Əlilliyi olan insanların intim dünyası
Orxan Adıgözəl
Bu haqda bir neçə dəfə yazmışam. Yenə də yazmağa ehtiyac var.
Keçən dəfə reabilitasiya mərkəzində olanda həkimim gülə-gülə mənə evlənməyi məsləhət gördü. Əslində çox yaxşı başa düşürdüm ki, nəyə görə o, bu sözü gülə-gülə deyir.
Xarici ölkələrdə olanda həkimin konsultasiyası zamanı açıq şəkildə mənim kimi əlilliyi olan pasiyentlərə başa salırlar ki, “seks sizin sağlamlığınız üçün olduqca xeyirlidir”. Mənim həkimim dolayı yolla buna işarə edirdi.
Hələ nə yaxşı, deyib. Əksər həkimlərimiz heç dolayı yolla da demir belə şeyləri. Anlamadığım odur ki, sağlamlıq naminə tibbdə ayıb anlayışı olmadığı halda həkimlərimiz niyə vacib olan bu məsləhəti bizdən əsirgəyirlər?!
Görəsən, mentalitet deyilən nəsnəyə görədir, yoxsa həkimlərimizin savadsızlığından?! Faktlar onu göstərir ki, savadsızlıqdan.
Elə olmasa, millət hər xəstəliyə görə İrana getməzdi ki... Mentalitet isə çoxdan təhrif olunub.
Seks əlilliyi olan insanlar üçün önəmlidir. Bu, bir dərəcəli əlilliyi olan insanın sıxıntıları və stressini aradan götürür. Ürək, qan-damar sistemini normaya salır.
Qıcolmalara çox yaxşı təsir edir. Və ən əsası, sinirlərin oyanmasına səbəb olur. Bir sözlə, əlilliyi olan şəxsə seks fizioterapiya qədər önəmlidir.
Almaniya istehsalı olan "Die Zeit, die man Leben nennt" (Bu həyat sənin üçündür) filmindəki bir səhnə barədə yazmaq istəyirəm. Gənc pianoçu Lukanı beynəlxalq müsabiqənin qalibiyyəti günü avtomobil vurur və o, ömürlük əlil arabasında oturmalı olur.
Luka reabilitasiya mərkəzində müalicə aldığı zaman Roderik adında əlil arabasından istifadə edən bir oğlanla tanış olur ki, həmin oğlan ona depressiyadan çıxmağa kömək edir.
Lukaya əsas stimul verən gecə klubunda tanış olduğu xanımla möhtəşəm gecə keçirməyi oldu. Məhz həmin gecəki intim yaxınlıqdan sonra onda həm psixoloji, həm də fiziki vəziyyət müsbətə doğru dəyişməyə başlayır.
Təəssüf ki, ölkəmizdə əlilliyi olan insanlara heç də yaxşı münasibət yoxdur. Sosial-iqdisadi, ağır durum onlara lap pis təsir edir. Əlilliyi olan insana 120-130 manat pensiya-müavinat ayıran hökumət hələ onlara “iş qabiliyyətini itirmiş” etiketini də yapışdırır.
Sanki insanın əlilliyi onun fiziki durumunu məhdudlaşdırmaqla bərabər ağlını da məhdudlaşdırır. Təbii ki, bu belə deyil.
Əgər bu gün Almaniya kimi dünyanın ən inkişaf etmiş ölkələrindən birinin maliyyə naziri əlil arabası istifadəçisidirsə, niyə bizim ölkədə yarım milyondan çox insana “qabiliyyətsiz” deyilməlidir?
Bir az haşiyəyə çıxdım. Qüsuruma baxmayın. Deməli, əlilliyi olan insanlara təkcə hökumət deyil, hökuməti bəyənməyən cəmiyyətin bir çox hissəsi də eyni özgə münasibətlə yanaşır.
Ənənəvi olaraq küçədə, ictimai yerlərdə əlilliyi olan insan görərkən qulaq çəkmələr, dilənçi zənn edilib, pul uzatmalar, yazıq və axmaq baxışları ilə əlilliyi olan insanları rahatsız etməkdən əlavə, hələ onların ailə həyatı qurmaqlarına və intim həyatlarına da dırnaq arası və ironiya ilə yanaşırlar.
Bir dəfə Facebook-da bir xanım mənim "inbox"-uma yazmışdı ki, o, əlilliyi olan bir oğlanı sevir və onunla ailə həyatı qurmaq istəyir. Amma tərəddüd içindədir.
Həm özü bu barədə bilgisizdir və oğlandan da soruşmağa utanır ki, onun intim həyatı qaydasındadırmı? Onun uşağı ola bilərmi? Çünki oğlan on illərdir əlil arabasından istifadə edir, yeriyə bilmir.
Xanıma yazdım ki, onun fiziki məhdudiyyəti, həmin şəxsin seksual həyatını çox da məhdudlaşdırmır. Bunu şəxsi və digər təcrübələrdən də bilirəm. Bir çox əlilliyi olan tanışım var ki, onların çox rəngarəng intim dünyası var.
Azərbaycanlıların dərd etdiyi “şikəstlə evlənmə, uşağınız olmayacaq” ifadəsinin real həyatda tam əksini görmüşəm. Əlilliyi olan şəxslər ailə həyatı qurandan sonra övlad sahibi olublar.
Hətta ailələrinə bizə “şikəst”deyib, təhqir edən bir çoxundan daha yaxşı baxıblar. Həmin ailələr qarşılıqlı anlayış, bir-birini tamamlama və ən əsası mənəvi sevgi ilə xoşbəxtliyi bu gün də dadmaqdadırlar.
"Hasta La Vista" - adlı film barədə də bir neçə kəlimə yazım. 20-22 yaşlarında olan üç fiziki məhdudiyyətli gənc oğlan bu yaşlarına kimi hələ bakirdirlər.
Şərab turu bəhanəsiylə evlərindən qaçır, İspaniyaya doğru yola çıxırlar. Məqsədləri də şərabdan çox ilk cinsi təcrübələrini yaşamaqdır.
Biri yarı görmə əngəlli, digəri əlil arabasından istifadə edən, üçüncüsü də boyundan aşağısı iflic olan üç gənc oğlan "Olduğun Kimi Gəl" adlı İspaniyadakı bir fahişəxanaya getmək üzrə səyahətə çıxan və həqiqətən iflic bir insanın gerçək hekayəsindən ilhamlanaraq yaradılmış filmdə həmin gənclərin intim dünyası ekranlaşdırılıb.
Bilirsiniz, bu flimlərdən niyə misal çəkirəm? Çünki sivil qərb ölkələri əlilliyi olan insanların bir çox problemini çözüb. Onların cəmiyyətdə qarşılaşdıqları bir çox əngəllər çözülüb.
Belə problemlər də məhz həmin filmlərin köməyi ilə artıq tarixə çevirilir. Onlar indi də həmin şəxslərin intim həyatını yeni flimlərdə qabardaraq, onların zamanla çözülməsinə vasitəçilik edirlər.
Ey riyakarcasına mentalitetə bürünüb, dəyərləri çoxdan dəyərsiz edən kütlə, əmin olun ki, əlilliyi olan insanların da intim həyatı mövcuddur və onlar da fiziki məhdudiyyətlərinə baxmayaraq, uşaq sahibi ola bilirlər.
Bir az oxuyub maariflənsəniz, yaxşı olar. Bir çoxunuzun İnternetə girmək imkanı var. Axtarın-araşdırın. Başqasının da yerinə özünüzü qoymağa çalışın.
Mənbə:> Azadlıq Radiosu