Prokuror Lapşinə 6 il 6 ay həbs cəzası istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan bloger Aleksandr Lapşinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.
Prosesdə dövlət ittihamçısı Nəsir Bayramov çıxış edərək bildirib ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli sübuta yetirilib. Dövlət ittiahçısı Lapşinin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi iyulun 19-da davam edəcək.
Lapşinin həbsi ilə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, müxtəlif dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.
Lapşin özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Aleksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.
A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına məlumatlar təqdim olunub. Belarus Baş Prokurorluğu 2017-ci il yanvarın 17-də Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.
A.Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırlşlar) və 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.
Mənbə:> Virtualaz.org