Zirə sakinlərinə şad xəbər – FOTO
Xəzər rayonu Zirə qəsəbəsinin içməli su təchizatı yenidən qurulur.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən bildirilib.
Qurumun məlumatına görə, qəsəbədə əhalinin içməli su təchizatını yaxşılaşdırmaq məsədilə su mənbəyi Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral xətti nəzərdə tutulub.
“Magistral kəmərdən götürüləcək su hazırda inşası davam etdirilən və tutumu 10 min kubmetr olan Zirə su anbarına ötürüləcək”-deyə, ASC qeyd edib.
“Azərsu” bildirib ki, anbar istismara verildikdən sonra yalnız Zirə qəsəbəsi deyil, Türkan, Dübəndi, Gürgən, Pirallahı qəsəbələri də bu sudan istifadə edə biləcək.
Qeyd edək ki, 11 min nəfər əhalisi olan Zirə qəsəbəsində mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Bu səbəbdən əhali əsasən quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır.
Onu da əlavə edək ki, tikinti işləri yekunlaşdıqdan sonra yeni şəbəkə vasitəsi ilə içməli suyun verilməsinə başlanılacaq.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli