"Rəhmətlik" Nanə, utanmayan Könül, Elzanın 20 yaş gənc sevgilisi və… – HƏFTƏBECƏR
AzNews.info 7news.az-a istinadən jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i təqdim edir.
İndiyə kimi layihəmizin heç bir sponsoru olmayıb. Ona görə də tənqid olunası nə varsa, hamısını açıq demişəm. Amma bu həftə məcburam ki, sponsor adı çəkim. Datakartımın vaxtı qurtardığına görə, qonşu İbrahim kişinin uşaqlarına müraciət eləməli oldum. Buradan təşəkkürümü bildirirəm və salamlarımı çatdırıram. Görürsünüz, sonra manısları qınayırıq ki, ay belə, ay elə. Sponsorsuz iş keçmir də.
Bir məsələni də qeyd edim, keçək təzə xəbərlərə. Layihəmizin sonuncu sayı (Əməkdar artistin porno videosu, 2 minlik "tumuş", bir milyonluq Bilal Əliyev) 30 minə yaxın oxunub. Mən bunu heç də yazının keyfiyyəti ilə əlaqələndirməzdim. Onsuz da, pis yaxşı, həmişə bacardığımızı yazmağa çalışırıq. Bütün günahlar başlıqdakı "porno" sözündədi. Deməli, camaatımız hələ də ən "istiqanlı" statusunu saxlamaqdadır.
Geridə qalan həftə şou aləmi üçün İlhamə Quliyeva ilə Elza Seyidcahan arasında baş verənlərlə yadda qaldı. Elza Seyidcahan deyib ki, deputat olmaq istəyirəm. İlhamə xanım da deyib ki, get, ağlını başına yığ, meymunluq eləmə. Əməkdar artist də deyib ki, özüm bilərəm. Nəysə, söhbət çox uzanıb. Axırda İlhamə Quliyeva deyib ki, sənə bazarkomlar sponsorluq edir, maşınının "baqaj"ını kartof soğanla doldururlar. Nəzərə alsaq ki, İlhamə xanımın çox güclü söz ehtiyatı var, bu kartof-soğan söhbətini bir neçə istiqamətə yozmaq olar. Ardınca da İlhamə xanım deyib ki, özündən 20 yaş cavan oğlanla oturub durursan. Nəysə, bax belə bir durum yaranıb. İndi şoudan yazan jurnalistlər həmin cavan oğlanın axtarışına çıxıblar.
"Eurovision" qalibimiz Nigar Camalın son vaxtlar elədiyi fotosessiyalar çox xoşuma gəlir. Düzdür, hiss edirəm ki, Rəqsanənin elədiklərini təkrarlamağa çalışır. Məsələn, yataqdan fotolar paylaşır, nə bilim açıq-saçıq şəkillərini xalqa göstərir. Elə məhz buna görə Nigar Camalın addımlarını təqdir edirəm. İndi deyəcəksiniz ki, bu niyə açıq-saçıqlığı təbliğ edir? Amma Rəqsanənin yataq fotolarına baxıb hürkməkdənsə, Nigar Camalın açıq fotolarına baxmaq daha yaxşıdır da. O gün bir tanış uşağın dodağı uçuqlamışdı. Soruşdum, dedi ki, bəs filankəsin şəkillərinə baxandan sonra belə olub.
Çoxdandır aparıcı Xoşqədəm Hidayətqızı barədə yazmırdım. Camaat soruşanda da deyirdim ki, qorxuram, ona görə xanım teleaparıcı barədə yazmaqdan imtina etmişəm. Amma o gün "Sən tək deyilsən" verilişində əfsanəvi sənətkarımız Habil Əliyevə görə tökdüyü göz yaşları vadar etdi ki, bir daha Xoşqədəm mövzusuna müraciət edim. Heç ağlınıza gələrdimi ki, Habil Əliyev Xoşqədəmin ən yaxın dostu imiş? Hətta hər verilişdən sonra zəng vurub iradlarını, fikirlərini bildirirmiş.
"Onun ölüm xəbərini aldığım andan böyük sarsıntı, ürək ağrısı keçirmişəm. Onun ölümü mənə çox təsir edib. Elə bilirəm ki, atamı itirmişəm".
Elə bu sözləri deyəndən sonra aparıcının halıb pisləşib, qəşş eləyib ürəyi gedib. Deyib ki, efirə ara verin. İndi deyəcəklərimin Baxşəliyevaya birbaşa aidiyyəti yoxdur. Amma bizim mətbuat da, televiziya da reytinq üçün ölünü "diriltməyə" də qadirdir. Sabah efirdə desələr ki, Maykl Ceksonu "Sahil" metrosu tərəfdəki türk dönərxanasında görüblər, təəccüblənmərəm.
Müğənni Könül Kərimova yeni mahnıları pisləyib, deyib ki, həmkarları düzgün seçim etmirlər, nə gəldi oxuyurlar. Adam o boyda muğam ustadı Arif Babayevdən dərs alıb, insafən gül kimi də səsi var, amma manıs janrında mahnılar oxuyur, hələ bir camaata məsləhət də verir. Burada deyirlər ki, utanmasan oynamağa nə var?
Dünən gecə aparıcı Nanənin ölüm xəbəri yayıldı. Biri dedi ki, ölüb, biri dedi piardı, o biri dedi reklamdı. ATV isə bildirdi ki, belə bir söhbət yoxdur. Əldə etdiyim son məlumata görə, elə birinci variant imiş. Allah rəhmət eləsin!/milli
Mənbə:> 7news.az