Zığda keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başladı
“Özümü günahkar hesab etmirəm, çünki buna səbəblər var”.
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Elşən Mehdiyevin (1989-cu il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Oxu.Az xəbər verir ki, ötən il dekabrın 12-də Suraxanı rayonu ərazisində “Zığ bağları” adlanan yaşayış məntəqəsində Elşən Mehdiyev keçmiş həyat yoldaşı İntima Salmanovanı (1992-ci il təv.) qətlə yetirib və hadisədən sonra Suraxanı RPİ 30-cu polis bölməsinə gedərək, könüllü təslim olub. O, cinayəti qısqanclıq zəminində törətdiyini və qadının yüngül həyat tərzi keçirdiyini bildirib.
İstintaqın gedişatında məlum olub ki, Elşən Mehdiyevlə İntima Salmanova bir müddət əvvəl boşanıblar və qadın 5 yaşlı oğlu ilə ayrı yaşayıb. Ayın 12-də isə Mehdiyevin təklifi ilə onlar görüşərək, “Zığ bağları” massivindəki kimsəsiz evlərdən birinə gediblər və orada Elşənlə İntima arasında şəxsi münasibətlərin aydınlaşdırılması zəminində mübahisə baş verib. Qəsdən öldürmək məqsədi ilə Mehdiyev Salmanovanın döş və qarın nahiyələrinə bıçaq zərbələri vurub. O, qadının öldüyünü zənn edərək, hadisə yerini tərk edib. Lakin ağır yaralanan qadın sürünərək küçəyə çıxıb. İntimanın ölmədiyini görən Elşən geri qayıdıb və elə evin qarşısında qadını boğub.
İlk iclasda dövlət ittihamçısı ittiham aktını elan edib. Elşən Mehdiyev ona qarşı verilən ittihamlar üzrə özünü təqsirli hesab etməyib: “Özümü günahkar hesab etmirəm, çünki buna səbəblər var”.
Məhkəmə prosesi qeyri-müəyyən müddətə qədər təxirə salınıb.
Mənbə:> Oxu.Az