“Qəbələ” rəsmisi "Apollon"la görüşdəki qalmaqaldan danışdı – FOTO
“Azarkeşlər penalti epizoduna etiraz edirdilər”. ANS PRES xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında “Qəbələ” İdman Klubunun Media və Marketinq üzrə meneceri Səməd Nəsibov deyib.
“Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında Kiprdə “Apollon”la qarşılaşıb. 14-cü dəqiqədə məğlub duruma düşməsinə baxmayaraq, təmsilçimiz matçın sonlarında bərabərlik qolunu vurublar. Hakimin əsas vaxtda əlavə etdiyi dəqiqələrdə Cavid Hüseynov 11 metrlik zərbədən maksimum yararlanıb – 1:1.
Amma penalti epizodunda meydanda qalmaqal yaranıb. Nəsibovun sözlərinə görə, yerli azarkeşlər ukraynalı baş hakim Sergey Boykonun qərarı ilə razılaşmaq istəməyiblər: “Azarkeşlər meydana butulka atmağa başladılar.
Bu səbəbdən hakim paltardəyişmə otağına yollandı. Az sonra isə meydana çıxıb əlavə olunmuş dəqiqə davam etdi. Paltardəyişmə otağına gedən yolda baş verən qalmaqala gəlincə, bunun bizim futbolçularla əlaqəsi yoxdu. Bildiyim qədərilə hakimə də hansısa təzyiq olmadı”.
Mənbə:> ANSPRESS