Bakı 2024-cü il Olimpiadasına namizədlikdən imtina etdi
Paris, Roma, Budapeşt, Los-anceles və Hamburq 2024-cü ilin Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizədlər siyahısına daxil olublar.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti bildirib.
Olimpiya Oyunları-2024-ün keçirilməsi üçün ərizələrin qəbulu sentyabrın 16-da başa çatıb.
2016-cı ilin aprel-may aylarında Beynəlxalq Olimpiya Komitəsi yarışların keçirilməsinə namizəd olan şəhərlərin yekun sayını təsdiqləyəcək. Oyunların keçiriləcəyi yer barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi 2017-ci ildə verəcək.
Beynəlxalq Olimpiya Komitəsi Olimpiada-2024-ün təşkilat komitəsi üçün 1,7 milyard dollar vəsait ayıracaq.
Daha öncə yarışların keçirilməsi üçün mübarizədən Boston və Toronto imtina edib.
Qeyd edək ki, Azərbaycan Olimpiya oyunları 2024-ün keçirilməsi üçün müraciət etmək niyyətində idi. Gənclər və İdman naziri Azad Rəhimov bəyan etmişdi ki, iri idman tədbirlərinin keçirlməsi özü-özlüyündə Olimpə gedən yoldur.
“Bizim sentyabrın 15-nə qədər zamanımız var. Qərar hələlik yoxdur”, - nazir əlavə edib.
Mənbə:> Oxu.Az