Xızıda meşədə baş verən yanğın söndürüldü
İyulun 28-də Xızı rayonunun Dizəvər yaylağında başlamış, sonradan meşə fondu torpaqlarına keçmiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının ciddi səyləri nəticəsində lokallaşdırılıb.
ETSN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğın yaylaqda geniş ərazini əhatə etdiyindən və hava şəraitinin küləkli olmasından söndürülməsində çətinliklər yaranıb və meşə fondu torpaqlarına keçib.
Ərazi yüksək dağ massivində, dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranıb.
Yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən əsasən əl əməyindən və helikopterin köməyindən istifadə edilib.
"Ümumiyyətlə, bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın, közərtilər də daxil olmaqla 2 hektara yaxın meşə fondu torpaqlarını əhatə edib və nəticədə quru ot və kol örtüyü yanıb.
Meşə işçilərinin, ümumilikdə ETSN və FHN əməkdaşlarının fədakarlığı, şücaəti və ciddi səyləri ilə ağaclara ciddi ziyan dəyməyib, çətin şəraitdə əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlərlə ağac örtüyü mühafizə edilib. Hazırda közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğınla əlaqədar ETSN-in müvafiq qurumları fövqəladə iş rejiminə keçib və Nazirliyin 150 nəfərə yaxın əməkdaşı, o cümlədən müvafiq departament rəhbərləri və işçi qüvvəsi dünəndən ərazidədir", - deyə məlumatda bildirilir.
Mənbə:> Oxu.Az