Ordumuz qələbə çalandan sonra
Qarabağ məsələsi bir neçə nəsil üçün dondurulmalıdır.
ANS PRESS-in məlumatına görə, bunu rusiyalı siyasətçi, “Sağ Qüvvələr İttifaqı”nın prezidenti Leonid Qozman bildirir. Onun fikrincə, möhkəm sülh hər iki tərəfin onu doğru və ədalətli sayması ilə mümkündür.
Almaniyanı nümunə göstərən Leonid Qozman Birinci Dünya müharibəsində İngiltərə və Fransa tərəfindən Berlinə qarşı göstərilən sərt münasibəti xatırladıb. “Bununla da revanşistlər üçün yol açıldı - 15 ildən sonra Almaniyada Hitler hakimiyyətə gəldi və daha sonra dəhşətli İkinci Dünya müharibəsi başladı”.
Qozmanın fikrincə, münaqişə tərəflərdən birinin tam xeyrinə həll edilərsə, Qarabağda da bu, baş verə bilər. “Tutaq ki, Azərbaycan ordusu ermənilərə qələbə çaldı. Bu, o deməkdir ki, münaqişə dərinə basdırılacaq və 20-30 ildən yeni qüvvə ilə püskürəcək. Əgər erməni ordusu Azərbaycan ordusuna qələbə çalarsa da, elə olacaq. Buna görə də elə anlaşma olmalıdır ki, münaqişənin bütün tərəfləri özünü qələbə çalmış saysın”, - deyə Qozman vurğulayıb.
Əslində, rus siyasətçi Azərbaycanın uzun illər təklif etdiyi variantın gələcəkdə Ermənistan üçün də məqbul olacağını vurğulayır. Hazırda Ermənistanda işğal edilmiş Azərbaycan ərazilərini “azad edilmiş torpaqlar” adlandırırlar və nəinki Dağlıq Qarabağı, onun ətrafındakı əraziləri də türklərdən azad edilmiş qədim erməni əraziləri sayırlar. Buna görə də guya “qanla aldıqları torpaqları” geri verməyəcəklərini deyirlər. Onların fikrincə, Azərbaycan mütləq işğal amili ilə razılaşmalıdır, əks halda sülh müqaviləsi ola bilməz.
Amma bu siyasət Ermənistanı faciəyə sürükləyir. Azərbaycanla və Türkiyə ilə sərhədləri bağlanmış Ermənistan səfalət içindədir və əhali bu ölkəni tərk etməkdədir. Hazırda Ermənistanda real əhali sayı 2 dəfə azalaraq, 2 milyona düşür. Buna görə də, artıq sadə insanlar Dağlıq Qarabağın işğalının Ermənistan üçün faciə yaratdığını anlayırlar. Zaman gələcək və yeni nəsillər Dağlıq Qarabağın Azərbaycan tərkibində ən yüksək muxtariyyət variantını ən məqbul sayacaqlar və hər iki tərəfi qane edən sülh sazişi imzalanacaq.
Mənbə:> ANSPRESS