Xəzər dənizində balıqların kütləvi məhvi
Xəzər dənizində balıqların kütləvi məhvi havanın anomal yüksək temperaturu ilə əlaqədardır.
Oxu.Az xəbər verir ki, RİA “Daqestan”a bu barədə Rusiya balıqçılıq Qərbi Xəzər ərazi idarəsinin Mahaçqala rayonlararası şöbəsinin rəisi Ənvər Zahidov bildirib.
Onun sözlərinə görə, Respublika Veterinariya Komitəsinin əməkdaşları tərəfindən ayrı-ayrı balıqlar tədqiq edilib.
“Balıqlarda hər hansı parazit xəstəlik və infeksiya aşkar edilməyib. Anomal istilərdən başqa, balıqlarda oksigen çatışmazlığı da onların məhvinə səbəb kimi göstərilir”, - o bildirib.
Rusiya balıqçılıq respublika idarəsinin fikrincə, narahatlığa səbəb yoxdur. Xəzər dənizinin dibində bu qəbildən olan ölü balıq axını hər il və əsasən yay aylarında müşahidə edilir.
Daha öncə də xəbər verildiyi kimi baş verənlərə səbəb versiyası kimi Xəzər dənizində bu yaxınlarda keçirilən hərbi-dəniz təlimləri də göstərilmişdi.
İctimaiyyət Xəzər dənizinə milyard kubmetrlərlə axıdılan çirkab sularını da baş verənlərə səbəb kimi istisna etmir.
Mənbə:> Oxu.Az