Könüllülər cəbhə xəttindən geri qaytarılırlar
Ermənistan-Azərbaycan cəbhəsinin hərbi əməliyyatların həyata keçirilən ərazilərinin yaxınlığında polis və hərbi postlar yaradılıb.
Oxu.Az xəbər verir ki, blokpostlar cəbhəyanı ərazidən könüllülərin geri qaytarılması üçün yaradılıb.
Belə ki, Ermənistan işğalından torpaqlarımızın azad edilməsi üçün Silahlı Qüvvələrimizin sıralarına qoşulmaq niyyəti olan könüllülər cəbhəyanı zonaya axın edir, - İnterfaks-Azərbaycan məlumat yayıb.
Könüllülərin axınını şərh edən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı qeyd edib ki, hazırda əlavə qüvvələrin cəlb edilməsinə ehtiyac yoxdur və Azərbaycanın nizamlı ordusu qarşısına qoyulmuş tapşırığın öhdəsindən gəlir.
“Bu qəbildən olan vəziyyət 2014-cü ilin avqust hadislərindən sonra da müşahidə edilmişdi. Silahlı qüvvələr mənəvi dəstəyə görə təşəkkür edib. Hazırda fiziki dəstəyə ehtiyac yoxdur”, - V.Dərgahlı bildirib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin müxtəlif strukturlarına Silahlı Qüvvələrin sıralarına daxil olmaq üçün çoxsaylı müraciətlər daxil olub.
“Müraciətlər Müdafiə Nazirliyinin müxtəlif strukturlarına, o cümlədən də hərbi hissələrə daxil olur. Vətəndaşlar ərazilərin azad edilməsi üçün döyüşlərdə iştirak etmək arzularını bəyan edirlər, Silahlı qüvvələrə hər hansı yardımı göstərməyə hazır olduqlarını bildiriblər”, - V.Dərgahlı bildirib.
O, həmçinin vətəndaşların qrupların, eləcə də cəbhə boyu ərazidə yaşayan yerli sakinlərin erməni dəstələri ilə döyüşlərdə işitrak etmək üçün cəbhəyanı hərbi hissələrə gəldikləri faktını da təsdiqləyib.
Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində, münaqişə zonasında ermənilərin blokpostların yaratdığını və münaqişə zonasını tərk etmək istəyən insanların yolunu kəsdiklərinə dair məlumat yayılıb.
Mənbə:> www.oxu.az