Azərbaycan KİV-in müharibə xəbərlərində düşmən əsgərinin fotoları: Niyə tirajlayırıq...
Hərbi əməliyyatlar başlayandan etibarən erməni tərəfi təbliğat məqsədilə bəzi xarici KİV nümayəndələrinin Qarabağa - ön cəbhəyə səfərini təşkil etdi. Onların bilavasitə hərbçilərlə təmasına şərait yaradıldı. Beləliklə də, onlardan döyüş əməliyyatları barədə özlərinə sərf edilən formada istifadə edildi. Bu məsələdə Rusiya KİV-ləri xüsusi fərqləndi. Onlar yaramaz erməni döyüşçülərinin çoxlu sayda video və fotosuna yer verdilər.
Sosial şəbəkələrшт Azərbaycan seqmentində şəhidlər və yaralılar haqqında xəbərlər olsa da, rəşadətlə döyüşən əsgərlərimiz barədə yetərli məlumat yoxdur. Bəlkə də elə bu səbəbdən bəzi KİV-lər, hətta aparıcı xəbər agentlikləri belə cəbhə ilə bağlı məlumatlar verərkən internetin axtarış sistemindən götürülmüş şəkillərdən istifadə edirlər. Kor-koranə yüklənmiş şəkillərin arasında mənfur erməni döyüşçülərinin şəkillərinə rast gəlinir. Yəni bilməyərəkdən erməni əsgərlərinin şəkilləri də tirajlanır.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı “Azadlıq radiosu”na açıqlamasında deyib ki, jurnalistlərin birbaşa cəbhə xəttindən məlumatları işıqlandırmasına məhdudiyyət qoyulmayıb. “Nazirliyə bununla bağlı yalnız aprelin 4-dən müraciət edilib. Bütün müraciətlərə müsbət cavab verilib. Təşəbbüs göstərən telekanallar həmin istiqamətə göndərilib. Onlar qoşunların təmas xəttində olan yaşayış məntəqələrində, cəbhə xəttində olublar. Amma xarici mediadan müraciət edən olmayıb”, - deyə V.Dərgahlı əlavə edib.
Media mütəxəssisi Ələsgər Məmmədli bildirir ki, Azərbaycanda bəzən qeyri-peşəkar, ölkəyə zərər verən informasiya yayılır. “Bəlkə də ilk məqamda belə məlumatların ölkənin lehinə olduğunu düşünürlər. Əslində isə, bunlar quraşdırılmış və ordunun imicinə zərər vuran informasiyalardır. Media tərəf olmasa da, obyektiv olmalıdır”, - deyə mütəxəssis qeyd edir.
Ə.Məmmədlinin sözlərinə görə, əgər hansısa xarici, o cümlədən Ermənistan mediası Azərbaycanın lehinə olan müharibə kadrını onun əleyhinə istifadə edirsə və beləliklə də informasiya savaşında Azərbaycanın uduzmasına yol açırsa, bunun da günahını yerli mətbuatda axtarmaq lazımdır. “Azərbaycan mətbuatı üçün hərtərəfli peşəkarlığın inkişafına ehtiyac var”, - deyə Məmmədli əlavə edib.
Hərbi ekspert Üzeyir Cəfərli də cəbhə ilə bağlı xəbərlər hazırlayarkən ehtiyatlı və həssas olmağı məsləhət görür. “İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda verilən məlumatlardan, şəkil və videolardan ölkənin əleyhinə istifadə edilə bilər. Şəkil və video yükləyərkən diqqətli olmaq lazımdır. Mətbuatda, televiziyada maarifləndirici təbliğat aparmaq, jurnalistləri məlumatlandırmaq lazımdır”, - deyə ekspert söyləyir.
Biz isə əlavə edək ki, qatil erməni döyüşçülərinin şəkillərini Azərbaycan əsgəri kimi təqdim etməmək üçün internetdən şəkil yükləyərkən ehtiyatlı olun.
Mənbə:> Virtualaz.org