Bakıdan Serjə sərt cavab
“Avropa və dünya dəyərləri əsasında xalqların öz müqəddəratını müəyyən etməsinin alternativi olmadığını deyən Ermənistan rəhbərliyinə xatırlatmaq istərdik ki, mahiyyətinə varmadan onun tərəfindən iddia edilən bu dəyərlərdə qanlı etnik təmizləmə, işğal və təcavüzün törədilməsi nəzərdə tutulmur”.
Bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Avronest”in İrəvanda keçirilən plenar iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyanın söylədiklərini şərh edərkən bildirib.
Hikmət Hacıyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də dəstəkləndiyi kimi, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra Azərbaycanın sərhədləri daxilində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icması öz müqəddəratını müəyyən edə bilər: “Münaqişənin kompleks həllinin yeganə yolu yalnız bundan ibarətdir. Bundan kənar münaqişənin həllini düşünmək xülya və obyektiv reallıqdan tamamilə uzaqdır”.
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, “sülh”dən danışan və ATƏT Minsk Qrupunun fəaliyyətini öz başa düşdüyü kimi təfsir edən Ermənistan rəhbərliyi ATƏT Minsk Qrupunun israrlı çağırışlarına baxmayaraq, ölkəsinin müxtəlif bəhanələrlə böyük sülh sazişi üzərində işə başlamaqdan yayındığına aydınlıq gətirməsi daha məqsədəuyğun olardı.
“Ermənistan tərəfi nəhayət bu reallıqla hesablaşmalıdır ki, işğal və təcavüz nəticəsində yaranmış status kvonun “fait accompli” prinsipi əsasında münaqişənin həlli kimi təqdim edilməsi beynəlxalq ictimaiyyət tərəfindən heç vaxt qəbul edilə bilməz”, deyə Hikmət Hacıyev qeyd edib.
Mənbə:> ANSPRESS