Müdafiə Nazirliyi: Cəbhədə düşmən təxribatları cavabsız qalmayacaq
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışının Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal müsbət qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfi vasitəçilərin sülh təşəbbüslərini həmişəki kimi əks-reaksiya verməklə qarşılayıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyinin “atəşkəs rejiminə Ermənistan sərhədləri daxilində ciddi şəkildə əməl edəcəyi” fikri, faktiki olaraq hazırda işğal altında olan torpaqların ilhaqı kimi qələmə verilməsindən başqa bir şey deyildir.
“Bunu nəzərə alaraq, Müdafiə Nazirliyi beynəlxalq qurumları erməni tərəfinin bu hərəkətinə müvafiq qiymət verməyə çağırır və bildirir ki, Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən vasitələri tətbiq etməklə qoşunların təmas xətti boyu Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması üçün bütün tədbirləri görəcəkdir”.
Mənbə:> Oxu.Az