“Like” epidemiyası
Turan Babayev
Təbii ki, hamı təvazökar olmaya bilər. Amma vallah, hər şeyin bir əndazəsi var. Bir az intellekti olan, ömründə bir dəfə də olsun, açıb kitab oxuyan bir şəxs yaxşı bilir ki, özünü bəyənmək, təkəbbürlük heç vaxt yaxşı qəbul edilməyib və edilə də bilməz. Bu dünyanın hər yerində belədir.
Amma sosial şəbəkələr insanların içindəki və bəlkə də illərdir gizlətməyə çalışdığı “özünü bəyənmişlik” sindromunu elə açıq ortaya çıxarıb ki...
Mətləbə keçməzdən əvvəl bir haşiyəyə çıxım. “Horror movies” (qorxulu filmlər) industriyasında yeni üslub kimi qiymətləndirilən “Unfriend” (Dostluqdan çıxarmaq) filmi çox bu baxımdan aktualdır. Verilən mesaj odur ki, sosial şəbəkələr insana bir şəxsiyyət qazandırsa da, qısa müddətdə dostları düşmən çevirməyə və ya insanı çox asanlıqla təkəbbür girdabına sürükləməyə qadirdir.
Müşahidə etdiyim və yaxın dostlarımın danışdığı bir-iki məqamı paylaşım, siz də agah olun. Ola bilər kimlərinsə ürəyincə olmayacaq, amma a dostlar, yazdığınız bəsit bir statusu və ya paylaşdığınız ən primitiv formadakı şəkli özünüzün bəyənməsi nə anlama gəlir? Bu özünü bəyənmişliyin, eoqizmin virtual təzahürü deyil təsadüfən?
Təxminən belə bir şey: “Əvvələr filan restoranda xidmət belə deyildi, indi harınlayıblar daha müştəriyə fikri verən yoxdur.” Yaxşı, başa düşdük. Səninlə həmfikir olanlar da var, olmayanlar da. Bəs yaxşı, 2 dəqiqə əvvəl yazdığın o cümləni özün niyə bəyənmisən?
Bir gündə 20 dəfə paylaşılan, demək olar ki, bir-birindən fərqlənməyən standart pozaları əhatə edən şəkillər. Baxırsan ki, 2 nəfər bəyənir. Biri özüdür. Çox güman, o biri də özünün ikinci profildir.
Söhbət “like” müharibəsindən gedir. Bunu nə zaman yəqinləşdirdim? “Inbox”a gələn mesajlardan və sosial şəbəkədə aktiv olan bəzi dostlarımdan. Neçə dəfə olub ki, virtual “dost”lardan məktub gəlib ki, bəs “mən sizin bütün statuslarınızı bəyənirəm, bəs siz niyə mənimkiləri bəyənnmirsiz?”
Bir yaxın dostum isə daha qeyri-adi bir personajın məktubu qarşısında aciz qalıb. Yazıb ki, “bu vaxta qədər sizin bütün şəkillərinizi bəyənmişəm, statuslarınıza rəy bildirmişəm. Amma siz mənə reaksiya vermirsiniz. Ona görə də bütün “like”larımı geri alıram, rəylərimi də silirəm. Bağışlayın narahat etdim. Uğurlar”. Bu yenə yaxşıdır, heç olmasa uğur zad arzulayıb.
Bu yaxınlarda bir nəfər dostluq göndərmişdi. Infosuna baxdım. “Vəhşicəsinə like eləyirəm” yazılmışdı. Mən də qorxumdan qəbul etmədim. Tanıyanlar bilir, vəhşilikdən uzaq adamam.
Bir məsələni də təəssüflə qeyd etməliyəm. Real həyatda tanıdığım, görüşəndə adamı öpüb qucaqlayan bir neçə nəfər olub ki, bir də baxmışam, dostluqdan çıxarıb məni. Səbəbini artıq anladız yəqin: bunun statuslarını bəyənməmişəm. Neynək, zorla gözəllik olmur onsuz da. Bizimki də belə gətirdi.
Zarafat bir yana. Amma bu “like”laşmaq insanlar arasında qarşısıalınmaz bir nifaq yaradıb. Epidemiya kimi yayılır. Çalışın yoluxmayasız. İllərin dostu, həmkarı yolda üz-üzə gələndə bir-birinizi görməzlikdən gəlməyəsiz, yolunuzu dəyişməyəsiz. Ayıbdır vallah.
Ola bilər, indi təvazökarlığa qiymət verən yoxdur, özünü bəyənənləri başqaları da bəyənir. Amma yenə də, siz siz olun, təkəbbürdən uzaq qaçın.
Mənbə:> Qafqazinfo.az