Qəzet: 7 rayon qayıdır, Laçın dəhlizi ermənilərdə qalır, Naxçıvana yol açılır – İDDİA
“İlham Əliyev Azərbaycanın maksimum tələblərini irəli sürüb”.
Prezidentlərin Paris görüşünün sensasiyalı təfərrüatları; Yelisey Sarayındakı Qarabağ sammitinin ilginc pərdəarxası; Bakının qəfildən gündəmə gətirdiyi Böyük Sülh Sazişi yönündə hazırlıqlara start verilib; Olland-Əliyev-Sərkisyan görüşündə Azərbaycan prezidenti ölkəsinin maksimum tələblərini irəli sürüb; vəziyyətdən Kreml başçısının da xəbəri var...
Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə prezidentlər səviyyəsində baş tutan Qarabağ sammitinin bəzi detalları haqda məlumat vermişik. Yelisey Sarayında iki və çoxtərəfli formatlarda aparılan gərgin müzakirələrin yekununda konkret sənəd, bəyannamə qəbul edilməsə də, siyasi təhlilçilər Paris görüşünün nəticəsiz başa çatdığı qənaətinə gəlməyə də tələsmirlər.
Diqqət çəkən detallardan biri prezidentlərin növbəti görüşünü gələn ilin sentyabrında, BMT Baş Məclisi sessiyası çərçivəsində keçirmək haqda razılıq əldə olunmasıdır. Bu, əlbəttə ki, kifayət qədər böyük zaman kəsiyidir və belə bir zaman kəsiyi Azərbaycan tərəfinin qəfildən (qəfildənmi? - S.Ş.) yada salıb ortaya atdığı Böyük Sülh Sazişi (BSS) üçün münaqişə tərəflərinə ayrılan vaxt mahiyyəti də daşıya bilər, eyni zamanda boşuna da xərclənə bilər.
Ancaq nəzərə alsaq ki, xarici mənbələrin də yazdığı kimi, sammitdəki atmosfer kifayət qədər “isti” olub (“Frans Press”), həmçinin, bu fonda prezident Olland tərəfləri “Minsk Qrupunun müəyyən elədiyi prinsiplər əsasında münaqişənin birdəfəlik həlli yönündə səyləri artırmağı, öz xalqlarını sülhə hazırlamaq üçün siyasi iradə nümayiş etdirməyi, BSS hazırlanmasına başlamağı təklif edib”, habelə amerikalı həmsədr Ceyms Uorlik Fransadakı danışıqları irəliyə doğru mühüm addım sayıb; o zaman vaxt itkisi ilə bağlı nəticə çıxarmaq üçün tələskənliyə dəymir.
Sonuncu qənaəti müstəqil ekspertlərin mülahizələri əhəmiyyətli ölçüdə möhkəmləndirir. Artıq xəbər verildiyi kimi, NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Parisdə bağlı qapılar arxasında Cənubi Qafqaz üçün yeni “Yol xəritəsi”nin təklif edildiyini söyləyib. Onun fikrinə görə, belə bir plandan rus kəşfiyyatı məlumatlı olduğu üçün Ermənistanda Sərkisyanla bağlı mitinqlərə start verilib.
Rusiyalı ekspert, Moskva Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzinin direktoru Andrey Petrov isə Qarabağ danışıqlarındakı Paris raundunu nizamlama tarixindəki ən örtülü danışıqlar kimi qiymətləndirərək deyib ki, prosesin gedişi haqda heç bir informasiyanın olmaması yaxşı işarə də sayıla bilər: “Fikrimcə, ötən müddətdə və prezidentlər səviyyəsində baş tutmuş iki əvvəlki görüşlər çərçivəsində tərəflərin predmetli danışıqlar aparması üçün aktual gündəm artıq formalaşıb. Bütün vasitəçilər, nəhayət, sinxron şəkildə problemin hərtərəfli həllinə kömək üçün hazır olduqlarını bildiriblər. Onların arasında hətta fəallıq uğrunda yarış başlayıb. Bu, o deməkdir ki, avqust ayında özünü dünyaya qanlı şəkildə xatırladan Qarabağ münaqişəsi beynəlxalq birliyin diqqət mərkəzinə gəlib. Bu da o anlama gəlir ki, əsl dialoq üçün bütün şərtlər mövcuddur və məsələ yalnız münaqişə tərəflərinin iradəsinə bağlı qalıb”.
Politoloqun sözlərinə görə, eyni gündə iki və çoxtərəfli görüşlərin keçirilməsi əsasında qənaətə gəlmək olar ki, əvvəlki görüşlərdən fərqli olaraq nəhayət, müəyyən tərəqqi əldə edilib. “Sadəcə, hələlik bizim bunu bilməyimiz tezdir” - əlavə edib ekspert.
Amma deyəsən, bir elə tez də deyil. Mötəbərliyinə güvəndiyimiz informasiyalı qaynağımızdan bizə çatan bilgilərə görə, Paris sammitində BSS ilə bağlı şifahi formada da olsa, prinsipial razılıq, hər halda, əldə olunub. Mənbəmiz görüş iştirakçılarının total susqunluğunu öncəliklə bununla əlaqələndirir. Yəni hesab edilir ki, vaxtından əvvəl, daha doğrusu, konkret və ortaq bir sənəd hazırlanmamış məsələni ictimai fikirdə açıb-ağartmaq, toplumlarda izafi qıcıq yaratmağa ehtiyac yoxdur.
Lakin iddia edilir ki, Qərb özünün müvafiq “beyin mərkəzləri” və sahə mütəxəssisləri ilə ciddi şəkildə işin içindədir. Onların bir qismi hətta Paris müzakirələrinə qatılıb. Prosesə, daha dəqiqi, BSS-nin qarşıdakı 8-9 ay ərzində nail olunması üçün yeni “Yol xəritəsi”nə start verildiyi söylənilir.
Qeyd edildiyi kimi, bundan rəsmi Moskva da xəbərdardır. Ermənistanda anti-Sərkisyan və rusiyayanlı müxalifətin qəflətən fəallaşması bunun mühüm əlamətlərindən sayılır. Lakin bilgilərə görə, Qərb Kremli də prosesə qoşmağa çalışır. Çünki BSS-ni nə ayrılıqda Qərb, nə də Rusiyanın reallaşdıra bilməyəcəyi haqda yəqinlik hasil olub. Ötə yandan, Qərb münaqişə tərəflərindən birinin - Ermənistanın Moskvadan tam asılı olduğunun fərqindədir.
Kremli prosesə qoşulmaqda maraqlı edən isə üç ciddi faktor görünür:
1. Cəbhə xəttindəki avqust olayları göstərdi ki, münaqişə zonasında müharibə hər an qızışa bilər. Bu isə bir çox səbəblərdən Rusiyaya sərfəli deyil (Səbəblər barədə, o sırada iqtisadi tərəfdaş Türkiyə ilə münasibətlərin korlanacağı haqda vaxtaşırı yazmışıq).
2. Rusiya sanksiyaların təzyiqi altında ağır bir dönəm yaşamaqdadır və getdikcə zəifləyir. O üzdən tələsir ki, Qərblə Qarabağ bazarlığına gedib vəziyyətdən müəyyən uduşla çıxsın, zira bilir ki, problemin həllinə kömək eləməsə, bir gün konflikt onsuz da yoluna qoyula bilər.
3. İstənilən sülh anlaşması ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı 3-5-7 rayonun boşaldılmasını nəzərdə tutduğundan (bu yerdə Uorlikin 6 bəndlik təklifini də yada salın), Kreml Avrasiya layihələri ilə bağlı, nəhayət, Bakının razılığını alacağına ümid edir.
Sadalanan üç istiqamət üzrə Qərbin də maraqları xeyli üst-üstə düşür. Ən önəmlisi, onlar Rusiya ilə uzlaşdırıla bilər: iş ondadır ki, Qərb də yaydakı “mini-müharibə”dən özü üçün ciddi nəticə çıxarıb, çünki regionda vazkeçilməz maraqları var. Deməli, rusiyalı politoloqun vurğuladığı kimi, iki güc mərkəzi sinxron şəkildə münaqişənin həllinə girişə bilər. İndi bundan ötrü zəmin heç vaxt olmadığı qədər əlverişli təsiri bağışlayır...
Münaqişə tərəflərinin mövqeyinə gəlincə, Ermənistanın plandan bir elə razı olmadığı deyilir, ona görə ki, işğalçı kimi, ən əvvəl məhz ondan real addım atmaq tələb edilir və ediləcək. Lakin İrəvan Kremlin marioneti olduğundan, onu yola gətirmək üçün Kremlin bircə göz ağartması yetər.
Ermənistanın başqa bir rahatsızlığının isə Azərbaycanın yeni, sensasion sayılacaq şərti ilə əlaqəli olduğu deyilir. “Söhbət ondan gedir ki, Bakı prinsip etibarilə BBS üzərində işə başlamağa etiraz eləmir. Ancaq Olland-Əliyev-Sərkisyan görüşündə Azərbaycan maksimum tələblər irəli sürüb: ilkin mərhələdə 7 rayonun boşaldılması, Laçın dəhlizinin saxlanması qarşılığında isə Mehridən Naxçıvana koridorun (!!!) açılması. Dağlıq Qarabağa isə rəsmi Bakı ənənəvi olaraq ən yüksək status verməyə hazır olduğunu bəyan edib. Bakının bu şərtlərindən Putinin də xəbəri var...” - deyə, iddia edir mənbəmiz.
Ən son bilgilərə əsasən, müzakirələr məhz sadalanan kontekstdə start götürə bilib. Fəqət, onun necə, hansı səmtdə inkişaf tapacağı hələlik məlum deyil.
Proses haqda yeni detallar üzə çıxarsa, onu oxucularımızla mütləq bölüşəcəyik.
Mənbə:> Oxu.Az