Erməni bloger Bakıya gəldi və Qarabağa yollandı
Şəbəkədə Vlad Maqa kimi tanınan və 154 min nəfər abunəçisi olan bloger Azərbaycanda olub və onun videohesabatını başqa bloger – Aleksdandr Lapşin yayımlayıb. Xatırladaq ki, Lapşin işğal olunmuş Dağlıq Qarabağa Azərbaycan hakimiyyətinin icazəsi olmadan səfər etmişdi. Lapşinlə bağlı əhvalat Azərbaycanda hamıya bəllidir – onu Belarusda dövlətlərarası sazişə uyğun olaraq saxlayıb ekstradisiya etmişdilər.
Əfv edildikdən sonra Aleksandr Lapşin qızğın anti-Azərbaycan təbliğatına başlamışdı. Sonradan ABŞ-a və Avropa ölkələrinə səfərlər edərək, erməni diasporunun hesabına pul qazanmışdı.
İndi isə o, bloger Vlad Maqanın “piar”ına başlayıb. Qeyd edək ki, sonuncunun erməni köklərinin mövcudluğu məlum olub və Azərbaycana turist kimi avtostopla gəlib.
Vlad Maqa “Dağıstandan Azərbaycana təkbaşına. Erməni Bakıda” adlı videoçarx çəkib və həmin videoda dəfələrlə təkrarlayır ki, Azərbaycanda insanlar rus dilini bilmir. Qəribə olanı isə odur ki, onu hər yerdə yediriblər, gediş-gəlişinə kömək ediblər, gecələməyə yer veriblər...
Blogerin hiddətləndiyi isə o olub ki, hər yerdə ondan sənəd tələb ediblər. Yaxşı, bəs İranla həmsərhəd zonaya yollanarkən onun istəyi nə idi? Onu nə orada, nə Gəncədə saxlamayıblar. Gəncədə bloger keçmişdə ermənilərin yaşadıqları evləri axtarırmış. Bununla birgə, Vlad Maqa yerli sakinləri aşkar şəkildə təxribata çəkmək istəyib.
Hazırda Aleksandr Lapşin yeni blogerin Azərbaycan XİN-in “qara siyahı”sına düşəcəyini proqnozlaşdırır. Tamamilə mümkündür, amma Vlad Maqanın Azərbaycana səfərinə görə yox. Ona görə ki, buradan o, Ermənistana və “DQR”ə yollanıb. Bu barədə də “təsadüfən” Lapşin məlumat yayıb.
Mənbə:> Virtualaz.org