Türkiyədə “Xarı bülbül” abidəsi ucaldılacaq
Türkiyənin Bolu şəhərində tikintisi davam etdirilən Qarabağ parkında Dağlıq Qarabağın simvollarından biri olan xarı bülbül gülünə abidə ucaldılacaq.
Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, şəhərin meri Ələddin Yılmaz və Azərbaycanın Milli Məclisinin deputatı Qənirə Paşayeva parkda aparılan işlərlə tanış olublar.
“Qardaşlar həm kədərdə, həm də sevincdə bir yerdə olmalıdırlar. Bu gün Qarabağ Ermənistanın işğalı altındadır. Bu, hər iki ölkə üçün ümumi problemdir. Azərbaycanın ağrısını bölüşürük”, - Ə. Yılmaz deyib.
O həmçinin bildirib ki, 2600 kvadrat metr sahəyə malik parkın ərazisində ucaldılacaq abidənin heykəltəraşı Akif Əsgərovdur. Abidənin hündürlüyü 7 metr, eni isə 4 metr olacaq.
Qənirə Paşayeva öz növbəsində Ələddin Yılmaza təşəkkürünü bildirib.
“Boluda Qarabağın adını daşıyacaq parkın açılması olduqca vacib hadisədir. Qarabağ vətənimizin bir hissəsidir və bu gün o, işğal altındadır. Qarabağ Azərbaycan və Türkiyənin ümumi dəyəridir”, - Q. Paşayeva deyib.
Mənbə:> Oxu.Az