Xankəndindən olan erməni jurnalist yazır – LAPŞİN OYNAYIB QURTARDI
Xankəndində yaşayan erməni jurnalist, ictimai xadim və ssenarist Janna Krikorova blogger Aleksandr Lapşini tənqid edib.
Virtualaz.org-un erməni KİV-nə istinadən məlumatına görə, Y.Krikorova həmçinin bildirib ki, Ermənistan tərəfi də bloggerin ekstradisiyasını tələb edə bilərdi.
"Aleksandr Lapşin Dağlıq Qarabağda o yerlərə baş çəkib ki, həmin ərazilər hərbi zona hesab olunur. O ərazilərdə nəinki şəkil çəkilməsi, hətta adi insanların ora getməsi də yasaqdır. Lapşin isə bütün bunlar haqqında açıq-aşkar yazırdı. Əgər o bunları yazmasaydı, ittiham edilməz və ekstradisiya olunmazdı.
Lapşin Qarabağın ünvanına da yaxşı heç nə yazmayıb. Əksinə, bütün onun yol qeydləri - lazımsız təfərrüatlardır. Məsələn, mehmanxananın hansı nömrəsində nə qədər milçək var və s. bu kimi mövzulardan ibarətdir. Bu qədər xırda müzakirələr lazım deyil. Bu jurnalistika deyil, iddialardır. Guya bu sərt jurnalistdir, bloggerdir, hər şeyi bacarır. Prinsipcə, Lapşın oynayıb qurtardı. Ermənistan tərəfi də həmçinin, Lapşının ekstradisiyasını tələb edə bilərdi. Çünki o Dağlıq Qarabağa girişin qaydalarını pozmuşdu".
Mənbə:> Virtualaz.org