Təmas xəttindən müxtəlif foto və videolar yayılır – VİDEO
Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdən foto və video yayanlara müraciət ünvanlayıb. Düz edib, amma bir az gecikib. Bəlkə bir az da şərait yaradıb. Düz edib - o mənada ki, paylaşılan o şəkil, videolar düşmən kəşfiyyatına işləyir. Gecikib, çünki paylaşan paylaşıb və hələ də müraciətdən nəticə çıxarıb silməyiblər.
Düzdü nazirlik bir qədər humanist yanaşıb, bu insanları ön cəbhəyə buraxıb, müharibədir, əsgər görməlidir ki, arxasında xalq dayanıb, başqaları da hərbi forma geyinməyə hazırdılar, ruh qaldırmaq üçün Qarabağ şikəstəsi də oxunmalıdır. Amma ön cəbhəyə müğənnilər xatirə şəkli çəkdirməyə gedirsə və ya müğənni Xatirə şəkil çəkdirməyə gedirsə, onlara bəzi məhdudiyyətlər tətbiq etmək olardı.
Ən azından çəkiliş vasitələri müsadirə oluna bilərdi. Odur ki, müğənni "Lələtəpə"dən çəkdirdiyi şəkli özünü piar, fərqi yoxdu vətənpərvərlik üçün edirsə, günahı yarı bölmək lazımdır. Axı hamı bilir ki, sıfır nöqtəsində yalnız hərbçilər olmalıdır, ora heç MN-də akkreditasiyadan keçən jurnalistləri də bəzi hallarda buraxmırlar. Bəs, səngərdə sıravi vətəndaşın nə işi var? Bu da başqa bir toyxana dəstəsi. Diqqət yetirin.. adam konkret orientrləri işarə verir.
Adam açıq şəkildə deyir ki, buyurun, sayın, tankları, topu, topxananı, silahları, mövqeləri, səngəri, kimin harada durduğunu, silahı hara tuşladığını... Çəkdiklərindən çəkdiyimizi çəkdik, indi yazdıqlarına baxın. Yalnış xəbər, yalnış təsəvvür yaradırlar. Biri yazır ki, getdim Talış kəndinə. Talış kəndi bizdə deyil! Özünə Əjdəha deyənin biri paylaşır ki, biz getdiyimiz yerə hər oğul ürək eləyib getmir. Sən getdiyin yolları çoxdan gediblər axı. Şəhidlərin, igidlərin əməyi niyə kölgədə qalmalıdır?
Tək müğənnilərlə, iş bitmir, yüksəkliklər alınandan mollasından tutmuş müğənnisinə, millətin adi vətəndaşından millətin vəkilinə qədər hamı səngərdə şəkil çəkdirir, video paylaşır. Əsgər də bilmir xidmətini aparsın, yoxsa, gəlib gedənə izah versin.
Arada da çaşıb hərbi salamı generala yox, qardaşına verir! Müdafiə Nazirliyi sonuncu müraciətini bu ayın 23-ü edib, döyüşlərin qızğın vaxtı - aprelin əvvəlində də etmişdi, ötən il iyun-avqust döyüş toqquşmalarında da etmişdi. Hərbi texnikanın haradan gəlib, hara getdiyini, üstündəki nömrələri verməyin deyə.
Görünür hər dəfə müraciəti yeniləmək lazım gəlir. Çünki son müraciətə riayət edən olmadı. Şəkillər yerində, videolar da Youtube-da. Tanınmışlar cəbhədə ya "Lələtəpə"də yazın görün İlahi təpədə nə qədər material çıxır. Müəlliflər arasında hərbçilərimiz də var.
Zabitlər əllərində İphone gəzir, panarama edir, Qarabağ şikəstəsindən feyziyab olur. Bunun nə qədər təhlükəli olduğunu, Bakıda hiss edirlər, təmas nöqtəsində yox, məsələn mən Milli Məclisə daxil olanda smartfonu tələb edirlər və düz də edirlər. Bu addımı təhlükəsizlik üçün atırlar, bəs bu tələb, bu qadağa ön cəbhədə niyə işləmir?
Bunu da qanı qanımızdan, hərbçiləri özümüz qədər sevdiyimizdən dedik. Müdafiə Nazirliyi müraciətini etdi xoşluqla, görünür, bəziləri ilə xoşluqla deyil, başqa cür danışmaq lazımdı. Məsələn, yoxlamaq olar ki, bu adamlar özü xidmət keçiblər? Yoxsa, sizinlə qanunla danışmalı, dövlət sirri yaymağa görə cinayət işi başlanmalıdırmı?
Mənbə:> ANSPRESS