NİİM-dən TƏKLİFLƏR: Tıxaclarla müharibə – FOTO
Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra təkliflər hazırlayıb.
NİİM-dən Oxu.Az-a daxil olan məlumata görə, Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yeni inşa edilmiş yeraltı keçidin giriş və çıxış hissələrində yerləşən dairələrdə işıq qaytarıcıların olmaması əsasən axşam saatlarında, sürücülərin dairələri lazımi məsafədən görməsində problemlər yaradır, bu da qeyd olunan ərazidə bir sıra təhlükələr yaratmaqdadır.
Qeyd olunanları nəzərə alaraq, Müzəffər Nərimanov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində, yeni inşa edilmiş yeraltı keçidin giriş və çıxış hissələrində yerləşən dairələrin sxemdə göstərildiyi qaydada işıq qaytarıcılarla rənglənməsi təklif olunur.
Babək prospektində, yolötürücünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri (Babək prospekti kənar yol və Bəkir Çobanzadə küçəsi istiqamətinə doğru hərəkət etmək istəyən nəqliyyat vasitələri) yolötürücünün sonuna kimi hərəkət edib, Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurlar ki, nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində tıxac və qəza halları baş verir.
Yolötürücünün alt hissəsində nəqliyyat vasitələrinin sağa dönməklə, sxemdə göstərildiyi qaydada B.Çobanzadə küçəsinə çıxışının təşkil edilməsi və sağa doğru manevr edən nəqliyyat vasitələrinin sağdan gələn nəqliyyat vasitələrini aydın görə bilməsi məqsədilə yolun birləşmə hissəsində yol güzgüsü yerləşdirilməsi təklif edilir.
Y. Səfərov küçəsində isə geriyə dönmənin daha səlis təşkil olunması məqsədilə genişləndirilmənin təşkil edilməsi təklif olunur.
Mənbə:> Oxu.Az