Azərbaycanda daşınan mobil nömrələrin sayı açıqlandı
Tənzimləmə fəaliyyəti istiqamətində işlər hesabat dövründə də davam etdirilib. Mobil nömrə daşınması xidməti üzrə cari ilin 9 ayı ərzində 11 548 ədəd mobil nömrə daşınıb ki, bunlardan 6 650-si “Bakcell” MMC-nin şəbəkəsinə olub.
Oxu.Az-ın mincom.gov.az-a istinadən xəbərinə görə, daşınmanın effektivliyinin daha da artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir.
Hesabat dövründə telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi, o cümlədən arabağlantı münasibətlərində yaranan mübahisələrin “Telekommunikasiya haqqında” qanuna, RYTN (Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) tərəfindən hazırlanmış arabağlantı şərtlərinə, həmçinin arabağlantı müqavilələrinə uyğun həll edilməsi üçün tədbirlər davam etdirilib.
Mobil cihazların qeydiyyat sisteminin fəaliyyəti davam etdirilib və 9 ay ərzində 540 281 telefon cihazın İMEİ kodları bu sistem vasitəsilə qeydiyyata alınıb.
Həmçinin 9 ay ərzində dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 4 dövlət informasiya ehtiyatı və 16 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınıb. Nəticədə qeydiyyata alınmış informasiya ehtiyatlarının sayı 82-yə, informasiya sistemlərinin sayı isə 169-a çatıb.
Mənbə:> Oxu.Az