Barışmaq məqsədi ilə hamilə arvadını bıçaqlayan şəxsin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində Məhəmməd Əliyevin (1984-cü il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az xəbər verir ki, bu il aprelin 16-da Suraxanı rayonunun Tağıyev küçəsində Məhəmməd Əliyev qeyri-rəsmi yaşadığı və həmin vaxt hamilə olan Ayşən Gülüşova (1992-ci il təv.) ilə mübahisə edib və əsəblərini cilovlaya bilməyərək yoldaşına açılıb-qatlanan bıçaqla xəsarətlər yetirib. Qadın yerə yıxıldıqdan sonra, Məhəmməd Əliyev intihar etmək məqsədi ilə özünə də həmin alətlə xəsarət endirib.
Səs-küyə gələn qonşular təcili tibbi yardıma zəng edərək, məlumat veriblər və hər ikisi 3 saylı şəhər xəstəxanasına çatdırılmaqla, əməliyyat olunub. Sağalandan sonra Əliyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Məhkəmə prosesində M.Əliyev ittiham üzrə özünü qismən təqsirli hesab edərək, ifadəsində Ayşən Gülüşovanı qorxutmaq niyyəti ilə vurduğunu bildirib.
“Bir neçə aydır ki, ayrılmışdıq, bacısının evində qalırdı, məqsədim yalnız barışmaq idi. Evə girdim, nə qədər yalvarsam da, mənimlə barışmayacağını dedi, ona görə hövsələdən çıxdım. Bıçağı çıxardıb onu vurdum, Ayşənin yıxıldığını görüb, qorxdum və qaçdım. Hamilə olduğunu bilirdim”.
Zərərçəkən Ayşən Gülüşova ifadəsində təqsirləndirilən şəxsdən şikayəti olmadığını və onu bağışladığını bildirib. “Məhəmməd çox qısqanc idi, heç yerdə işləmirdi. O birinci arvadından boşanmadığından, biz nikaha girə bilməmişdik. Həmin hadisədən 3 ay əvvəl ayrılmışdıq, o gün 8 yaşlı bacım oğlu Əliağa məktəbdən gəlmişdi.
Yemək hazırladığım vaxt, qaz birdən-birə kəsildi, ona görə qapıdan çölə çıxdım ki, bəlkə ümumi xətdən kəsilib. Qapıda Məhəmmədi gördükdə niyə gəldiyini soruşdum və qapını örtmək istədim. lakin o içəri daxil olaraq, mənimlə barışmaq istədiyini dedi. Mən onun təklifini rədd etdim, gözlənilmədən Məhəmməd cibindən bıçaq çıxardaraq başıma və boğazıma zərbələr vurub. Səs-küyə Əliağa dəhlizə çıxıb və baş verənləri görüb, məndən qan axdığını görən Məhəmməd ardınca özünə də xəsarət yetirib”.
Dövlət ittihamçısı Ayşən Gülüşovanın istintaqda və məhkəmədə verdiyi ifadələrində ziddiyyət olduğunu qeyd edərək, onu sorğu-sual edib.
Zərərçəkən istintaq dövründə hamilə və həyəcanlı olduğundan, nə danışdığını bilmədiyini deyib. O, artıq təqsirləndirilən şəxslə barışdıqlarını və övladı olduğunu bildirib.
Proses davam edir.
Mənbə:> Oxu.Az