliyyatlar son günlər yenə qızışıb. Erməni tərəfi yeni təxribatlara əl atır, insanlar ölür...

-Nə danışırsınız? Yox, mən bunu bilmirdim. Belə çıxır ki, müharibə davam edir. Bu, çox pisdir. Bu münaqişənin başa çatmasını istəyərdik.

-Bəs Rusiya bu münaqişənin ədalətli şəkildə həlli üçün nə edə bilər?

-Rusiya Qarabağda əmr verə bilməz. Rusiya köhnə əyyama qayıtmağa hazırlaşmır. Biz sizin ölkələrlə qarşılıqlı faydalı əsaslara söykənən iqtisadi əlaqələri inkişaf etdirməyə çalışırıq. Gömrük İttifaqı yaradılıb. Digər ölkələr bu ittifaqa niyə qoşulmasın? Bu yaxınlarda Moldovada idim. Avropa İttifaqında Moldovaya yer yoxdur. Təzəlikcə Bolqarıstanda da olmuşam, Avropada heç ona da yer yoxdur.

Bu gün tamamilə aydındır ki, bu ölkələrin vəziyyəti çox ağırdır. Bolqarıstan Avropa İttifaqına daxil oldu. Ona dərhal istehsal limiti qoyuldu. Bolqarıstan indən belə öz məşhur bibərini və meyvələrini yetişdirə bilməz, daha doğrusu, onları yalnız daxili bazar üçün yetişdirə bilər. Moldovada da eyni vəziyyətdir. Doğrudur, Moldovanı indi yemləyirlər, ona qrantlar verirlər. Lakin Moldova Aİ-yə üzv olan kimi buna da son qoyulacaq. Onu da Bolqarıstan və Rumıniyanın aqibəti gözləyir. Avropada Moldova məhsullarına qətiyyən ehtiyac yoxdur. Bu məhsullara yalnız məhz Rusiyada ehtiyac var. Ona görə deyirəm ki, iqtisadiyyat bizim münasibətlərimizdə aparıcı rol oynayacaq.

Rusiyanın hərbi münaqişələrdəki roluna gəlincə isə bizim üçün ən əsas məsələ hərbi əməliyyatların qarşısını almaqdır, müharibəni dayandırmaqdır. Tərəflər ağıllı kompromisə nail olmalıdır. Əlbəttə, əgər özləri bunu istəyirlərsə, bunda maraqlıdırlarsa...

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *