Rusiyalı sərxoş əsgər Gümrüdə qəza törətdi
Keçən gecə Gümrüdə Rusiya hərbi bazasının əsgəri qəza törədib.
Oxu.Az Novosti armenii-ya istinadən xəbər verir ki, məlumata müvafiq olaraq, 27 yaşlı Aleksandr Qalentyev içkili halda öz “Mercedes” markalı avtomobili ilə 3 maşına çırpılıb.
Hərbçi “Gümrü” tibb mərkəzinə yatırılıb.
Tibb mərkəzinin direktor müavini Armen Xaçatryan agentliyin müxbiri ilə söhbətdə bildirib ki, hərbçi ambulator müalicə alaraq xəstəxanadan buraxılıb.
Öz növbəsində əyalət prokuroru Raffi Aslanyan bildirib ki, işlə hərbi polis məşğul olur, materiallar hazırlanır.
Xatırladaq ki, istintaqın ilkin məlumatına əsasən, yanvar ayının 12-də Rusiyanın Ermənistandakı bazasının hərbçisi Valeri Permyakov karaul xidmətini özbaşına tərk edərək silahlı şəhərə yollanıb.
Burada o, evlərin birində avtomatdan açdığı atəşlə Avetisyan ailəsinin yatan altı üzvünü qətlə yetirib və sonradan xəstəxanada dünyasını dəyişən 6 aylıq körpəni isə yaralayıb.
Permyakov hadisə törədilən günü Türkiyə ərazisinə keçməyə cəhd edərkən saxlanılıb. Onu Ermənistan sərhədlərini qoruyan Rusiya sərhədçiləri saxlayıb.
Mənbə:> Oxu.Az